"The Godfather" filmi, mafiya qanunları, omerta və pentito Featured

Harun Soltanov, “Ədəbiyyat və incəsənət”

 

Sizin haqqında eşitmək istədiyiniz, maraq duyduğunuz növbəti mövzu barədə danışmaq istəyirik. Koza nostra, Siçiliya mafiyası, Don Karleonili “Xaç atası”… - Bəli, anlaşıldı. Növbəti mövzumuz İtaliya mafiyasıdır.

İnsan cəmiyyətləri tarix boyu güc strukturlarına ehtiyac duyublar. Dövlətlər hüquq və qanunlarla cəmiyyəti nizama salmağa çalışarkən, hüququn işləmədiyi yerlərdə alternativ güc sistemləri yaranıb. Mafiya məhz bu boşluğun içində, cəmiyyətin ehtiyac duyduğu “ədalət”i fərqli üsullarla təmin edən bir təşkilatlanmış quruluş kimi meydana çıxıb.

O, rəsmi dövlətin icra edə bilmədiyi güc mexanizmini öz üzərinə götürərək qeyri-rəsmi qanunlar yaratmış və onların icrasını təmin etmişdir.

 

Mafiya yalnız cinayətkar bir təşkilat deyil. O, ənənələr, sədaqət və qeyri-rəsmi qanunların idarə etdiyi  sistemdir. Dövlətdən fərqli olaraq, mafiyada qanunlar yazılmır, danışılır. Onun əsas prinsipləri bunlardır:

  1. Omerta (Susqunluq Qanunu) – Mafiya üzvləri təşkilatın iç məsələlərini kənara çıxarmamalıdır. Xəyanət ən ağır cinayətdir və ölüm hökmü ilə cəzalandırılır.

 2. Sədaqət və Ailə Bağları – Mafiya ailədən gələn bir güc sistemidir. Bioloji ailə ilə yanaşı, mafiya ailəsi də mövcuddur və bu ailəyə xəyanət bağışlanmazdır.

3. Güc və Nəzarət – Dövlətin əlindən alına bilməyən ən böyük güc qorxu və hörmət üzərində qurulmuş hakimiyyətdir. İnsanlar qanuni sistemə etibar etmədikdə, mafiyanın yaratdığı qorxulu ədalətə itaət edirlər.

4. İqtisadiyyat üzərində Nəzarət – Mafiya təkcə güc deyil, həm də pul idarəçisidir. O, qanunsuz yollarla iqtisadiyyata təsir edərək alternativ bazarlar yaradır.

 

Mafiya özünü cəmiyyətin unudulmuş insanlarını qoruyan bir sistem kimi təqdim edir. Rəsmi qanunlar zəifləri qoruya bilmədikdə, mafiya bunu öz üsulları ilə edir. Onun fəlsəfəsi isə, məncə, belə formalaşır:

-Rəsmi hüquq sistemi səmərəsizdirsə, alternativ hüquq lazımdır.

-Dövlət zəifləri qoruya bilmirsə, güclü şəxslərin ədaləti qurması qaçılmazdır.

-İnsanlar güc və qorxuya daha tez tabe olurlar, nəinki abstrakt qanunlara.

 

 Lakin bu, bir paradoks doğurur. Mafiya öz alternativ ədalətini təmin etmək üçün qan tökməli, zor tətbiq etməli və sonda cəmiyyətin təməlini sarsıtmalıdır. O, öz sistemini gücləndirmək üçün cəmiyyətin qorxularını və zəifliklərini manipulyasiya edir. İnsanlar əvvəlcə qorunmaq üçün mafiyaya müraciət edirlər, sonra isə onun hakimiyyətindən qurtulmaq üçün mübarizə aparmalı olurlar.

Mafiya təkcə cinayətkar bir şəbəkə deyil, həm də siyasi və sosial bir qüvvədir.

