Bütün dünya üzrə aviadaşıyıcılar və aeroportlar tərəfindən təqdim edilən xidmətlərin keyfiyyəti sahəsində tədqiqatlarla məşğul olan məşhur “SkyTrax” statistika şirkəti (Böyük Britaniya) dünyanın ən yaxşı aeroportlarının siyahısını təqdim edib.
Siyahıda birinci yeri Qətərin Doha şəhərindəki Hamad beynəlxalq aeroportu tutur. “Qatar Airways” aviadaşıyıcısı üçün baza kimi xidmət edən Hamad aeroportu ikinci ildir ki, reytinq siyahısında birinci yerdədir. Hamad aeroportu öz mağazaları və terminallar arasında hərəkət edən rahat qatarı ilə məşhurdur.
Xatırladaq ki, əvvəlki 8 il ərzində reytinq siyahısında birinci yeri Sinqapurun Çanqi limanı tuturdu. İndi Çanqi üçüncü yerdədir. Ekspertlər bu dəfə həmin aeroportun personalını dünyada və Asiyada ən yaxşı personal, oradakı restoranı ən yaxşı restoran, habelə 2-5 milyon sərnişinə xidmət edən ən rahat aeroport kimi qeyd ediblər. Çanqi hava limanı “Singapore Airlines”, “Jetstar Asia Airways”, “Scoot” və “SilkAir” aviadaşıyıcıları üçün hab rolu oynayır.
Siyahıda ikinci yeri Tokionun (Yaponiya) “Dünyada ən təmiz aeroport” və “Asiyada ən yaxşı aeroport” nominasiyalarında qalib gəlmiş Haneda aeroportu tutur.
Liderlərin ilk beşliyini 5-10 milyon sərnişinə xidmət edən ən yaxşı aeroport hesab edilmiş Narita beynəlxalq aeroportu (Yaponiya) və Cənubi Koreyadakı İnçxon beynəlxalq aeroportu qapayır. “Korean Air” üçün baza məntəqəsi rolu oynayan bu aeroport “Thai Airways”, “China Eastern Airlines” və “China Southern Airlines” aviaşirkətlərinin təyyarələrini qəbul edir.
Reytinqdə ikinci beşlik Parisdəki (Fransa) Şarl de Qoll adına aeroportla başlanır. Bu aeroport son bir il ərzində 9 pillə irəliləyərək 15-ci yerdən 6-cı yerə çıxıb. Dünyada ən gərgin işləyən limanlardan biri sayılan bu hava limanı Fransanın “Air France” milli daşıyıcısı üçün habdır.
Yeddinci yeri Almaniyanın Münhen hava limanı tutur. 2021-ci ildən sonra bu liman bir mövqe geriləyib. Mərkəzi Avropada ən yaxşı hava limanı ekspertlərin fikrincə, ən yaxşı otelə malikdir. “Lufthansa” hava xətləri şirkətinin təyyarələri burada saxlanır.
Son bir ildə 9 pillə irəliləmiş İstanbulun yeni aeroportu hazırda 8-ci yeri tutur. Bu il həmin aeroportun layiq görüldüyü mükafatlar arasında “Ən yaxşı ailə aeroportu”, “Ən yaxşı mağaza”, “Cənubi Avropada ən yaxşı hava limanı” və “30-40 milyon sərnişin üçün ən yaxşı aeroport” nominasiyalarını qeyd etmək lazımdır. Liman hələ də genişlənməkdə davam edir. Gözlənildiyinə görə, 2025-ci ildə bu liman sərnişin axınının həcminə görə dünyada ən iri hava limanı olacaq və ildə 200 milyona qədər sərnişinə xidmət edəcək.
Reytinqdə daha bir Avropa hava limanı Sürix (İsveçrə) aeroportudur. Bu liman son bir ildə iki pillə geriləyərək 9-cu yeri tutur. Avropada ən təmiz aeroport hesab edilmiş bu liman “Edelweiss Air” və “Swiss” üçün hab funksiyasını yerinə yetirir.
Siyahıda birinci onluğu daha bir yapon aeroportu – Osaka şəhərində yerləşən Kansay regional hava limanı qapayır.