Xalq yazıçısı, akademik Kamal Abdullanın əsərlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.
Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”
Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:
1.
“ Mən düşünürəmsə, deməli, mən varam” meyarı artıq insanı müəyyənləşdirmək üçün yetərli deyil. Bu gün meyar budur: Mən təəccüblənirəmsə, deməli, mən varam!
2.
Allah özü bilməyənləri bilənlərin qəzəbindən qorusun.
3.
Vaxtilə “Qoşma” verlişində Ənvər Məmmədxanlıya verdiyim sual və onun bu suala cavabı:
- Ənvər müəllim, Siz və Sizin nəslə mənsub sənətkarlar bugünkü ədəbiyyatın yaranması üçün o uzaq illərdə bacardığınız, mümkün olan hər şeyimi etdi, yoxsa bugünkü ədəbiyyatımızın daha məzmunlu, daha sağlam olması üçün hələ o zaman nəsə eləmək mümkün idi?
- Daha nə isə eləmək mümkün idi. Təəssüf ki, çox zaman biz özümüz özümüzə mane olduq, bizim gücümüzün çoxu bir-birimizlə mübarizəyə sərf olundu...
4.
“ Həyat bizi ayırsa da, Ölüm bizi birləşdirər.”
5.
Məmməd Araz: “Dünya sənin, dünya mənim, dünya heç kimin...”
Bir misranın uzunluğuna əvvəli və axırı yerləşdirmək mümkün imiş.
“Dünya mənim!” deyə kim öz yolunun əvvəlində bağırmadı?!
Və yolun sonuna gəlib çatandan sonra bütün bağıranlar yavaşca köks ötürdü: “dünya heç kimin...”
6.
Nyuton: “Mən uzaqları onun üçün görə bildim ki, nəhənglərin çiyninə çıxmışdım.”
7.
Fiziklər və liriklər bir-birilə ancaq zarafat etməməlidirlər. Onlar bir-birilə dostluq və nəhayət, ciddi söhbət etməlidirlər.
“Ədəbiyyat və incəsənət”
(15.01.2025)