Tarix boyu mafiya təşkilatları dövlətlərə təsir edib, seçkilərdə rol oynayıb, inqilabları və dövlət çevrilişlərini manipulyasiya edib. Bəzi ölkələrdə mafiyanın gücü o qədər böyük olub ki, dövlət özü mafiaya çevrilib.

Mafiya, hüquq sisteminin çökdüyü və gücün əsas idarəetmə vasitəsinə çevrildiyi yerlərdə daha da inkişaf edir. Dövlət idarəetməsinin zəif olduğu, korrupsiyanın geniş yayıldığı ölkələrdə mafiyanın nüfuzu artır və o, cəmiyyətin qaranlıq, lakin təsirli bir parçasına çevrilir.

 Ədəbiyyat və kino mafiyanı romantik bir qüvvə kimi təsvir edib. "The Godfather", "Goodfellas", "Scarface" kimi filmlər mafiya liderlərini ağıllı, şərəfli və qəlbi təmiz adamlar kimi göstərib. Bu obrazlar bir tərəfdən hakimiyyətin cazibəsini, digər tərəfdən isə gücün insana necə təsir etdiyini nümayiş etdirir.

Lakin reallıqda mafiya yalnız sədaqət və ailə dəyərləri üzərində qurulmuş bir sistem deyil. O, zorakılıq, xəyanət və qanla dolu bir dünyadır. Mafiyada güc qazanmaq üçün yalnız sadiq olmaq kifayət deyil. Ağıllı və amansız olmaq vacibdir. Mafiaya daxil olan hər kəs gec-tez iki seçimlə qarşılaşır, ya zirvəyə yüksəlmək, ya da məhv olmaq.

Mafiya, insan təbiətinin dəyişməz bir hissəsidir. O, dövlətin zəif qaldığı yerdə meydana çıxır və alternativ güc strukturu yaradır. Lakin güc daima öz içində yeni düşmənlər yaradır. Tarix boyu mafiya təşkilatları ya dövlət tərəfindən, ya da öz içindəki xəyanətlər səbəbilə dağılmışdır.

Mafiyanın fəlsəfəsi sadədir, güc, qorxu və hörmət üzərində qurulmuş alternativ bir idarəetmə sistemidir. Lakin bu sistem, əvvəl-axır ya özbaşınalıqla məhv olur, ya da dövləti onunla mübarizə aparmağa məcbur edir. Mafiya əbədidir, lakin hər bir mafiya liderinin və imperiyasının bir sonu var. Çünki qanla qurulan bir nizam, qaçılmaz olaraq, qanla da dağılır.

 

İtalyan mafiyası, təkcə cinayətkar bir təşkilat deyil, həm də dərin ənənələrə və unikal bir fəlsəfəyə sahib bir güc sistemidir. O, qanunlardan kənar öz qaydalarını yaradaraq cəmiyyətdə uzun illər ərzində həm qorxu, həm də hörmət qazanmışdır. Siciliya mafiyası – Koza Noztra, Kalabriya mafiyası – Ndrangeta və Neapol mafiyası – Kamorra bu sistemin əsas qollarıdır. Bu təşkilatlar fərqli struktur və fəaliyyət sahələrinə malik olsalar da, eyni fundamental prinsiplərlə idarə olunurlar: sədaqət, qorxu, güc və xəyanətin qaçılmaz cəzası.

 

Koza Noztra Siciliya mafiyasının ən məşhur qoludur. Onun əsası 19-cu əsrdə qoyulub və o vaxtdan bəri özünəməxsus qaydaları ilə mövcudluğunu qoruyub saxlayır. Təşkilatın içərisində ciddi iyerarxiya mövcuddur: hər bir mafiya ailəsi bir "Don" tərəfindən idarə olunur və onun ətrafında "Consigliere" (müşavir), "Caporegime" (orta səviyyəli liderlər) və "Soldato" (əsgərlər) yerləşir. Koza Noztra, xüsusilə ABŞ-a mühacirət etmiş italyanlar arasında böyük təsirə malik olub və Al Kapon kimi mafiozlar bu sistemin ən güclü nümayəndələrindən biri hesab olunub.

