Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Q.Qarayev adına konfrans zalında "Barokko günləri" Beynəlxalq musiqi festivalı çərçivəsində dünyaşöhrətli musiqi xadimi, professor Vincenzo De Vivonun ustad dərsi keçirilib.
AzərTAC xəbər verir ki, ustad dərsində Bakı Musiqi Akademiyasının "Solo oxuma və opera hazırlığı" kafedrasının müdiri, Xalq artisti, professor Xuraman Qasımovanın, Xalq artisti Gülnaz İsmayılovanın, Əməkdar artist İlham Nəzərovun tələbələri - Öztürk Adelin, Sübhan Rüstəmov, Leyla Baxışova, Emin İsmayıl, həmçinin Bakı Musiqi Akademiyasını müxtəlif illərdə bitirən məzunlar da iştirak ediblər.
İfaçılar G.F.Hendelin "Alcina" operasından Ruqqiyeronun ariyası, G.F.Hendelin "Yuli Sezar" operasından Sestonun ariyası, V.A.Mosart "Fiqaronun toyu" operasından Contessanın ariyası, F.Durante "Danza, danza fanciulla gentile..." əsərlərini ifa ediblər.
Üç saatdan çox davam edən ustad dərsində V.Vivo gənc musiqiçilərə barokko dövrünün musiqi əsərlərini ifa edərkən, həmin dövrün bədii üslubunun xüsusiyyətlərini, bəstəkarların yaradıcılığını yaxından öyrənməyi, ifa zamanı düzgün nəfəs texnikası, sözlərin tələffüzünə diqqətlə fikir verməyi, eyni zamanda, hər bir ifaçıya fərdi yanaşaraq öz tövsiyələrini verib.