Bir direktor, bir şagird layihəsində Rəna Hüseynova və Mehin Rəhimli Featured

“Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun  Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə keçirdiyi “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir. 

 

Hazırda təqdimatda 161 nömrəli tam orta məktəbdir.

 

Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı

 

 DİREKTOR :

Rəna Şəmsəddin qızı Hüseynova 4 iyun 1986-cı ildə Ucar rayonunda anadan olmuşdur. İlk təhsilini Ucar rayonu 2 nömrəli tam orta məktəbdə almışdır. 2004-2008-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsində ali təhsilə yiyələnmişdir. 

2012-ci ildə Ucar rayonu 2 nömrəli tam orta məktəbdə tarix müəllimi vəzifəsi üzrə pedaqoji fəaliyyətə başlamışdır.

2019-cu ildən Bakı şəhəri 143 nömrəli tam orta məktəbdə tarix müəllimi kimi çalışmış, dərs dediyi siniflər, əsasən, rus bölməsini əhatə etmişdir. 

2023-cü ildən Bakı şəhəri 143 nömrəli tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini kimi fəaliyyət göstərmişdir. 

2024-cü ilin yanvar ayında Yasamal rayonu C.Cabbarlı adına 161 nömrəli tam orta məktəbin direktor vəzifəsinə təyin edilmişdir, hal-hazırda da həmin məktəbdə fəaliyyətini davam etdirir.

Rəna Hüseynova pedaqoji fəaliyyəti zamanı  bir çox layihələrin iştirakçısı və müəllifi olmuşdur. Həmçinin o, ulu öndərimiz Heydər Əliyevə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərindəndir.

Bundan əlavə, Rəna Hüseynovanın şagirdləri bir sıra yerli və beynəlxalq olimpiadaların qalibi və mükafatçısı olmuşdur.

Rəhbəri olduğu 161 nömrəli tam orta məktəb innovativ məktəblər sırasına daxil olduğundan 2024-cü ilin may ayında  “İnnovativ Məktəb” layihəsi çərçivəsində İsraildə keçirilən təlimlərdə uğurla iştirak etmişdir. “ORT İsrail” məktəblər şəbəkəsinin mütəxəssisləri tərəfindən keçirilən təlimdə əsas məqsəd təhsil işçilərini şagirdləri yetkin həyatının çağırışlarına və gələcək əmək bazarının tələblərinə cavab verməyə hazırlaması üçün lazımi bilik, bacarıq və səriştələrin inkişaf etdirilməsi olmuşdur.

Hansı vəzifədə çalışmasından asılı olmayaraq, hər bir insan öz fəaliyyətini düzgün qurmalı, öz üzərində çalışmalı və işinə məsuliyyətlə yanaşmalıdır. Rəna Hüseynova daim öz üzərində çalışır, müxtəlif yerli və beynəlxalq təlim və layihələrdə mütəmadi olaraq iştirak edir.

 

ŞAGİRD:

Mehin Rəhimli Elmir qızı 10 aprel 2010-cu ildə Lənkəran şəhərində anadan olmuşdur. 2016-cı ildə Xırdalan şəhər 1 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur, 2020-ci ildən etibarən təhsilini Yasamal rayonu Cəfər Cabbarlı adına 161 nömrəli tam orta məktəbdə davam etdirir. Hal-hazırda 9-cu sinif şagirdidir.

2015-2023-cü illərdə Niyazi adına 22 nömrəli musiqi məktəbində fortepiano ixtisası üzrə təhsil almışdır. 

2018-2019-cu illərdə İncəsənət Gimnaziyasında milli rəqs sənəti ilə məşğul olmuşdur.

Kimya fənni üzrə Respublika Fənn Müsabiqələrində iştirak etmiş, uğur qazanmışdır.

2022-ci ildə Kiçik Akademiyada baş tutan tədbirdə slayd üzərində hazırladığı yeni məhsulu təqdim etmişdir.  

