Robotik ürək cərrahı Cem Alhanın portalımıza müsahibəsi: “20 min ürəyin döyüntüsünü hiss edirəm” Featured

Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi

 

Acıbadem klinikasının təsisçisi, Maslak və Altunizade xəstəxanalarının ürək-damar və robotik cərrahı, Türkiyəli Cem Alhanla müsahibəni diqqətinizə çatdırırıq.

 

-Son illərdə ürək-damar xəstəliklərinin artdığı deyilir. Bu, həqiqətən də belədir? COVID-19-un bu artıma təsiri varmı?

 

-COVID-dən əvvəl də insanlar xəstə olurdu, amma COVİD zamanı duyarlılığımız daha da artdı.  İnsanlar  hər  şeyi COVID-ə bağlayırlar. Yəni COVID ürək xəstəliyi yaradar cümləsini işlədəcək heç bir elmi məlumat yoxdur.  Ürək-damar xəstəlikləri həmişə olub və hər zaman da olacaq. Bu, artan templə davam edir. Biz hər birimiz yaşa doluruq və yaşlılığın bəzi qaçılmaz problemləri var. Məsələn saç ağarır, dəri qırışır, bel ağrıyır, boy qısalır. Əgər insanlar 40 yaşında vəfat etsəydi, biz saç  ağarması  və yaxud bir çox xəstəlikləri bilməyəcəkdik. Amma insanlar 80-90 yaşlarına gəldiyi zaman saçlarının  ağardığının, dişlərinin töküldüyünün və bir çox xəstəliklərin şahidi olurlar. Burdakı ən böyük məsələ insanların daha  uzun yaşamasıdır. Azərbaycanda deyə bilmərəm, amma statistikaya görə Türkiyədə ölümlərin ortalama yaşı qadınlarda 80, kişilərdə  78 -79 olur. İnsanı maşın kimi düşünün. Uzun yaşadıqca daha çox baxıma ehtiyacı olur. Çünki  motor da  yaşlanır, ürək də. Bu qaçılmazdır.  Deməli, yaşlandıqca risk daha da artır.

 

-Yəni bunlar sırf COVID- lə əlaqəli deyil?

 

-Xeyir, COVİD 2019-da yayılmağa başladı. 2019-cu ildən öncə sizin ətrafınızda heç kim infarkt keçirmədimi? Bizdə hər şeyi bir yerə yönləndirmə xəstəliyi var.  COVİD bizim beynimizə yerləşib. Yəni Covid-in ürək xəstəliyini, infarktı artırdığına dair   heç bir elmi məlumat yoxdur.

 

-Bəs siz əməliyyat etdiyiniz xəstələrin yaş qrupunda dəyişiklik hiss edirsinizmi?

 

-1986 ildən bəri ürək cərrahıyam. 40 ildir ürək cərrahı işləyirəm və etdiyim hər bir əməliyyatın qeydiyyatını aparıb nəyi düz, nəyi səhv etdiyimə baxıram. Və anlaşılan odur ki, əməliyyat etdiyim xəstələrin yaş ortalaması gedərək artır. 20 il əvvəl əməliyyat etdiyim xəstələrin yaş ortalaması 55-60 idi, indi isə 60-70 yaş arasında dəyişir. Bu da insanların daha uzun yaşaması ilə əlaqəlidir.

 

-Ürək-damar xəstəliklərinin yayılması ölkədən ölkəyə dəyişirmi?

 

-Bu xəstəlik ölkələrə görə belə dəyişir. Məsələn Afrika ölkələrində bunu görmək mümkün deyil. Çünki orada  insanların ömrü ürək xəstəsi olacaq qədər uzun olmur. Başqa xəstəliklərdən daha gənc yaşlarda dünyalarını dəyişməli olurlar. Epidemiyalar və başqa səbəblərə görə. İnsanların təbii səbəblərdən vəfat etdiyi icmalara baxsanız, orada ürək xəstəlikləri daha çox olur. Yəni insanlar əvvəllər qazandığı pulun 10 faizini sağlığına xərcləyirdisə, indi 30 faizini xərcləyir. Çünki daha çox xəstələnirlər.  Səbəbsə daha çox yaşamalarıdır.

 

-Stresin ürək-damar xəstəliklərinə təsiri varmı?

