Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.
Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”
Bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.
Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:
1.
“ Qürbət uzun, bu yol qısa.
Möhnət uzun, bu yol qısa
Sənə əgər çox lazımsa,
Bu yol gətirir mənə”
2
Bizim milli ikiliklər!.. Biz bir tərəfdən Koroğlunun nəvələriyik. O biri tərəfdən dövlətçiliyimiz üçün canımızı verərik. Koroğlu isə, yada salım ki, dövlətçiliyin düşməni idi. O bu dövlətçiliyi təmsil edən xanına qarşı üsyan etmişdi. Biz bir tərəfdən Babəkin nəvələriyik, o biri tərəfdən müsəlmanıq, islam dininə sadiqik. Bir tərəfdən Şah İsmayılı bütləşdiririk, o biri tərəfdən Türkiyə bizim üçün əziz məkandır. Bu əkslikləri bir-birinin yanına sığışdırmaqla biz özümüz özümüzü aldatmırıqmı?!
3.
“ Nə biz yolu tanıyırıq, nə yol bizi,
Haralara gətirəcək bizi bu yol?!”
4.
Bir vaxt mütaliəli və intellektual olduqlarını gözə soxmaq istəyənlər deyirdilər ki, sən bilirsən, mən kimi oxuyuram? Mən Kamal Abdullanı oxuyuram. İndi deyirlər ki, sən bilirsən mən kimi oxumuram? Mən heç Kamal Abdullanı oxumuram...
5.
Bir ingilis tanıyırsınızmı desin, mən Robin Qudun nəvəsiyəm?! Robin Qud ingilislərin Koroğlusudur. Bir rus tanıyırsınızmı desin, mən Stepan Razinin nəvəsiyəm?! Stepan Razin rusların Koroğlusudur. Bir alman tanıyırsınızmı desin, mən Ziqfridin nəvəsiyəm. Təxminən, Ziqfrid də almanların Koroğlusudur. Ancaq bizik öz həqiqi babalarımızı unudub Koroğluları, Babəkləri, Qaçaq Nəbiləri özümüzə baba edən...
6.
İndiki şəraitdə istedada kömək etmək ona mane olmamaq deməkdir.
7.
“ Yenidən dünyaya gəlmək istəyib
Səhvsiz yaşamağı arzulayarıq.
Son dəfə sakitcə ölmək istəyib
Ölərik – ayılıb görrük ki, varıq.”
“Ədəbiyyat və incəsənət”
(28.12.2024)