Zəngəzur mahalının Nüvədi kəndindən Amerikaya uzanan yol… Featured

 

“Ədəbiyyat və incəsənət” portalı “Ən böyük azərbaycanlılar” silsiləsindən bu dəfə sizi  Elman Eldaroğlunun təqdimatında ABŞ-da yaşayan professor Tarıyel Azərtürklə tanış edəcək. Gördüyü işlərin nəhəngliyini görüb həqiqətən təəccüblənəcəksiniz. 

 

Həzrəti Süleymandan sonra Yer kürəsində bütün canlıların dilini bilən hələ ki, ikinci bir kimsə doğulmayıb. Doğrudur, biz həyatda çox dil bilən poliqlotlarla rastlaşmışıq, dünyada 20 və daha artıq dil bilən 100 nəfərdən biri elə bizim 24 dil bilən soydaşımız Yaqub Abbasovdir. 

Amma sirli, qədim dilləri bilən adamlar bu gün dünyada çox azdır. Onları dinləmək, onları anlamaq hər kəsin işi deyil. Haqqında söhbət açmaq istədiyim alimin də sehirli dillərdən məlumatı var…

O, 1942-ci ilin dekabr ayında Zəngəzurun Meğri rayonunun Nüvədi kəndində dünyaya gəlib. 1950-1957-ci illərdə Nüvədi 7-ilik məktəbini, 1957-1960-cı illərdə qonşu Aldərə kənd orta məktəbini əla qiymətlərlə bitirib. 1961-1966-cı illərdə indiki Azərbaycan Dövlət Tibb Universitetinin əczaçılıq fakultəsində ali təhsil alıb. 1966-1967-ci illərdə Elmlər Akademiyasının Fiziologiya institutunda, 1967-1968-ci illərdə 1 nömrəli Bakı Tibb texnikumunda Latın dili və Farmakologiya müəllimi kimi çalışıb və eyni zamanda Azərbaycan Tibb universitetində Latın dili kafedrasında müəllim işləyib. 1968-1971-ci illərdə Elmlər Akademiyasının Fiziologiya institutunda biokimya üzrə aspiranturada oxuyub. Dissertasiya üzrə işlərini 1969-1971-ci illərdə Ukrayna Elmlər Akademiyasının Molekulyar Biologiya və Genetika institunda başa çatdırıb. 1974-də biokimya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Sonra Fiziologiya institutunda kiçik elmi, baş elmi işçi və qrup rəhbəri olub. 1982-1987-ci illərdə Azərbaycan Dövlət Univeritetinin Biologiya fakultəsi nəzdindəki elmi laboratoriyaya rəhbərlik edib... 

1990-cı ildə Alyaska Ətraf mühitin analizi laboratoriyasının dəvəti ilə ABŞ-ın Alyaska ştatına köçüb. Əvvəlcə Ankoric şəhərində Ətraf mühitin analizi laboratoriyasında, sonra isə Narkotik maddələrin qanda və sidikdə anlizi laboratoriyasında çalışıb. Bir ildən sonra Sietlə köçüb. Elə o vaxtdan da Sietl şəhərində yaşayır…

Sietlin Vaşinqton Universitetində və eləcə də müqaviləylə Merilend Univeristetində çalışıb. Sonra on ilə yaxın əczaşılıq sahəsində, bir neçə il Edmonds məktəblər idarəsində təlimatçı olub. 2014-cü ildən təqaüddədir... Amerikada Azərbayanın bilinməyən yazılı tarixi barədə 25 kitab yazıb nəşr etdirib. Gil yazılı mətnlərin dilinin türk dili olduğu ideyası bir an onu rahat buraxmayıb. Bir neçə illik çox gərgin axtarışların nəticəsində 1994-cü ildə nəhayət müəyyən edib ki, mütəxəsislər mixi işarələrini düzgün oxusalar da, lakin mixi yazı sistemi hecalı sistem olduğundan bu əlifbada durğu və sözayırıcı işarələr işlənmədiyindən, mətnlərin orijinal dilini bilməyənlər, sətirləri istədikləri kimi modelləşdirib hər şeyi alt-üst edirlər. Nəticədə, ortalığa söz yığını, mənasız tərcümələr çıxıb və yalançı şumer, akkad, urartu və digər uydurma ölü dillər adlandırılan dillər peyda olub...