İtalyan mafiyasının ən əsas qanunlarından biri "Omerta"dır – yəni tam susqunluq. Mafiya üzvü tutulsa belə, təşkilat haqqında heç bir məlumat verməməlidir. Omerta pozularsa, həmin şəxs ölüm cəzasına məhkum edilir. Bu qanun, mafiya sistemini dövlətin hüquq-mühafizə orqanlarından qorumağa kömək etmişdir.

Lakin tarixdə bəzi mafiya üzvləri bu qaydanı pozaraq "pentito" (peşman olan) statusu alıblar. Məsələn, Tommaso Buzketta adlı mafiya lideri, İtaliya hökumətinə ifadə verərək Koza Noztranın gizli strukturlarını ifşa etdi. Onun məlumatları mafiyanın zəifləməsinə səbəb oldu və bir çox mafiya liderinin həbsinə gətirib çıxardı.

Siciliyanın mafiyası nə qədər məşhur olsa da, Kalabriyada yerləşən Ndrangeta təşkilatı dünyanın ən güclü cinayətkar şəbəkələrindən biridir. Bu mafiya qrupu, əsasən, narkotik ticarəti ilə məşhurdur və onun illik dövriyyəsi milyardlarla dollar təşkil edir.

Ndrangetanın əsas gücü, onun qapalı ailə strukturlarında gizlənir. Bu təşkilatda yalnız bioloji ailəyə mənsub insanlar yüksək vəzifələrə çata bilərlər. Bu da onu digər mafiya qruplarından daha da təhlükəli və davamlı edir.

Neapol mafiyası Kamorra, digər mafiya təşkilatlarından fərqli olaraq, daha parçalanmış və anarxik bir struktura malikdir. Burada vahid bir lider yoxdur, əksinə, müxtəlif klanlar arasında güc uğrunda daim mübarizə gedir. Kamorra əsasən silah qaçaqmalçılığı, insan alveri və narkotik ticarəti ilə məşğuldur.

Kamorra, mafiyanın ən qəddar qollarından biri hesab olunur. Onun fəaliyyəti o qədər qanlı və xaotik olmuşdur ki, bəzi mafioz ailələr belə bu təşkilatla əməkdaşlıq etməkdən çəkiniblər.

 

İtalyan mafiyasının əsas dayaqlarından biri isə ailə institutudur. Bioloji ailə və mafiya ailəsi eyni dərəcədə müqəddəs hesab olunur. Lakin ailə daxilində xəyanət baş verdikdə, cəza amansız olur. Mafiyada güc, yalnız sədaqət və qorxu ilə qoruna bilər, bu səbəbdən xəyanət ən bağışlanmaz cinayət sayılır. İtalyan mafiyasının əsas prinsiplərindən biri sədaqətdir, xüsusilə də ailəyə və həyat yoldaşına qarşı. Mafioz üçün ailə sadəcə qan bağından ibarət deyil. Bu, onun həyatının mənası, gücünün və irsinin dayandığı təməl sütundur. Həyat yoldaşı isə bu ailənin mərkəzində duran müqəddəs bir varlıqdır. Əgər bir mafioz öz qadınına, onun sevgisinə və inamına xəyanət edirsə, bu, təkcə şəxsi bir zəiflik deyil, bütövlükdə onun xarakterinin, ruhunun və prinsiplərinin çöküşüdür. Mafiyanın qanunları qətidir. Əgər sən həyatını paylaşdığın, gecələr eyni yataqda uzandığın, sənə ruhunu və bədənini etibar edən qadına xəyanət edirsənsə, deməli, sən heç kimə sadiq ola bilməzsən. Çünki həyat yoldaşı yalnız bir qadın deyil. O, sənin iradənin, kişiliyinin və ləyaqətinin sınağıdır. Əgər sən ona xəyanət edirsənsə, deməli, güvən və sədaqət kimi dəyərləri ayaqlar altına atırsan. Bu isə mafiyanın təməl prinsiplərinə qarşı çıxmaq deməkdir.  Belə bir insan nə öz dostlarının, nə qardaşlarının, nə də ailəsinin güvəninə layiqdir. Çünki xəyanət edən şəxs, istər qadınına, istər dostlarına, istərsə də öz ruhuna xəyanət edir. O, artıq heç nəyə sahib deyil. Nə hörmətə, nə şərəfə, nə də güvənə. Və mafiya dünyasında güvəni itirən insanın yaşamaq haqqı da əlindən alınır.

