Rubrikanı təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Yaxın müddətdə rubrikamızda yalnız bir ad çəkiləcək – Davud Nəsib adı.
Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən olan Davud Nəsib (Davud Məcid oğlu Nəsibov (25 avqust 1942, Qazax -26 mart 2003, Bakı)) SSRİ dönəmində gəncliyin ən sevilən şairlərindən biri olub. Eləcə də gənclik çağında ümumittifaq miqyasında ən böyük uğurlara imza atmış şairimiz olub.
Davud Nəsib 1978-ci ildə Azərbaycan gənclərinin ən böyük təşkilatı olan Azərbaycan komsomolunun ən ali mükafatının – Azərbaycan komsomolu mükafatının laureatı olub. Cəmi 2 ildən sonra bu dəfə artıq SSRİ-nin ən ali gənclik mükafatına – Ümumittifaq Komsomolu mükafatına layiq görülüb. O, həm də hər iki qurumun Fəxri Fərmanları ilə təltif edilib, Ümumittifaq komsomolunun qurultayında Azərbaycanı təmsil edib.
Vətənə, valideyinlərə ülvi məhəbbət, saf sevgi hissləri, nəcibliyin, xeyirxah əməllərin tərənnümü Davud Nəsib poeziyasının leytmotivini təşkil edib. Müstəqillik dönəmində isə şair qələmini süngüyə çevirərək erməni millətçiliyi ilə mübarizəyə qalxıb, bir-birindən sanballı əsərlər ortaya qoymaqla gənc nəslin vətənpərvərlik, qəhrəmalıqn ruhunda yetişməsinə öz töhfələrini verib.
Bu gün sizlərə “Azərbaycanın” şeirini təqdim edəcəyik.
AZƏRBAYCANIN
Səhərəm, səhərin sorağındayam,
Zəfərəm, zəfərin sorağındayam,
Mən Babək, Koroğlu oylağındayam,
Torpağı əzizdir Azərbaycanın.
Bir ucu Xəzərdir, bir ucu Xram,
Təbrizsiz kim gülər, sevinər haram.
Cərrah istəyirəm, kəsilsin yaram,
Kədəri dənizdir Azərbaycanın.
Soruş hər obadan, soruş hər eldən,
Mən ki qorxmamışam tufandan, seldən.
Yadlar tüfəngindən, yadlar əlindən
Dağları göz-gözdür Azərbaycanın.
Düşmən qarşısında enən deyildir,
Hər şeyə danışan, dinən deyildir.
Oduyla oynansa sönən deyildir,
Ürəyi qor, közdür Azərbaycanın.
“Ədəbiyyat və incəsənət”
(30.01.2025)