30-31 martın təqvimi Varisin təqdimatında
30 mart
Parkda Gəzmək Günü
Take a Walk in the Park Day - Çox qeyri-adi, amma dedikcə aktual olan bir gün. Xüsusən indiki bu vəhşi ritmli müasir dünyada şəhərlərdə yaşayan insanlara barı bir gün həmin o ritmdən qurtulmaq, ağac-çiçək-ot dünyasının, təmiz havanın qoynuna çəkilmək çağırışı vacibdir.
Sirr deyil ki, meqapolislərin, hətta adi şəhərlərin əksər sakini müntəzəm şəhər ətrafına, təbiətə çıxa bilmir,nəticədə təmiz havada güc və enerji toplamaq şansından yararlanmır. Müasir dünya şəhər əhalisinə çox yüksək həyat tempi verib, bu da ümumi sağlamlığın, əsəbin halına mütləq təsir göstərir.
Statistikaya görə, sistematik stress və depressiyalar şəhər əhalisinin əsəb sisteminin xarakterik halına çevrilib. Halbuku sutkada cəmi 30 dəqiqə gəzinti təkcə piylərin əridilməsinə təsir göstərmir, habelə immuniteti yüksəldir, xərçəng, hipertoniya və diabetdən qoruyur. Britaniya həkimləri təbiətdə (ən azı parkda) olan insanın orqanizmində bərpa prosesinin getdiyini açıqlayıblar, bunu asudə vaxtda kinoya, yaxud şopinqə getməklə eyniləşdirmək düzgün deyil. Park gəzintiləri, səs-keydən və tozdan uzaq məkanda olmaq stressi azaldır, əhval-ruhiyyəni yüksəldir. Təhqiqatlar göstərib ki, piyada gəzən, yaşıl zonalarda gəzinən insanlar bunu etməyənlərdən daha xoşbəxtdirlər.
İndi deyin, bu gün parka gedib gəzməməyə əlinizdə nəsə bir əsas qaldımı?
Xristian dünyasının Lada günü
İnanclara görə məhz bu gün torpaq qış yuxusundan oyanır, bahar naz-qəmzəsi və istisi ilə toorpağın ruhunu oxşayır. Lada sevgi və nigah mələyi sayılır, bu gün onun yerə, insanların arasına enməsi baş verir. Lomonosov Ladanı Venera ilə bir tutur.
Gənclər bu gün mahnı oxuyub şənlənir, qadınlar evlərin damlarına çıxıb əllərini göyə tutaraq “qış öz soyuğu ilə bizi bezdirdi, bahar, tez gəl” söyləyirlər.
Lada günü ilə bağlı bir inanc da var, quşlar İriyadan – slavyan cənnətindən geri qayıdırlar, odur ki, insanlar quş uçuşunu təqlid edən tərzdə rəqslər edirlər.
ABŞ-da Həkimlər Günü
1990-cı ildə prezident Buşun rəsmi fərmanından sonra hər ilin 30 mart günü Amerikada Həkim günü kimi qeyd olunur. Həkimlərin rəmzi bizdə matəm rəmzinə çevrilmiş qırmızı qərənfil hesab edilir. Bu günün bayram kimi qeyd edilməsi ideyası isə Eedora Elmonda – məşhur həkim Çarlz Elmondun həyat yoldaşına məxsusdur. O, olduqca lazımlı və məsuliyyətli missiya yerinə yetirən həkimlərin işlərini qiymətləndirmək üçün tanıdığı bütün həkimlərə içində xoş diləklər yazılmış açıqcalar yollamış, vəfat etmiş həkimlərin isə məzarlarına qırmızı qərənfillər düzmüşdü.
1867-ci ilin bu günündə Amerika ilə Rusiya arasında Alyaskanın satın alınması barədə müqavilə imzalanıb. Amerikalılar ruslara bu torpaqlar üçün 7,2 milyon dollar ödəyiblər.
1918-ci ilin bu günündə Azərbaycanla Ermənistan arasında müharibə başlayıb. Bolşeviklər adı altında azərbaycanlıları qıran ermənilər rəsmən Bakıya müharibə elan ediblər. 1955-ci ilin bu günündə Argentina milli futbol komandası Amerika kubokunu qazanıb. 1948-ci ildə Fələstində İsrail dövləti yarandıqdan sonra 1976-cı ilin bu günündə ilk dəfə fələstinlilər etiraz əlaməti olaraq Torpaq Günü komitəsini yaradıblar.