 "O, çox yaxşı bilirdi ki, qadınları sevməyə davam etməsə, nə qədər xain və ya vəfasız olsalar da, ruhunun bir parçası öləcək.'' Puzo.

Bir çox mafiya lideri məhz ailə üzvləri tərəfindən satılmışdır. Məsələn, 2006-cı ildə Bernardo Provenzano, illərlə gizləndiyi yerdən öz köməkçilərinin xəyanəti nəticəsində həbs edildi. Bu hadisə, mafiyada heç kəsin tam güvən içində ola bilməyəcəyini sübut etdi.

İtalyan mafiyası, rəsmi hüquq sisteminin çatışmazlıqlarını dolduraraq cəmiyyətin bəzi təbəqələrinə “ədalət” təqdim edir. Bir çox insanlar hüquq sisteminə inamlarını itirdikdə, mafiya onların problemlərini həll edən yeganə qüvvəyə çevrilir. Lakin bu ədalət öz qanunlarına tabedir və qəddar reallıqlarla doludur.

 

Kino və ədəbiyyat mafiya obrazını tez-tez romantik və şərəfli bir qurum kimi təsvir edir. "The Godfather"(Xaç atası) filmi, mafiya liderlərini ağıllı, dərin düşüncəli və qəlbi təmiz insanlar kimi göstərir. Lakin reallıq çox daha qəddar və amansızdır.

İtalyan mafiyası, əslində, bir insanın həyatını tamamilə ələ keçirən və çıxışı olmayan bir labirintdir. Burada qanun yoxdur, yalnız güc var. İnsanlar mafiya ailəsinə daxil olduqdan sonra artıq geri dönüş yoxdur. Bir dəfə bu sistemə girən insan, ya yüksəlir, ya da məhv olur.

İtalyan mafiyası tarixin müxtəlif dövrlərində yüksəlmiş, güclənmiş və süquta uğramışdır. Onun ən böyük düşməni daxili parçalanma və xəyanətdir. Sonda hər mafiya imperiyası, bir gün onun gücündən qorxan insanlar tərəfindən ya devrilir, ya da öz içində xəyanətin kölgəsində çökür. Çünki qanla qurulan bir güc, yalnız qanla sona çata bilər.

İtalyan mafiyasının əsasında duran qanunsuz güc strukturları, zaman-zaman müxtəlif ədəbiyyat və kino əsərlərində tərənnüm edilmişdir. Bu qəbildən ən məşhur və ən çox təsir bağışlayan əsər, Mario Puzonun 1969-cu ildə yazdığı və Fransis Ford Koppolanın 1972-ci ildə ekranlaşdırdığı "The Godfather" (Xaç Atası) əsəridir. Həm kitab, həm də film, İtalyan mafiyasının yalnız cinayətkar təbiətini deyil, həm də onun arxasında yatan güc dinamikalarını, ailə bağlarını və xəyanətə qarşı möhkəm dayanmaq məcburiyyətini dərindən araşdırır.

