“Biz Allahın yuxusuyuq” - HƏR GÜN KAMAL ABDULLADAN 7 QRANULA Featured

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsərlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

 

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

1.

Mən harda oluramsa, olum, bu mənim şəxsi işimdir. Yetər ki, yazdıqlarım xalqın yanında olsun.

2.

Sabir Rüstəmxanlı bir dəfə xatırladı ki, Süleyman Rüstəmlə söhbətlərinin birində o deyirmiş ki, heç kim bilmir, mənim qırmızı bayraqlı şeirlərimin arxasında nə gizlənib. Vaxt gəldi və bayraqlar çəkildi. Hamı gördü ki, onların arxasında heç nə yox imiş. Şair aldanırmış. Süleyman Rüstəm aldanışı bütün aldadılmış şairlərin faciəsi idi.

3.

“Evimin bir tərəfi

Yazdı, günəş çıxıbdı.

Bu birində - şaxta, qış...

 Qəribədi, deyilmi?!”

4.

Məndən niyə daha şeir yazmamağım barədə soruşanlara: Mənim üçün poeziya İtaka adası kimi bir şeydir. Mən öz İtaka adama hökmən qayıdacağam. Amma digər tərəfdən. Mən bəyəm şeir yazmışam?! Əsla! Mən ancaq və ancaq harmoniyaya can atmışam.

5.

Biz Allahın yuxusuyuq. Görəsən, bizim bu əlacsız və artıq hər hansı məntiqdən kənar hərəkətlərimiz onu yuxusunda diksindirirmi?! Və o, nəhayət, qəbul edəcəkmi, bizim bütün yaxşı-pis elədiklərimiz onun bu gözəl yuxusunun sakitliyini qorumaq üçün verə biləcəyimiz sonuncu güc yığımımızdır?!

6.

Qeyri-ciddi ədəbiyyat nə zaman başını qaldırır və adamın üstünə elə gəlir ki, elə bil, alçaq dağları bu yaradıb?! Bu o zaman baş verir ki, ciddi ədəbiyyat susur.

7.

“ Gülün adı” ilə “Yarımçıq əlyazma” arasında paralellər və oxşarlıq axtaranlara: Onların arasında fərq var. Bu fərq İtaliya ilə Azərbaycan arasında olan qədərdi. Elə bir mükəmməl və möhtəşəm roman qarşısında mənim mətnim “Sehrbazlar dərəsi”ndəki Görükməz təpə kimidir. Var, amma görükmür.

 

“Ədəbiyyat və incəsənət”

(10.01.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.