Zülmətə qalib gələn işıqlı adam – İLHAM ZƏKİYEVDƏN DANIŞACAĞIQ Featured

Kənana Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Gənclik şəhəri Sumqayıtın rəsmən Fəxri vətəndaşları yoxdur, Sovet dönəmində dəbdə olan bu titul indi tətbiq edilmir. Amma şəhərin qeyri-rəsmi fəxri vətəndaşları xeyli saydadır, onlardan biri də İlham Zəkiyevdir. Həmişə martın əvvəllərində Sumqayıt ictimaiyyəti üçün bu fədakar, qəhrəman insanı doğum günü münasibətilə təbrik etmək ənənəsi də qalmaqdadır.

 

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin vitse-prezidenti, ikiqat paralimpiya çempionu, Əməkdar idman ustası İlham Zəkiyevin martın 3-də yubileyi oldu, 45 yaşı tamam oldu. Gəlin onun ömür-gün səhifələrini birlikdə vərəqləyək.

 

İlham Zəkiyev 1980-ci ildə Sumqayıt şəhərində anadan olub. Sumqayıt şəhərinin 5 saylı orta məktəbinin məzunudur. Məktəbli olarkən ən çox sevdiyi fənlər coğrafiya, tarix və riyaziyyat olub. İlhamın özündən üç yaş böyük qardaşı Fikrət Zəkiyev güləş ilə məşğul olub. Onun sayəsində İlhamın da idmana həvəsi yaranıb.

1995-ci ildən Azərbaycanın əməkdar məşqçisi Əhməddin Rəcəblinin başçılığı altında Mehdi Hüseynzadə adına şəhər stadionunda cüdo ilə məşğul olmağa başlayıb. Çox qısa müddət ərzində uğurlara imza atıb, Sumqayıt şəhər birinciliyində qalib gəlib, gənclər arasında keçirilən cüdo üzrə Azərbaycan birinciliyində mükafatçı olub və sambo üzrə yeniyetmələr arasında Respublika çempionu adını qazanıb. 1998-ci ilin iyun ayında isə Azərbaycan Kubokunun qalibi olub, yeniyetmələrin Moskvada keçiriləcək olimpiadasına vəsiqə qazanıb. Təəssüf ki, Moskvadakı Olimpiadaya getmək ona qismət olmayıb, o, həqiqi hərbi xidmətə çağırılıb və 2 iyul 1998-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət etməyə başlayıb.

Və həmin o qapqara bir gün: xidmətinin 7-ci ayında - 1999-cu ilin fevralında Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman İlham Zəkiyev düşmən tərəfindən atılan snayper gülləsinə tuş gəlib. Güllə onun sağ gicgahından girib, sol gicgahından çıxıb. O, beş gün koma vəziyyətində qalıb və həkimlər onun öləcəyini bildiriblər. Bu cür xəsarətdən sonar insanın sağ qalması möcüzə kimi görünür. Lakin möcüzə baş verib. Beşinci gün İlham rayon xəstəxanasında anasının səsini eşidib, özünə gəlib, amma gözlərini açanda, heç nə görməyib. Başa düşüb ki, görmə qabiliyyətini itirib.

Gənc yaşında dünya işığından məhrum olmaq əlbət ki, istənilən insanı sındırar. Amma İlhamı yox. O dərhal qərar qəbul edib. Olimpiya olmadı, eybi yox, paralimpiya olsun.

İlham Zəkiyev 2002-ci il noyabr ayının 1-dən məşqlərə başlayıb. 2003-cü ilin avqust ayında Kanadanın Kvebek şəhərində keçirilən Görmə Əlilliyi olan İdmançıların ikinci Dünya Çempionatında ilk dəfə tatamiyə çıxıb. Bəxt üzünə gülməyib, püşkatmanın dərəcəsinə görə kubalı dünya çempionu Rafael Torres Pompe ilə yarışmalı olub və çox gərgin keçən mübarizədə xal fərqi ilə ona məğlub olub. Buna baxmayaraq, İlham Zəkiyev təsəlliverici görüşlərdə qalib olaraq bürünc medala sahib olub və 2004-cü il Afina Paralimpiya Oyunlarına vəsiqə qazanıb. O,  Azərbaycandan Paralimpiya Oyunlarında iştirak edən yeganə cüdoçu olub, Afinada ilk qarşılaşdığı idmançı isə yenidən Kvebekdəki yarışda məğlub olduğu kubalı dünya çempionu olub. Bir dəqiqə qırx saniyə çəkən döyüşdə rəqibini üstələyib qisasını alaraq İlham yarımfinala yüksəlib. Yarımfinalda İspaniyadan olan idmançını otuz yeddi saniyə ərzində məğlub edib. Finalda isə Böyük Britaniyadan olan rəqibinə ippon fəndi ilə bir dəqiqə iki saniyə müddətində üstün gələrək Paralimpiya Oyunları çempionu adını qazanıb.

