“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.
Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.
Təbiidir ki, illərdir bir çox müəlliflər uğur qazanmağın yollarını göstərmək niyyəti güdən kitablar yazıblar. Onların içində adı dünyalarca məşhurlaşanlar, ən tanınmış motivasiya spikeri adını alanlar da var, yazdıqlarını bestseller səviyyəsinə daşıya bilməsələr belə, kütləvi oxucu qazanmaq şərəfinə nail olanlar da var, heç bir iz qoya bilməyərək yazdıqlarının makulaturaya çevrilməsiylə barışanlar da var.
Əlbəttə ki, mən öz tədqiqatım boyunca ən çox səs-küy qoparan «uğurqazanma bestsellerlərinə» toxunacağam. Oxuculara oxunması məsləhət görülən bu bestsellerlərin əsas müddəalarını göstərəcək, tezislərini qabardacağam.
İndi isə gəlin əksər reytinq sıralamalarında yer alan «bizneçdə və peşəkar fəaliyyətdə uğur qazanmaq» mövzusunda ən populyar motivasiya bestsellerləri arasından sizinçün seçdiyim 10-luğa nəzər yetirməyi davam etdirək.
Toni Şey. «Xoşbəxtlik gətirərək. Sıfırdan milyardadək».
Öncə sadaladığım 5 kitabdan fərqli olaraq bu kitab konkret əhvalatlardan bəhs edir. Yəqin ki, Zappos adlı kompaniyanın adını eşitmisiniz. Son dövrün ən gənc milyardçısı, amerikalı Toni Şey bu kitaba topladığı əhvalatlarda öz avtobioqrafiyasını qeyd edir, doqquz yaşından biznesə necə başlamasını, Zappos-u necə qurmasını açıqlayır, bu kompaniyanın öz əməkdaşlarına firavanlıq, müştərilərə isə bol rahatçılıq gətirməsi sirlərini açır, kompaniyasının fəaliyyəti dövründəki inanılmaz uğurları (təkcə birini qeyd edim: 1998-ci ildə onun yaratdığı LinkExchange adlı banner mübadiləsi şəbəkəsini Microsoft 265 milyon dollara satın alıb), eləcə də səhvləri, kuryoz hadisələri göstərir. Toni Şey bu kitabında həm də müasir dövrdə kompaniyaların qurulması, fəaliyyəti, möhkəm biznesin qurulması qayda-qanunlarını şərh edir.
Toni Şeyin xoşbəxtlik anlayışı isə baxın belədir: «Mən həyatımın ən xoşbəxt anlarının siyahısını tutdum və başa düşdüm ki, bu anların heç biri pulla bağlı deyil. Mən dərk etdim ki, özümü ətrafıma komanda toplayanda, qurub yaradanda xoşbəxt saymışam. Səhər ertəyədək dostlarımla təmasda olanda, onlarla Günəşin doğmasını seyr edəndə xoşbəxt olmuşam. Sinif yoldaşlarımla məktəbdə oyunlar oynayanda özümü xoşbəxt hiss etmişəm, sirkəyə qoyulmuş xiyar yeyəndə özümü xoşbəxt hiss etmişəm».
Bəli, bəli! Məhz belə!
“Ədəbiyyatvə incəsənət”
(26.03.2025)