Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.
Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”
Bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.
Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:
1.
Köklü ağacın ucalıq sirri kiçik bir toxum da, nəhəng çayın müqəddəs təmizliyi bulağın gözündədir.
2.
Deyilənlərə görə dahi Nyutonun biri böyük, o biri balaca iki pişiyi varmış. Onların həyətdən evə girmələri üçün Nyuton ev qapısının aşağı tərəfində iki deşik açmışdı - böyük pişik üçün böyük deşik, balaca pişik üçün balaca deşik. Ağıllı adamlar deyir ki, bir böyük deşik də kifayət edərdi. Balaca pişik bu deşikdən də evə girə bilərdi. Daha ağıllı adamlar isə bunda demokratiyanın elementar təzahürünü görür.
3.
Qazanın daha bir düşünülməmiş hərəkəti. Bəkilin hünərini ov zamanı bəylərin yanında “hünər ərin deyil, atındır” deyərək aşağılaması, nəticədə, Bəkilin küsüb getməsinə, Oğuz üzərinə yağıların ayaq açmasına gətirib çıxarır.
4.
İki-üç nəfərin küçədə başqa dildə danışması ilə dilimiz əldən getdi deyənlər üçün. Bir dil ki, bir neçə nəfərin başqa dildə danışması ilə əldən gedəcəkdir, belə dil dünəndən əldən getsə yaxşıdır.
5.
Ç.Viko: “İnsanlıq tarixini şairlər yazmağa başladı.” Biz tarixləri onların yazdıqlarına əsasən öyrənirik.
6.
Bəzən axtardığını tapmaqdansa, axtara-axtara qalmaq daha maraqlıdır.
7.
Minnətdar olmağı bacarmayan adamlar var. Yaxşı adam ola bilərsən, pis adam ola bilər sən, mənasız adam, ağıllı adam, dəyanətli adam, istedadsız adam və ya istedadlı adam, hətta işıqlı adam… Amma bütün bunlarla yanaşı, minnətdar olmaya bilərsən. Minnətdar olmağın milli gen kodumuzda yeri yoxdur. Minnətdar ola bilməyənlər məcburdular ki, sənə nifrət etsinlər, sənə hədyan və yalanlar yağdırsınlar (bir az əvvəl bu zavallılar səni necə də sevirdilər!). Onlar səndən özlərinin uydurduğu nəyinsə intiqamını almağa çalışırlar. Sübut eləməlidilər axı niyə minnətdar deyillər.
“Ədəbiyyat və incəsənət”
(27.12.2024)