 

-Stres bu amillərin sadacə biridir.  Amma  vacib  amildir.  Stresin bir çox xəstəliklərə səbəb olduğunu  bilirik, lakin onun fərqində deyilik. İnsan həm də qidalanmasına, fiziki aktivliyinə, genetik faktorlara və digər amillərə diqqət etməlidir. Bütün səbəbləri təkcə stresə bağlamaq doğru olmaz. Diqqət etməli olduğumuz vacib məsələlərdən biri də genetikadır. Məsələn, ailənizdə 40 yaşında  infarkt keçirmiş  biri varsa, deməli burada risk faktoru çox yüksəkdir. Və bu, genetik olduğu üçün dəyişmək mümkün deyil.

 

-Ürək-damar xəstəliklərində genetik faktorların rolu nə qədər əhəmiyyətlidir?

 

-Xəstəlik bizə gendən keçir. Mütləq ana və atadan keçəcək deyə bir şey yoxdur. Bəzən ulu babablarımızdan da keçir. Bunlar bizə əvvəlcədən transfer edilən şeylərdi, amma genetik baxımdan ürək xəstəliyi, xüsusilə infarkt üzərində daha çox təsirlidir. Təəssüf ki, bunu dəyişdirə bilməsək də, əlavə yan təsirlərini azalda bilirik. Məsələn, siqaret çəkməmək, arıq qalmaq, pəhriz, yürüyüş, yaxşı qidalanma bizi daha sağlam saxlaya bilər. Əgər lazım olarsa sağlam yaşamaq üçün dərman belə qəbul etmək lazımdır.

 

-Ürək köçürmə əməliyyatları haqqında nə düşünürsünüz?

 

-Ürək köçürülməsi çox uğurlu bir müalicə metodudur, lakin məhdud sayda tətbiq olunur. Türkiyədə ildə 50-60, Azərbaycanda isə çox az sayda ürək köçürmə əməliyyatı aparılır. Çünki donor tapmaq çox çətindir. Beyin ölümü keçirmiş bir insanın ürəyini transplantasiya etmək üçün ailəsinin icazəsi lazımdır və bu, çətin bir qərardır. Düşünün, il ərzində 100 min insana ürək köçürülməlidir, lakin donor olmadığından bunu çox aza adama tədbiq etmək olur.

 

- Eydiyiniz ürək əməliyyatlarınızın statistikasını bilirsinizmi?

 

-Bəli, indiyə qədər 20 mindən çox ürək əməliyyatı etmişəm və onların 99%-i uğurlu olub.

 

-Sağlam yaşamaq üçün nə tövsiyyə edirsiniz?  

 

-Kök olmamalısan, yaxşı bəslənməlisən Balanslaşdırılmış pəhriziniz olacaq. Çox yağlı və duzlu yemək olmaz. Mən heç kimə çörək yemə, ət yemə demirəm. Bu mənim yöntəmim deyil. Mən deyirəm ki, hər şey miqdarında olmalıdır. Çünki hər biri bizə lazımdır.  Çörək yeməsən b, ət yeməsən d vitamini əksikliyi olacaq. Bu da bədəndə dəmir çatışmazlığı, qansızlıq və başqa şeylərə səbəb olur. Sağlıqlı qidalan, idman et, pozitiv ol, davamlı gülümsə. Əgər şəkər, təzyiq və ya xolesterol probleminiz varsa, onları nəzarətdə saxlamalı və həkim məsləhəti ilə dərmanlardan istifadə etməlisiniz. Müasir tibbin inkişafı sayəsində bu problemləri idarə etmək mümkündür.

 

-Sizcə, indiki nəsil daha şanslıdırmı?

 

-Bəli, biz 100 il öncə yaşayanlara görə şanslıyıq. Onlar xəstəliklərinin adını  bilmirdilər. Nə olduqlarından xəbərləri  belə yox idi.  Bir yoluxmada  1 milyondan çox adam ölürdü. Ama indi belə deyil. Biz çox xoşbəxt bir nəsil olmasaq da,  yer üzündəki ən konforlu dövrü yaşayırıq. Bizdən 1-2 öncəki nəsil  2 dünya müharibəsi gördü. Amma biz görmədik. Vaxtında insanlar qıtlıqdan avropanın ortasında  acından ölürdülər.  Osmanlı o ölkələrə vaxtilə çox ərzaq tədarük edib, acından ölməsinlər deyə. Demək olar ki, indi belə bir şey yoxdu. Yəni bu baxımdan biz şanslı bir  nəsilik, lakin xoşbəxt deyilik.

 

“Ədəbiyyat və incəsənət”

(07.04.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.