Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Ayrılıq mehriban,
Ayrılıq doğma.
Gəlmə.
Ayrılığın evini yıxma.
Arzular dirçələr, yuxum çin olar,
Otaqda gərəksiz gülüşlər dolar,
Məndən küsüb gedər incik şeirlər.
Sevinclər içində təklənər kədər.
Əzablar içində yaşayım yenə
Xeyli dərd lazımdır ölməkçün mənə
Gəlmə,
Gəlmə...
Belə qalım azadam,
Azad.
Mənə bu dünya da,
o dünya da yad.
Bu gün Azərbaycan ədəbiyyatında tənhalıq poeziyası yaradan, qəlibsiz şeirlər yazıb, Allah üçün darıxan,
"Məzarıma nə başdaşı qoyun, nə heykəl.
Bir cüt ayaqqabı qoyun,
ayağıyalın geyib getsin"
-söyləyən ssenarist, dramaturq, Dövlət mükafatı laureatı, əməkdar incəsənət xadimi, Azərbaycanın Xalq şairi Vaqif Səmədoğlunun anım günüdür.
Vaqif Səməd oğlu Vəkilov 1939-cu il iyunun 5-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində dünyaya gəlib.
O, 1956-cı ildə Bakıdakı Bülbül adına Musiqi məktəbini bitirib, Azərbaycan Dövlət Konservatoriyasında fortepiano ixtisası üzrə ali təhsil alıb.
Daha sonra isə Moskvada Çaykovski adına Konservatoriyada ixtisas kursu keçib.
Əmək fəaliyyətinə 1963-cü ildə Azərbaycan Dövlət Konservatoriyasında müəllim olaraq başlayan Vaqif Səmədoğlu 1968-1973-cü illərdə “Azərbaycan Sovet Ensiklopediyası” Baş redaksiyasında “İncəsənət” şöbəsinin müdiri, 1973-1975-ci illərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında ssenarist, 1978-1982-ci illərdə “Yazıçı” nəşriyyatında redaktor, 1982-1985-ci illərdə yenidən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında ədəbi hissə müdiri, 1992-1994-cü illərdə isə “Oğuz eli” qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır.
O, 2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı və Azərbaycan Parlamentinin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü olmuşdur.
Şairin "Yeddi şeir" adlı ilk mətbu əsəri 1963-cü ildə "Azərbaycan" jurnalında dərc olunub. Və bundan sonra onun əsərləri dövri mətbuatda vaxtaşırı dərc olunmuşdur.
4 kitabın, 8 dram əsərinin, saysız-hesabsız şeirlərin, 23 filmin ssenari müəllifidir. Əsərləri bir çox xarici dillərə tərcümə edilib, kitabları MDB ölkələrində, Türkiyə və İranda nəşr olunub.
“Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenlərinə layiq görülüb.
O, 2015-ci il yanvarın 28-də, 76 yaşında vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(28.01.2025)