Rubrikanı təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Yaxın müddətdə rubrikamızda bir ad çəkiləcək – Davud Nəsib adı.
Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən olan Davud Nəsib (Davud Məcid oğlu Nəsibov (1942-2003)) SSRİ dönəmində gəncliyin ən sevilən şairlərindən biri olub. Eləcə də gənclik çağında ümumittifaq miqyasında ən böyük uğurlara imza atmış şairimiz olub.
Davud Nəsib 1978-cü ildə Azərbaycan gənclərinin ən böyük təşkilatı olan Azərbaycan komsomolunun ən ali mükafatının – Azərbaycan komsomolu mükafatının laureatı olub. Cəmi 2 ildən sonra bu dəfə artıq SSRİ-nin ən ali gənclik mükafatına – Ümumittifaq Komsomolu mükafatına layiq görülüb. O, həm də hər iki qurumun Fəxri Fərmanları ilə təltif edilib, Ümumittifaq komsomolunun qurultayında Azərbaycanı təmsil edib.
Vətənə, valideyinlərə ülvi məhəbbət, saf sevgi hissləri, nəcibliyin, xeyirxah əməllərin tərənnümü Davud Nəsib poeziyasının leytmotivini təşkil edib. Müstəqillik dönəmində isə şair qələmini süngüyə çevirərək erməni millətçiliyi ilə mübarizəyə qalxıb, bir-birindən sanballı əsərlər ortaya qoymaqla gənc nəslin vətənpərvərlik, qəhrəmalıqn ruhunda yetişməsinə öz töhfələrini verib.
Bu gün sizlərə “Mənmim andım” şeirini təqdim edəcəyik.
MƏNİM ANDIM
Hamıdan mənalı danışar dilim
Əgər ürək dinsə, danışa bilsə.
Mən elə yanaram,
Bir ovuc külüm
Doğma torpağıma qarışa bilsə.
Qorxum yox zərrəcə məğrur ölümdən,
Verərəm yolunda ömrümü bütün.
Əgər lazım gəlsə, daş olaram mən
Bir düşmən başına çaxılmaq üçün.
Bəzən Kür olaram, Araz olaram
Doğma Xəzərimə qovuşmaq üçün.
Sərt külək olaram,
Ayaz olaram,
Savalan dağını mən aşmaq üçün.
Özünü nə desən sanmaq asandır,
İçərəm, badəyə töküb qəmi mən.
Yanaram...
Bəlkə də yanmaq asandır,
Bilmirəm, yanmağa layiqəmmi mən?
“Ədəbiyyat və incəsənət”
(31.01.2025)