İtalyan mafiyasının özəl qanunları və strukturu, məhz "The Godfather"da detallı şəkildə təmsil edilir. Filmdəki Don Vito Karleone obrazı, İtalyan mafiyasının idealizə edilmiş simvolu kimi çıxış edir. Karleone, yalnız mafiya lideri deyil, eyni zamanda bir ailə başçısı və ənənələrə sadiq bir liderdir. Onun fəaliyyətləri, mafiyanın əsas prinsipini, yəni güc və ailə əlaqələrini nümayiş etdirir.

Mafiya, heç vaxt yalnız fiziki güc və cinayətkar əməliyyatlarla əlaqələndirilməməlidir. Mafiya sistemi, onun daxili strukturu, ənənələri, sadiq üzvləri, və ailə bağlarının əhəmiyyəti ilə təzahür edir. Don Vito Karleonenin liderliyi, yalnız silah gücü ilə deyil, həm də cəmiyyətin düzgün şəkildə idarə olunması, ailə münasibətləri və daxili etibarlılıqla təyin olunur. Bu, mafiya quruluşunun yalnız cinayətkar olmağını deyil, eyni zamanda daha geniş sosial və iqtisadi şəbəkə daxilində yer tutmasını təmin edir.

Kitabda və filmdə ən çox vurğulanan məsələlərdən biri ailə bağlarının və xəyanətin əhəmiyyətidir. Don Vito Karleone, özünün mafiyadakı mövqeyinə baxmayaraq, ailə üzvlərinin rifahını və təhlükəsizliyini hər şeydən üstün tutur. O, heç bir zaman ailə üzvlərinə zərər vermək istəməz, hətta mafiyaya yeni daxil olmuş şəxslər belə, əgər ailə prinsiplərinə zidd davranırlarsa, dərhal cəzalandırılacaqdır. Bu prinsiplər, Corleone'nin şəxsi həyatını və təşkilatını idarə etməkdə əsas rol oynayır.

 "Bu dünyada yeganə sərvət ailənizdir. Bu, pul və gücdən daha vacibdir"

Əsərdə Karleonenin oğlu Maykl Karleonenin inkişafı, mafiya həyatının gözlənilməz dönüşlərini göstərir. Maykl, əvvəlcə ailəsindən uzaq durur və heç vaxt mafiyanın işlərinə qarışmamağa qərar verir. Lakin, ailənin başçısı olan atasının xəyanətini və öldürülmək təhlükəsini gördükcə, o da birbaşa bu dünyaya daxil olur. Maykl, özünün mübarizəsi və ənənələri qorumağa çalışsa da, nəticədə özünü xəyanətə qərq olmuş bir müharibədə tapır.

Xəyanət, xüsusilə Mayklın həyatında mərkəzi bir yer tutur. Həm özünün, həm də ailəsinin həyatını qorumağa çalışan Mayklın, əslində o ailəni qorumaq məqsədilə çoxsaylı xəyanətlərə və qəddar addımlara əl atır. Bu xəyanət, yalnız xarici düşmənlərdən deyil, həm də daxili ailə üzvlərindən gəlir. Mayklın ən yaxın dostlarından biri olan Tom Hagenin qərarları və davranışları, onu öz mənfəətini güdmək üçün çoxsaylı risklərə girməyə sövq edir.

"The Godfather", yalnız bir cinayətkar şəbəkənin təsviri deyil, həm də gücün əsl mahiyyətini araşdıran bir fəlsəfi əsərdir. Burada güc, yalnız fiziki cəhətdən deyil, həm də mənəvi, sosial və siyasi sahələrdə yerləşir. Don Vito Karleonenin gücü, yalnız onun liderlik bacarığı və insanları manipulyasiya etmə qabiliyyəti ilə deyil, həm də onun ailə üzvlərinə və müttəfiqlərinə qarşı böyük sədaqəti ilə yaranır.