1981-ci ilin bu günündə Vaşinqtonda ABŞ prezidenti Ronald Reyqana qarşı sui-qəsd olub, Con Hinki adlı birisi onu otelin qarçısında sinəsindən güllələyib. 1992-ci ildə isə Azərbaycanla İraq arasında diplomatik əlaqələr qurulub.
Fateh Sultan Mehmedin doğulduğu gün
Bu gün doğulanlardan danışanda ilk olaraq 1432-ci ildə Osmanlı sultanı Fateh
Sultan Mehmedin – II Mehmedin adını çəkə bilərik. Bu həmin o görkəmli şəxsiyyət, türk dünyasının ən böyük şəxsiyyətidir ki, 21 yaşında İstanbulu fəth edərək 1000 illik Bizans İmperiyasına son verdi və bu hadisə bir çox tarixçi tərəfindən Orta Çağın sonu, Yeni Çağın başlanğıcı olaraq qəbul edildi. Fəthdən sonra o, Fəthin Atası mənasını verən "Əbül-Fəth” adı ilə tarixə düşdü.
İki dahi rəssam: Qoyya və Van Qoq
1510-cu ilin 30 martında ispan bəstəkarı Antonio de Kabeson, 1746-cı ildə məşhur İspaniya rəssamı Fransisko Qoyya, 1853-cü ildə dünyaca ünlü Niderland rəssamı Vinsent Van Qoq, 1968-ci ildə “Titanik” filmindən sonra lap sevilən kanadalı müğənni Selin Dion, 1986-cı ildə isə populyar ispan futbolçusu Serxio Ramos dünyaya gəliblər.
Bu gün dünuyadan köçənlərə gəlincə, 1951-ci ildə tanınmış Azərbaycan tibb mütəxəssisi Adilə Şaxtaxtinskaya, 1956-cı ildə Türkiyə şairi Mithəd Camal Küntay, 1998-ci ildə Fransa müğənnisi Mişel Arnaud, 1999-cu ildə sovet dönəminin əfsanəvi futbolçusu İqor Netto, 2005-ci ildə tanınmış opera müğənnimiz Gülxar Həsənova, 2011-ci ildə məşhur rus müğənnisi Lyudmila Qurçenko bu siyahıda yer alıblar.
31 mart
Azərbaycanlıların Soyqırımı Günü
1918-ci ilin 30 mart – 3 aprel dövründə Rusiyanın bolşevik hökumətinin havadarlığı, Azərbaycana təyin edilmiş erməni komissar Stepan Şaumyanın təşkilatçılığı ilə erməni daşnaklardan və rus əsgər və matroslardan ibarət “qırmızı ordu” Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Lənkəran, Salyan, Qarabağ və Naxçıvan ərazilərində azərbaycanlılara qarşı qırğın törətmişlər. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.
Körpə uşaqları yüzlük mismarla divara mıxlayan, hamilə qadınların qarnını doğrayan, kişiləri ağacdan başıaşağı asıb aşağıda tonqal qalayan erməni vəhşiliyi barədə xəbər tutmaq üçün Azərbaycan Xalq Cumhuriyyətinin həmin ilin iyununda yaratdığı İstintaq Komissiyasının sənədlərinə baxmaq kifayət edər. Heç vaxt bunları unutmamalıyıq, xalqın qan yaddaşına bunlar yazılmalıdır.
Azərbaycanın 3-cü prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
Bekap günü
Bu gün Ümumdünya komputer məlumatlarının qorunması günüdür, World Backup Day – kompüter məlumatlarının bekaplanmasını – yəni ehtiyat nüsxələrinin çıxardılıb saxlanılmasını özündə ehtiva edir. Çünki bir təsadüf ən qiymətli materialların silinməsinə gətirib çıxara bilər. Texnikadan hər şey gözləmək olar. Ehtiyat isə igidin yaraşığıdır.
Beynəlxalq “Bezdiyin işdən çıx” günü
Çoox ibrətamiz bir gündür. Çoxu işə könülsüz gedir, iş onu təmin etmir, bezdirir, sadəcə maaşın xatirinə gedib gəlir. İldə bir gün verilib ki, bezgin insan cəsarətə gəlib ərizə yazsın, bezdiyi işdən çıxsın, özünə bab yeni iş axtarsın. Mütəxəssislər qeyd edirlər ki, insanı xoşbəxt edən nəsnələr ikidir: ailəsində və işində rahatlıq. Bunlardan biri onu təmin etmirsə, o heç vaxt xoşbəxt ola bilmir.