2023-2024-cü illərdə “EducationUSA Early Bird” proqramlarına qatılmışdır. 

2024-cü ildə ADA Universitetində təşkil olunan “VI English Language Olympiad”da iştirak etmişdir.

2024-2025-ci illərdə davam edən, İsrail və Azərbaycanın birgə layihəsi olan Beynəlxalq Kosmik Olimpiyadada iştirak edir.

2025-ci ildə davam etməkdə olan “Azərbaycan Milli Peyk İnnovasiya” müsabiqəsində iştirak edir.

Məktəbdaxili və məktəbdənkənar müxtəlif intellektual yarışlarda iştirak edərək bilik və bacarıqlarını inkişaf etdirmişdir. Boş vaxtlarında teatr tamaşalarına, muzeylərə və kitab sərgilərinə gedir. Xüsusilə, detektiv janrda olan kitablar oxumağa maraq göstərir.

 

ESSE

Süni intellekt təhsil həyatımı necə asanlaşdırır?

 

Müasir dövrümüzdə texnologiyanın sürətli inkişafı ilə həyatımızın müxtəlif sahələrində yeniliklər müşahidə olunur. Bunlardan biri də süni intellektin (Sİ) təhsildə tətbiqidir. Sİ, təhsil həyatımı asanlaşdıraraq öyrənmə prosesini daha effektiv və maraqlı edir.

Birincisi, süni intellekt fərdi öyrənmə imkanları yaradır. Hər bir insanın öyrənmə qabiliyyəti və tempi fərqlidir. Sİ əsaslı tətbiqlər, ehtiyaclarımı nəzərə alaraq şəxsi tədris planı hazırlayır. Məsələn, zəif olduğum mövzularda əlavə izahlar və tapşırıqlar təqdim edən proqramlar mənim üçün faydalıdır. Beləliklə, vaxtımı düzgün idarə edərək öyrənmə prosesində irəliləyiş əldə edirəm.

İkincisi, süni intellekt məlumat əldə etməyi asanlaşdırır. Əvvəllər kitabxanalarda uzun müddət sərf edərək məlumat toplamaq lazım idi. İndi isə Sİ əsaslı axtarış sistemləri və məlumat bazaları vasitəsilə qısa müddət ərzində lazımi biliklərə çatmaq mümkündür. Bu, xüsusilə tədqiqat işlərində və layihələr hazırlayarkən mənim üçün böyük üstünlükdür.

Üçüncüsü, süni intellekt dərsləri maraqlı və interaktiv edir. Virtual reallıq və Sİ proqramları dərsləri daha canlı və yadda qalan bir şəkildə öyrənməyə imkan yaradır. Məsələn, coğrafiya dərslərində virtual xəritələrdən istifadə etməklə müxtəlif ölkələri daha yaxşı başa düşə bilirəm.

Bundan əlavə, süni intellekt mənim dil öyrənmə prosesimi də asanlaşdırır. Xarici dil öyrənmək üçün xüsusi proqramlar istifadə edirəm. Bu proqramlar təkcə qrammatika və lüğət biliklərimi inkişaf etdirmir, həm də düzgün tələffüz etməyimə kömək edir.

Nəhayət, süni intellekt vaxt idarəetməsində və təşkilatçılıqda mənim əsas köməkçimdir. Cədvəlləri tərtib edən və tapşırıqlarımı xatırladan proqramlar dərslərimi və digər fəaliyyətlərimi daha yaxşı planlamağa imkan verir.

Beləliklə, süni intellekt təhsil həyatımda əvəzolunmaz bir alətə çevrilib. O təkcə mənim öyrənməmi asanlaşdırmır, həm də gələcək üçün daha hazırlıqlı olmama kömək edir. Düşünürəm ki, süni intellektdən düzgün istifadə etməklə, hər bir şagird öz potensial inkişafını tam şəkildə həyata keçirə bilər.

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.