 O, 20-dən çox azman gil yazılı mətnlərin tükcə açılışını həyata keçirərək, qısa zaman ərzində 1997-ci ildə 472 səhifəlik azərbaycanca "Əcdad" kitabını ərsəyə gətirib. Sonrakı tədqiqatlar ona imkan verib ki, sirrlərini türkcə açdığı mətnlər əsasında 250 səhifəlik "Azərbaycan dilinin mixi yazılı qrammatikası" əsərini ortaya qoysun. Həmin kitab 2004-cü ildə Bakıdakı "Nurlan" nəşriyyatında Azərbaycan dilində nəşr edilib. 

Çivi yazılara əsaslanan tədqiqatçı, tariximizdə ilk dəfə Azərbaycan türk dili üçün qadın cinsinin şəxs əvəzliyini işləyib hazırlamışdır və onu həyatda tətbiq etmək fikrindədir. Onun fikrincə, mixi yazılı dövrdə dilimizdə "O" səsi  olmadığından, əvəzində əcdadlar "A" və "U" səslərindən geniş istifadə ediblər. 

Özünün dediyi kimi, hələ tələbəlik illərindən Azərbaycan türkcəsində qadın cinsi üçün ayrıca əvəzlik axtaran müəllif, gil yazıların bu xüsusiyyətindən istifadə edərək, kişi cinsini qadın cinsindən ayırmaq üçün qadına təkdə "A", cəmdə "Anlar" deyilməsi ideyasını işləyib hazırlayıb. Kişi cinsi təkdə "O", qadın cinsi "A", cəmdə müvafiq olaraq, "Onlar" və "Anlar"...                        

2017-ci ildə Qırğızıstanda yaşayan iş adamı, həmyerlimiz Nüsrət Məmmədovun maddi dəstəyi ilə onun 1300 səhifəlik "Генезис Тюрка и Тюркского Языка (на основе клинописи)" kitabı 2 cilddə Bişkekdə nəşr edilib. Həmi  kitab bir az sonra Nyu-York-Sietl-Sankt-Peterburq nəşriyyatlarında yenidən çapa gedib. Kitab rus dilindədir. Fundamental araşdırma olan və müəllif tərəfindən "Türkün Qızıl Kitabı" adlandırılan bu unikal əsər 33 fəsildən ibarətdir. Bu kitab ulu, şanlı, ancaq unudulmuş keçmişimizin aynası rolunu oynayır. Orada toplanılan əsərlər öz unikallığı ilə müasir insanı heyrətləndirməyə qadirdir.

Əsərdə mixi yazılı poeziya, riyaziyyat, baytarlıq, iqtisadiyyat - mal dövriyyəsi, rübailər, vulkanologiya, mineralogiya, kalium sianidin, civənin alınma üsulları, onların köməkliyi ilə filizdən qızılın ekstraksiya olunmasına aid çoxlu materiallar verilib.

 Gil yazılardan topladığı dəlillər əsasında  2017-ci ildə, yenə də Sankt Peterburq şəhərində həm Azərbaycan, həm rus dillərində onun Azərbaycan muğamına aid digər bir unikal əsəri nəşr olunub.

"Где, когда и как родился Мугам? - Harda, nə vaxt və necə doğulub Muğam?" adlı 127 səhifəlik kitabı da Azərbaycan və bütün dünya muğamsevərlərinə, tədqiqatçılarına ərməğandır...

Onun 1200 səhifəlik "Genesis of Turk and Turkish Lanquage (on the basis of cuneiform inscriptions)" ingilis dilindəki kitabi da hazırdır və öz redaktəsini, nəşrini gözləyir. Həmin kitabın azərbaycanca tərcüməsi belə səslənir- "Türk və Türk dilinin yaranması (Çivi yazısı əsasında)"…

…Haqqında söhbət açdığım Tariyel Azərtürk ömrünün 80-ci ilini yaşayır. 

Deyir ki, “Bakı üçün çox darıxıram. Bu doğma şəhər, onun prospektləri, geniş küçələri, tarixi abidələri tez-tez yuxularıma girir. Doğma Azərbaycanımı, onun gözəl insanlarını çox sevirəm. Və nə yaxşı ki, dünyaya Azərbaycan türkü kimi gəlmişəm.”

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.