Beynəlxalq dekolte günü
Dekolte bilirsiniz də - sinəsi açıq paltara deyilir. Günümüzdə xanımlar adətən ziyafətlərə, toy və nişanlara dekolte geyinməyi xoşlayırlar. Xüsusən Bakıda dekolte dəbi hədsizdir. Vaxtı ilə “qadının heç yeri görünməməlidir” kimi köhnə mental dəyərlərə söykənən Bakı qoçuları və cayıllarının törəmələri indi tam açıq-saçıq görünən qadınların qarşısında aciz qalıblar. Əlbəttə ki, zaman öz sözünü deyir, dəyərləri sürətlə dəyişir.
Sezar Çaves yaxşı kişi olub
Milli bayramlara gəlincə, Maltada azadlıq, Tailandda Kral Nanqklaonun xatirəsi, Meksikada tako, Böyük Britaniyada mürəbbə günüdür. Bayramsevər Amerikada bu gün bir neçə bayram var. Tomas Mendi günündə seçkilərdə rəsmən səs vermiş ilk Amerika zəncisi Tomas Mendi (1824-1904) anılacaq. Sezar Çaves günündə sosial hüquqlar uğrunda mübarizə aparan Kaliforniyalı Sezar Çavesin şəninə tərif söyləniləcək. Sezar Çaves deyirmiş ki, heç bir vəzifəli şəxs vətəndaşın hüququnu poza bilməz, ona vəzifə vətəndaşa qulluq eləmək üçün verilir, vətəndaşın “belinə minmək üçün” deyil.
Milli molyuska günündə isə xırda dəniz canlılarından hazırlanan mətbəx yeməkləri süfrələri bəzəyəcək.
Bu gün tarixi hadisələrlə o qədər zəngindir ki
1998-ci ilin 31 martında Formula 1 pilotu Endi Vallas 402,6 km/saat sürətlə seriya avtomobili üçün sürət rekorduna imza atmışdır. 1993-cü ildə məşhur Brüs Linin oğlu Brendon Brüs Li “ Qarğa” filminin çəkilişləri zamanı ehtiyatsızlıq edərək ölmüşdür. 1991-ci ildə Rusiyanın ORT telekanalı yayıma başlamışdır. 1980-ci ildə ədəbiyyat sözü həqiqətən də təhqir olunmuşdur, belə ki, SSRİ rəhbəri Leonid İliç Brejnevə “Kiçik torpaq” və “Dirçəliş” adlı cızmaqaralara görə SSRİ-nin ən böyük ədəbiyyat mükafatı – Lenin mükafatı təqdim edilmişdir. Təbii ki, həmin hadisəni o vaxt Sovet Azərbaycanı da sürəkli alqışlarla alqışlamışdır.
1967-ci ildə Cimmi Hendriks konsert zamanı nümayişkaranə sürətdə öz gitarasını yandırmışdır. Həmin il Fransanın NATO-nun tərkibindən çıxdığını bildirməsi səbəbindən NATO –nun mənzil-qərargahı Parisdən Brüsselə köçmüşdür. 1954-cü ildə SSRİ rəhbərliyinin NATO-ya üzv olmaq xahişi rədd edilmişdir. 1936-cı ildə Münhendə faşist Almaniyası “Degenerativ incəsənət” sərgisini açmışdır ki, sərgidə sürrealizm, impressionizm, abstraksionizm kimi cərəyanlara aid rəsm əsərləri nümayiş olunmuşdur. 1918-ci ildə ABŞ ilk dəfə yay vaxtı tətbiq etmişdir. 1917-ci ildə Kiyevdə Ukraynanın ilk gimnaziyası açılmışdır. 1901-ci ilin 31 martını “Mersedes”sevərlər yaddaşlarına möhkəmcə qeyd etsinlər, həmin gün ilk “Mersedes” avtomobili istismara buraxılıb. Onun yaradıcısı isə Vilhelm Maybax olub, o Maybax ki, onun adına buraxılan avtomobillə bu yaxınlarda “tiripaşlıq” etdiyinə görə Füzulidə müğənni Manaf Ağayev inzibati məsuliyyətə cəlb olunmuşdu.
