“Azərbaycan ədəbiyyatı eşq üstündə köklənmişdir” - HƏR GÜN KAMAL ABDULLADAN 7 QRANULA Featured

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsərlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

 

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

 

1.

Biz 13,5 milyard il bundan öncə baş verən partlayışın əks-sədasını eşidirik. Amma ilk partlayışın səbəbkarı olan sinqulyar nöqtənin qüdrətini unuduruq.

2.

“ Göy üzünün yerə dəyən qurşağı

mənim doğma yaşıdım.

İnsanların gözündəki işığı

 mən də gördüm,

mən deyərəm, yaşadım.”

3.

Aruz Qoca, dastanın üst qatı bizə deyən kimi, Qalın Oğuz içinə ikitirəlik salan Dış Oğuz bəyi deyilmiş. Aruz Qoca qədim, primitiv də olsa, dəyərini saxlayan demokratik bir prinsipin pozulmasının qarşısını almağa çalışan Oğuz ağsaqqalıdır. Qazanın pozmağa çalışdığı demokratik prinsip ondan ibarət idi ki, Qalın Oğuz bir yerə yığışan zaman o, öz evini Dış Oğuz və İç Oğuz bəylərinə “talan” etdirərmiş. Təkcə arvadı Burla Xatunun əlindən tutub çölə çıxar, kim nə istəyirsə, girib Qazanın evindən götürərmiş. Bir dəfə isə Qazan bu bərabərlik prinsipini pozur. Dış Oğuz bəylərini “talana” çağırmır. Baş da Aruz Qoca olmaqla Dış Oğuz bəyləri ənənənin qırılmasına qarşı çıxırlar. Ehtiraslar coşur, başlar kəsilir. Oğuz daxilində ilk qarşıdurma baş verir. Buna demokratiya uğrunda ilk mücadilə də deyə bilərik. Məsələnin bu şəkildə üzə çıxması dastana qeyri-səlis məntiq prinsiplərinin tətbiqi nəticəsində mümkün olur.

4.

“ Dədə Qorqud” dastanında kişi və qadın dillərini ən azından intuitiv şəklində hiss etməmək mümkün deyil. Yunan mifoloji məkanında Homerin əsərləri imkan verir ki, biz bunu leksik səviyyədə real faktlarla təsdiqləyək. Homer daha əvvəllər, qədim zamanlarda başqa bir yunan dili olması barədə yazır. Homerə görə bu, Allahların dili idi. Sinonimlərin dildə yaranışının ilkin səbəbini bəlkə də burda axtarmaq lazımdır.

5.

“ Eşqdir mehrabı uca göylərin!” ideyasını yaradıcılığının cövhəri bəyan edən Nizamidən başlayaraq, “Mənim tanrım gözəllikdir, sevgidir!” etirafında bulunan Cavidə qədər Azərbaycan ədəbiyyatı eşq üstündə köklənmişdir.

6.

Mətnin də öz birunu və əndərunu var. Mətn öz əndərununun içində gizlənmiş kimidir. Mətnin gizləndiyi yer – mətnin əndərunu sonsuz lüğətdir və mətn sonsuz lüğətin içində sanki “həbsdədir”. Mətni həbsdən, yəni, sonsuz lüğətin içindən çıxarıb azadlığa qovuşduranda və biruna gətirəndə o, əsərə çevrilir.

7.

Prezident İlham Əliyev: “Azərbaycanda multikulturalizm dövlət siyasətidir və onun alternativi yoxdur.”

Bu, həqiqətən, belədir. Nizaminin, Füzulinin, Axundzadənin, Seyid Əzim Şirvaninin, M.Ə.Rəsulzadənin, Mirzə Cəlilin, Əbdürrəhim bəyin, Cavidin, Üzeyir bəyin, Abdulla Şaiqin, Heydər Əliyevin və İlham Əliyevin, yüzlərlə, minlərlə Azərbaycan ədəbi-bədii, elmi-fəlsəfi, publisistik söz və əməl müqtədirinin, dövlətçiliyimizin taleyində misilsiz xidməti olmuş tarixi-siyasi şəxsiyyətin mənsub olduğu xalqın canından, qanından doğan duyğular dünyasına, söz və fikir aləminə, siyasi iradəsinə alternativ varmı?! Yoxdur! Ola bilərmi?! Ola bilməz! Yaşayacaq!!

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2025)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.