Gücün mənəvi və fiziki tərəfləri arasındakı ziddiyyətlər, əsərin mərkəzi mövzularındandır. Don Karleone, gücün yalnız idarə etmə ilə deyil, insanların qorunması ilə də əlaqəli olduğunu düşünür. Lakin bu güc, onun və ailəsinin həyatını qurtarmağa xidmət etdiyi zaman belə, həmişə xəyanət və təqib ilə nəticələnir.

 "The Godfather" həm kitab, həm də film olaraq, gücün və ailə bağlarının daxilindəki ziddiyyətləri və çətinlikləri işıqlandırır. O, İtalyan mafiyasının strukturu və dinamikasını təhlil etməklə yanaşı, cəmiyyətdəki hərəkətlərimizin və qərarlarımızın necə bəzən qaçılmaz şəkildə özümüzü və ətrafımızdakıları dəyişdirməsinə səbəb olacağını göstərir.

Mafiya, burada sadəcə bir təşkilat deyil, insanların təbiətini, vəfa hissini, xəyanəti və bunun qarşısında qoyulan güc mübarizəsini əks etdirən bir simvola çevrilir. "The Godfather" həm də, sonda gücün ən zərərli tərəfinin insanları bir-birinə qarşı qoyan xəyanət olduğunu dərin fəlsəfi bir şəkildə ortaya qoyur. Bu əsər, mafiyanı romantikləşdirməklə yanaşı, onun arxasında yatan qaranlıq və mürəkkəb münasibətləri göstərir və bu səbəbdən də dövrün ən əhəmiyyətli bədii nümunələrindən biri olmağı bacarır.

Mafiya, bir tərəfdən cəmiyyətin qanunlarından kənar bir güc strukturu kimi çıxış edir, digər tərəfdən isə insanın ən dərin və qarışıq daxili aləmini təmsil edir. Bu təşkilatlar yalnız silahların və qanunun, şiddətin və gücün dilini danışan qurumlar deyil, eyni zamanda həyatın, məğlubiyyətlərin, xəyanətin və vəfanın əks olunduğu bir güc mübarizəsidir. Mafiyanı anlamağa çalışdıqda, bir tərəfdən cinayətin bir təzahürü kimi görünsə də, digər tərəfdən, onun içindəki münasibətlər və prinsiplər, insan təbiətinin özünəməxsus və mücərrəd hallarıdır.

İtalyan mafiyasının üzərində dayandığımızda, "The Godfather" əsəri bu mürəkkəb dünyanı göz önünə sərir. Don Vito Karleone, yalnız bir mafiya lideri deyil, həm də ailə bağlarının, sədaqətin, gücün və xəyanətin əbədiləşmiş simvoludur. Onun həyatı, bizə gücün sadəcə fiziki silahlarla deyil, münasibətlərin və insanlıqla əlaqəli sosial strukturların mühüm bir məhsulu olduğunu göstərir. Karleonenin həm ailəsinə, həm də öz mafiyasına verdiyi qiymət, öz yerini tapmaq istəyən bir insanın daxili qarışıqlığını əks etdirir. Ailənin gözündə qalan əsl lider olmağın gətirdiyi məsuliyyət, həm də gücün özü ilə gətirdiyi tələlər.

Lakin, mafiyanın ən çətin tərəfi, bu gücün dayandığı əxlaqi və fəlsəfi əsasların daim ziddiyyətli olmasıdır. Güc sahibi olmaq, bir çox hallarda insanın öz mənəviyyatını qorumağa çalışması ilə qarşıdurmaya girir. Mafiya liderləri, ən çox, insanları qorumaq üçün özlərini qorumağa çalışan şəxsiyyətlər kimi çıxış edirlər, lakin bu prosesdə əslində insanın nə qədər qurban verdiyi və itkilərin necə birikdiyi gözlər önünə sərilir. Onların mübarizəsi yalnız maddi zənginlik və ərazi üstündə deyil, eyni zamanda ruhani zənginlik və mənəvi müqavimət üzərindədir. Bu da mafiyanın dərin fəlsəfi tərəfidir. Onlar, özlərinin doğruluğu və əxlaqı üçün cəmiyyətin başqa tərəflərindən xaricə çıxmış və "öz qaydalarını" tətbiq etmiş insanlardır.