1896-cı ildə Azərbaycanca hələ də ad tapa bilmədiyimiz paltar “zamoku”nu ABŞ ixtiraçısı Uitkomb Catson kəşf edib. 1889-cu ilin 31 martında isə Eyfel qülləsinin açılışı olub. Konstruktor Qüstav Eyfel Parisdə inşa etdiyi bu möcüzəvi tikiliyə görə dünya tarixinə adını yazdırıb.
1856-cı ildə Rusiya donanmasında yəhudilərə xidmət etmək qadağan olunub. 1717-ci ildə hazırkı Rusiya prezidenti Putinin sələfi olan I Pyotr “Gizli dəftərxana” adlı qurum yaradıb ki, xüsusilə vacib dövləti cinayətlər orada tədqiq olunsun. 1492-ci ilin 31 martı isə yəhudi xalqı üçün qara tarixdir. Kral II Ferdinand Araqonlunun “Alqambrsk edikti” adlanan əmri ilə İspaniyada yaşayan bütün yəhudilər sürgün olunmuşdular. Yalnız dinini dəyişməyə razılıq verənlərə bu təcavüz tətbiq olunmamışdı.
Kimlər gəldi
O ki qaldı bu gün dünyaya gələnlərə, bu cür məşhurlar da az deyil. 1596-cı ildə Fransa filosofu Rene Dekart doğulub. “Uşaqlarınıza verə biləcəyiniz ən qiymətli töhfə ağıldır, qalan şeyləri özləri də əldə edə bilərlər” deyən bu müdrik insanın kəlamları illərdir ki, dillər əzbəridir. 1685-ci ildə dünyaşöhrətli alman bəstəkarı – uşaqdan böyüyə hamımızın tanıdığı İohann Sebastyan Bax dünyaya gəlib. Belə şəxsiyyətləri tarix, təbii ki, yüz ildən bir yaradır. 1732-ci ildə digər dahi bəstəkar, avstriyalı Yozef Haydn doğulub. 1861-ci ilin 31 martında görkəmli Azərbaycan xanəndəsi Cabbar Qaryağdıoğlu, 1882-ci ildə rusiyalı yazıçı Korney Çukovski, 1914-cü ildə istiqlalçı Meksika şairi Oktavio Pas, 1936-cı ildə tanınmış Azərbaycan bəstəkarı Rafiq Babayev, 1939-cu ildə azərbaycanlılara qarşı diskriminasiya siyasəti ilə ad çıxarmış Gürcüstan prezidenti Zviad Qamsaxurdiya, 1943-cü ildə ABŞ aktyoru Kristofer Uolken, 1954-cü ildə ölkəmizdə də çox sevilən latış müğənnisi Layma Vaykule,1955-ci ildə ölkəmizin futbolsevərlərinə yaxşı tanış olan şimali Makedoniyalı baş məşqçi Coko Hacıyevski dünyaya gəliblər.
Kimlər getdi
1340-cı ildə Böyük Moskva knyazı İvan Kalita, 1547-ci ildə Fransa kralı I Fransisk, 1621-ci ildə İspaniya kralı III Filipp – ümumilikdə üç böyük dövlət xadimi vəfat ediblər.
Bu dəfə yazıçılar - 1855-ci ildə ingilis Şarlotta Bronte və 1898-ci ildə sloveniyalı Luiza Pasyak dünyadan köçüblər.
1983-cü ildə məşhur sovet klounu Karandaş, 2007-ci ildə Rusiyanın neft kralı sayılan həmyerlimiz, geoloq Fərman Salmanov, 2008-ci ildə SSRİ-nin dövlət xadimi, Azərbaycanla bağlı bir çox sirləri özü ilə qəbrə aparmış Sergey Baybakov dünyadan köçmüşlər.
Bakıdakı Heydər Əliyev Mərkəzi dünyanın ən gözəl tikililəri sırasında yer alıb, yəqin bilirsiniz. Ona İraq əsilli Böyük Britaniya memarı Zaha Hadid dünyaya vəsiqə verib. 2016-cı ilin 31 martında bu dahi memar dünyadan köçüb.
Bu arada onu da deyək ki, ermənilərin bizə yaşatdıqları 31 mart - genosid günündə ötən il erməni xalqının yetişdirdiyi ən böyük generallardan biri sayılan, mənfurların ən görkəmli dövlət xadimi Arkadi Ter-Tadevosyan gorbagor olub.
Allah bütün zalımları tezliklə o dünyaya vasil eləsin! Amin!