Səbinə Yusif, “Ədəbiyyat və incəsənət” üçün
Yanvar ayının 5-i nasir, şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, "Şərəf" ordenli yazıçı Vidadi Babanlının doğum günüdür. Dünən yazıçının bə az, nə çox, düz 98 yaşı tamam oldu!
Azərbaycan ədəbiyyatının Qızıl Fonduna “Vicdan susanda” kimi möhtəşəm roman bəxş etmiş yazıçını təbrik etməyə tələsdik!
Vidadi Babanlı axı həm də “Qazax" Xeyriyyə İctimai Birliyinin Fəxri üzvüdür.
Hər il olduğu kimi, bu il də "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədov və İctimai Birliyin üzvləri həm yazıçının yeni ilini, həm də doğum gününü təbrik etmək üçün onu ziyarət etdilər.
İlham Pirməmmədov Vidadi Babanlının yüzün ikicə addımlığında olmasını vurğuladı, yazıçını daim sağlam, əldə qələm, yeni-yeni əsərlərlə oxucuların görüşünə gəlməsini arzu etdi. Qazax mahalının ziyalılarının, İctimai Birliyin bütün üzvlərinin salam və təbriklərini çatdırdı.
Yeri gəlmişkən, Vidadi Babanlı yeni əsər üzərində işləyir və onu tamamlamağa tələsir.
Qonaqlar Vidadi Babanlı yaradıcılığından söz açıb, əsərləri haqqında öz fikirlərini bölüşdülər. Doğum günü iştirakçıları Vidadi Babanlıya uzun ömür, can sağlığı arzuladılar. Ona 100 illik yubileyini birlikdə qeyd etməyi arzu etdilər.
İctimai Birliyin üzvləri Sultanxanım Nəsibova, İlham Qazaxlı da öz növbələrində Vidadi Babanlını təbrik edib, əvəzsiz yazıçıya möhkəm cansağlığı arzuladılar.
Aşıq Avdı Musayev Vidadi Babanlının istəyini nəzərə alaraq "Dübeyti", "Təcnis", "Sadiqi", "Baş Sarıtel" saz havalarını ifa etdi.
Ziyarət yüksək əhval-ruhiyyə ilə başa çatdı.
Vidalaşarkən ziyarətə gələnlər bit ağızdan “Biz Sizinlə fəxr edirik, hörmətli Vidadi müəllim” söylədilər.
“Ədəbiyyat və incəsənət”
(06.01.2025)