Gücü qorumağa çalışan Don Vitonun həyatı, bəzi prizmalardan qəhrəmanlıq və şəfaətə bənzəyir. Ancaq film və kitabda göründüyü kimi, heç bir güc mübarizəsi, heç bir ailə bağları, yalnız sadiqlik və güvən üzərində qurulmuş bir dünya, xəyanətin və fədakarlığın gətirdiyi qaranlıq tərəfi gizlədə bilməz. Karleonin ailəsi, onun övladları, qohumları və yaxın dostları, onun ətrafındakı bu böyük sədalı dünyanın arxasında gizlənən dərdləri, içki, müharibə və təhdidlər qarşısında əslində heç də qorunmamışdır. Mafiya, məhz bu qanunsuz güc oyununda əslində özünü qoruyur, amma bu qorunma zamanla onu əzab və iztirab içində daha da qapalı və qaranlıq bir həyatın içində sürükləyir.

Əsərin əsas fəlsəfi mövzularından biri, güc və ailə münasibətlərinin bəzən bir-birinə qarışmasıdır. Ailə, bu mühitdə, yalnız bioloji bağlarla deyil, həm də sosial və ruhi əlaqələrlə güclənmiş bir qurum olaraq əks olunur. Karleonenin mübarizəsi, təkcə öz təşkilatını deyil, həm də ailəsinin sağlamlığını, həyatını və gələcəyini qorumağa yönəldilir. Bu, insanların həyatda güc əldə etmək arzusunun və bu gücün idarə olunmasında qarşılaşdıqları çətinliklərin simvoludur. Lakin, ailə bağları da zaman-zaman cəmiyyətdən ayrılan bir fərdi güc şəbəkəsinə çevrilir, və burada əxlaqın ənənəvi formaları, şəxsi məqsədlərə və həyat üçün mübarizəyə qurban gedir.

Xəyanət, "The Godfather"da ən dərin və mürəkkəb şəkildə işıqlandırılmış bir mövzudur. Xəyanət yalnız şəxsi etimadın pozulması deyil, həm də insanın öz mənəvi sərhədlərini aşması, öz daxili qanunlarına qarşı çıxmasıdır. Mafiya həyatı, xarici dünyadan ayrı bir aləmdə hökmranlıq etməyə çalışarkən, əslində daxili aləmdəki zəiflikləri və qaranlıq tərəfləri ortaya qoyur. Maykl Karleonenin öz atasını müdafiə etmək, ailəsinin adını qorumaq məqsədilə etdiyi qərarlar, onun daxili dünyasında qarşı-qarşıya qaldığı dəyərlərin itirilməsi ilə nəticələnir. O, nəticədə, ailəsini qorumaq istəyərkən, eyni zamanda insanlıq dəyərlərini itirir, ən yaxınlarını itirir və özünün xarakterindəki ən yaxşı hissləri itirir.

Gücdən istifadə etmək, onu qorumağa çalışan insanın özünü mükəmməl bir şəkildə, həm cəmiyyətin qanunlarından, həm də insanlığın əsas prinsiplərindən kənar bir dünyada yerləşdirməsini tələb edir. Mafiya, bu baxımdan, yalnız cinayətkar bir şəbəkə deyil, əslində insanın içindəki mübarizənin, vicdanın, vəfasızlığın və ən azından, əxlaqın pozulması qarşısında yerləşən bir gerçəkliyin simvoludur. Bəzən güc əldə etmək, insanın öz üzərində sərt bir hakimiyyət qurması, öz mənəviyyatını çökdürməsi və nəhayət, özünü bir canavara çevirməsi ilə nəticələnir.