Daha bir ildən sonra isə o, Niderlandda keçirilən Avropa çempionatının final yarışında Fransanı təmsil edən Julyen Torini məğlub edərək Avropa çempionu adını qazanıb.

2006-cı ildə İlham Zəkiyev Fransada keçirilən dünya çempionatında bürünc medal qazanıb. 2007-ci ildə Bakıda keçirilən dünya çempionatında isə qalib olub. Həmin ildə Braziliyada keçirilən ümumdünya yarışında da qızıl medala layiq görülüb. 2008-ci ildə ikinci Paralimpiya Oyunlarında iştirakı zamanı Çinin paytaxtı Pekində fransalı idmançı Julyen Turini məğlub edib.

2012-ci ildə Almaniyanın Heydelberq şəhərində keçirilən paralimpiyaçı cüdoçular arasında Dünya Kubokunda gümüş medala sahib olub. 2013-cü ildə altıncı dan qara kəmərə layiq görülüb. Həmin il Londonda keçirilən Paralimpiya Oyunlarında ilk görüşündə dağıstanlı Heydər Heydərovla qarşılaşıb və ona heç bir şans verməyib. Növbəti – 1/4 finalda rəqibi yaponiyalı Kento Masaki olub. Çətin keçən qarşılaşmadan rəqib qalib ayrılıb. Nəticədə İlham təsəlliverici görüşlərə qatılıb və burada braziliyalı Vilians Silvaya qalib gələrək, bürünc medala layiq görülüb.

Bu qədər qalibiyyətlər ona 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunlarının açılış mərasimində məşəl yandırmaq şərəfini gətirib. Həmin yarışlarda Azərbaycan komandasının aktivinə 18-ci qızıl medalı məhz İlham yazdırıb. O, finalda Ukrayna təmsilçisi Aleksandr Pominovu məğlub edərək çempion olub.

Braziliyanın Rio-de-Janeyro şəhərində XVII Yay Paralimpiya Oyunlarının açılış mərasimində isə yığmanın kapitanı kimi Azərbaycan bayrağını o aparıb.  

İlham Zəkiyev təhsilsiz də qalmayıb, o, 2016-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasından məzun olaraq, bədən tərbiyəsi və idman ixtisası üzrə bakalavr ali peşə-ixtisas dərəcəsinə yiyələnib.

Ailə həyatına gəlincə, 2005-ci ildə ailə həyatı qurub. Üç övladı var: iki oğul, bir qız.

İlham Zəkiyev 2008-ci il dekabr ayının 26-da “Şöhrət” ordeninə, 2009-cu ilin mart ayının 5-də “Əməkdar idman ustası” adına, 2012-ci ildə “Tərəqqi” medalına layiq görülüb. 2012-ci il may ayının 10-da Heydər Əliyev Mərkəzinin açılışı zamanı Heydər Əliyev Fondunun təsis etdiyi “Qızıl çinar” beynəlxalq mükafatına da layiq görülüb. 2016-cı ildə İlham Zəkiyev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Və sonda onu da qeyd edim ki, 2011-ci ildə rejissor Məhsim Məhsimov tərəfindən İlham Zəkiyevin həyatından bəhs edən qısametrajlı “İşıqlı zülmət” filmi çəkilib.

Bax sumqayıtlı İlham Zəkiyev belə bir şəxsiyyətdir!

 

 

“Ədəbiyyat və incəsənət”

(07.03.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.