Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.
Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”
Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:
1.
Mənə bir qələm əhli göstərin ki, cəmiyyət və tənqid tərəfindən aldığı qiymətlə razılaşsın, buna qane olsun. Məncə, belə bir adam tapmaq mümkün deyil. Qane olmamaq qələm əhlinin az qala “vəzifə borcu”dur.
2.
Özümüzü dünyanın içində yox, dünyanı öz içimizdə görməyi bacarmalıyıq.
3.
“ Gəldiyim yolla da qayıdacağam.
Yolun başlanğıcı – yolun sonucu.
Mən qayıtmalıyam nə qədər sağam.
Mən nə birinciyəm, nə də sonuncu.”
4.
İnsanın fiziki cəhətdən canı ağrıyanda bəziləri dərman, bəziləri isə hətta narkotik vasitəsilə bu ağrıdan yaxa qurtarırsa, yazıçı öz yorğun ruhuna dolaşmış ağrıdan yalnız yazmaqla xilas ola bilir.
5.
Təklik-tənhalıq, ürək-qəlb, iz-ləpir... Dilimizdə belə cütlüklər az deyil. Cütlüyün bir üzvü fiziki, o biri üzvü isə mənəvi dəyər daşıyır. Təklik fiziki anlayışdır, tənhalıq – mənəvi. Heç kimin olmaz və sən tək olarsan. Yanında hamı olar, amma sən yenə də tənhasan. Ürək fiziki orqandır. Qəlb isə ürəyin elçisidir. Ləpir ayağın yerdə buraxdığı oyuqdur. İz isə gedəcəyin yerlərin istiqaməti.
6.
“ Salın məni itirin qaranlığın içində,
Bəlkə onda bilərəm mən işığın qədrini.”
7.
Hefsiman bağında İsa peyğəmbəri tutmağa gələn romalı əsgərlər üçün onu tanımaq və tutub həbs eləmək çətin bir məsələ deyildi. Bunun üçün vacib deyildi ki, onun həvarilərindən biri olan İuda hamının arasında yalnız İsaya yaxınlaşıb onu öpsün. Amma “buna lüzum yox idi” deməyə də tələsməyək. İncili yaradanlar bununla bütün zamanlar və mədəniyyətlər üçün ilk və ölməz satqın obrazı yaradırdılar.
“Ədəbiyyat və incəsənət”
(07.01.2025)