İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Dünən çox məşhur bir azərbaycanlının doğum günü idi. Mən bu gün təkrarın o məşhura ona görə qayıdıram ki, hələ də çox qism yeniyetmə və gənclərimiz onu tanımırlar. Belə olmaz. Azərbaycanlı olaraq bizə qürur yaşadan insanlardandır haqqında danışacağım bu şəxs.
Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədri Lütfi zadə 1921-ci ilin 4 fevral tarixində, Rəhim Ələsgərzadə və yəhudi əsilli uşaq həkimi olan Feyqa (Fanya) Moiseyevna Koremanın ailəsində dünyaya gəlib.
Orta təhsilini tamamladıqdan sonra o, Tehran Universitetinin Elektrik mühəndisliyi fakültəsinə daxil olub. Böyük alimin Amerika həyatı isə 1944-cü ildən başlayır. Tehran Universitetini böyük uğurla başa vurduqdan sonra o Amerika Birləşmiş Ştatlarına gəlib və təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirib. 1947-ci ildə valideynlərini də öz yanına gətirən alim artıq bu vaxt Kolumbiya Universitetində çalışırdı. O, 1948-ci ildə bu universitetdə elektron mühəndisliyi üzrə magistr, 1957-ci ildə isə professor dərəcəsi alıb. Həmin vaxt Lütfi Zadə məşhur alim, kibernetikanın atası hesab olunan Norbert Vinerin tövsiyəsi ilə Kaliforniyaya, bu ştatdakı Berkli Universitetinə gəlib. Burada ilk vaxtlar bir qədər çətinliklər çəkən alim sonralar şəraitə uyğunlaşıb və ömrünün sonuna qədər də Berkli Universitetinin professoru olaraq qalıb.
Bu gün dünya elminə Lütfi Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Hazırda onlar elm və istehsalatda geniş şəkildə tətbiq olunur. Ona dünya şöhrəti qazandıran, onun dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsidir. Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə vermişdir: qeyri-səlis çoxluq. Elmdə qeyri-səlis ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaradır.
Aparıcı dünya şirkətləri tərəfindən tətbiq olunan bu nəzəriyyə 1965-ci ildə işlənib hazırlanmışdır. Nəzəriyyə uzun müddət Amerika elmi ictimaiyyəti tərəfindən qəbul edilməsə də, ötən əsrin 80-ci illərində yapon alimlərinin diqqətini cəlb etmiş və yaponlar bu unikal nəzəriyyədən yararlanmaq qərarına gəlmişlər. Lütfi Zadə nəzəriyyəsinin tətbiqi gündoğan ölkəyə milyardlar qazandırmışdır. Bu gün Yaponiyanın "Mitsubishi", "Toshiba", "Sony", "Canon", "Sanyo", "Nissan", "Honda" və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq nəzəriyyəsinə əsaslanan foto və videokameralar, paltaryuyan maşınlar, vakum kimyəvi təmizləyiciləri istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər.
Onun 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafat – "Honda" mükafatı təqdim olunub. Amerikalılar da bu nəzəriyyənin qiymətini anlamağa, ondan yararlanmağa başlayıblar. Bu gün bu nəzəriyyə Amerikanın "General Motors", "General Electric", "Motorola", "Dupont", "Kodak" və başqa şirkətləri tərəfindən istehsalatda geniş tətbiq olunur. Hazırda bu nəzəriyyədən iqtisadiyyatda, psixologiyada, linqvistikada, siyasətdə, fəlsəfədə, sosiologiyada, dini məsələlərdə, münaqişə problemlərində də istifadə olunur.
Azərbaycanlı alim, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi 6 sentyabr 2017-ci ildə ABŞ-nin Kaliforniya ştatında yerli vaxt ilə səhər saat 7:30-da 96 yaşında dünyasını dəyişmişdir. Alim sağlığında Bakıda dəfn olunmasını vəsiyyət etmişdir. Bir sıra səbəblərdən alimin nəşinin doğma vətəninə gətirilməsi yubanmışdır. Nəhayət, 28 sentyabrda cənazə San-Fransiskodan Bakıya yola salınmış və 29 sentyabr saat 03 radələrində Bakıya çatdırılmışdır. Həmin gün alimlə AMEA-da vida mərasimi keçirildi. Mərasimdə prezident İlham Əliyev başda olmaqla dövlət və hökumət rəsmiləri, elm və mədəniyyət xadimləri iştirak etdi. Onun yaxın qohumu, xalq artisti Cənnət Səlimova nümayəndə qismində çıxış etdi. Dünya şöhrətli alim I Fəxri Xiyabanda torpağa tapşırıldı.
Azərbaycanlı ABŞ alimi, süni intellekt sahəsində müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxs olan Zadə Eringen,IEEE Hamming, Rufus Oldenburger medalları, IEEE Şərəf Medalı, 2012 BBVA Foundation Frontiers of Knowledge Award Tehran Universitetinin Fəxri Doktoru, IEEE Təqaüdçüsü, AAAS Təqaüdçüsü, AAAI Təqaüdçüsü, Milli Mühəndislik Akademiyasının üzvü, Avrasiya Akademiyasının təsisçi üzvü mükafatlarına layiq görülmüşdür.
Allah rəhmət eləsin. Amin.
“Ədəbiyyat və incəsənət”
(05.02.2025)
*