Baydarovun filmi Lokarno Film Festivalının “Qızıl Bəbir” mükafatına namizəddir

 

Rejissor Hilal Baydarovun “Balıqlara xütbə” (Sermon to the Fish) bədii tammetrajlı filmi Lokarno Film Festivalının proqramına “Beynəlxalq müsabiqə” kateqoriyası üzrə daxil edilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə filmin prodüseri Elşən Abbasov məlumat verib.

Elşən Abbasov bildirib ki, Azərbaycan, Meksika, İsveçrə və Türkiyənin birgə istehsalı olan “Balıqlara xütbə” filmi 75-ci Lokarno Film Festivalında “Qızıl Bəbir” mükafatına namizəddir. Film 3500 film arasından seçilmiş 17 ekran işindən biridir. Lokarno Film Festivalı avqustun 3-dən 13-dək keçiriləcək.

Qeyd edək ki, “Balıqlara xütbə” filminin ssenari müəllifi Hilal Baydarov, Aysu Akcan, rejissoru Hilal Baydarovdır. Filmdə Rəna Əsgərova, Orxan İsgəndərli, Hüseyn Nəsirov və digər aktyorlar rol alıblar.

Xatırladaq ki, rejissor Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” filmi İtaliyada keçirilən 77-ci Venesiya Film Festivalında nümayiş olunub. Film müstəqil Azərbaycan kino tarixində ilk dəfə A kateqoriyalı festivalın əsas müsabiqəsində yer alıb. Bundan başqa, “Səpələnmiş ölümlər arasında” bədii filmi “Korkut Ata” (Dədə Qorqud) Türk Dünyası Beynəlxalq Film Festivalının “Ən yaxşı film” nominasiyası üzrə mükafatına layiq görülüb.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.