Bu səbəbdən də mafiyanın dünya baxışı, cəmiyyətin fərqli qatlarına baxarkən, həm qorxunc, həm də cazibədar bir nəsnəyə çevrilir. Hər bir fərd, bu aləmdə öz yerini tapmağa çalışır, amma nəticədə, bu məğlubiyyət və iztirabın, mənəvi mübarizənin və ehtirasın dövründən başqa bir şey olmadığını anlayır. "The Godfather"ın dediyi kimi: "Bir adamın ürəyində, iki şey var; bir tərəfi özünü qoruyur, digər tərəfi isə qəzəbdən yanır." Bu, mafiyanın özündəki ziddiyyətləri və insanın daxili konfliktlərini ən yaxşı şəkildə əks etdirən bir müdriklikdir..

 

Amma bir anlıq düşünək, əziz Oxucum. Gerçək dünya bundan nə ilə fərqlənir? Biz mafiya deyəndə, qaranlıq küçələrdə pıçıldanan vəhşi sövdələşmələri, qanla möhürlənmiş andları, xəyanətə bilet kəsən silahların səsini təsəvvür edirik. Amma bəlkə də bu, sadəcə romantik bir illüziyadır? Bəlkə də əsl mafiyalar, əlləri silah deyil, qanunlarla silahlanmış, küçələrdə yox, parlament salonlarında, korporativ iclas otaqlarında gizlənənlərdir?

Koza Noztrada sədaqət bir seçim deyil, borcdur. Amma bu günkü dünyada xəyanət bir incəsənətdir, diplomatiya adlanır, manevr bacarığı sayılır. Mafiyada söz vermək müqavilədən daha güclüdür. Necə ki, pozsan, başını itirərsən. Amma müasir dünyada bir imza ilə minlərlə insanın taleyi dəyişdirilir, bir qərarla xalqlar köçkün salınır, müharibələr alovlandırılır, milyonlarla insan yoxsulluğa məhkum edilir. Ən absurdu isə heç kim cəza almır. Əsl mafiya budurmu? Yoxsa biz sadəcə oyunçuların paltar dəyişdirdiyi bir teatrda, ssenariyə inanmış tamaşaçılardan başqa bir şey deyilik?

Mafiyanın qaydaları var, sənin etdiyin xəyanət cəzalandırılır. Amma şirkətlər, siyasi institutlar – onlar sənin həyatını, gələcəyini, bütöv bir cəmiyyətin taleyini satanda, heç kim məsuliyyət daşımır. Mafiyada alçaldılan, xəyanətə uğrayan biri qanını tələb edir. Amma bu gün insanlar həyatlarının oğurlanmasını, sistemin onları çeynəyib tüpürməsini sakitcə izləyir, çünki onlara öyrədilib ki, həqiqi güc həmişə görünməzdir.

Odur ki, əgər sən mafiyanı cəmiyyətin ən təhlükəli qurumu hesab edirsənsə, bəlkə də sadəcə yanlış yerə baxırsan Dostum. Əsl güc haradadır? Küçələrin qaranlığında, yoxsa parlamentlərin işıqlı salonlarında? Güllənin səsində, yoxsa səssiz imzalanan qanunların içində? Əgər qanunsuz sistemlər şərəf və sədaqət tələb edirsə, amma “qanuni” sistemlər yalnız yalan və riyakarlıqla işləyirsə, bəs kim daha təhlükəlidir?

 

Biz İtaliya mafiyası barədə, kinematoqrafiya incisi sayılan "The Godfather" filmi barədə ətraflı danışdıq. Yeri gəlmişkən, İtaliyada hələ də “mafiya” kəlməsinə ehtiram bəslənir, hələ də mafiya qayda-qanunları, dərin dövlət anlayışları gündəmdən düşmür. Mövzu maraqlıdır, maraqlı olduğu qədər də düşündürücüdür.

 

“Ədəbiyyat və incəsənət”

(07.04.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.