Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.
Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”
Bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.
Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:
1.
Bizimlə təbiət arasında sinoptiklər duran kimi bizimlə ədəbiyyat arasında da tənqidçilər durmağa cəhd edir.
2.
Bu küləkli və çiskin, bu ümidsiz və ağır, heç cürə açılmaq istəməyən sabahın ora-burasını bir balaca qayçılayan olsaydı, bəlkə də onu geri qaytarmaq, ortaya ala-babat bir gecə çıxarmaq mümkün olardı.
3.
Bir, iki – Firəngiz.
Beş, altı – qırmızı don.
Doqquz, on – qapını ört.
Üç, dörd – bizimki.
Yeddi, səkkiz – daşaltı...
4.
Evində məni qonaq edərkən kitab dəhlizinin sağ tərəfindəki əlyazmalar otağının iki addımlığında Eko qəflətən ayaq saxlayır və sağdakı əlçatan rəfdən az qala baxmadan əlini atıb qara rəngli qalın bir kitab çıxarır, nəvazişlə sığallayır və mənə uzadır:- Bu, Coysdur, - deyir, - O sizdən də qəliz yazır.
5.
Afanasi Fet: O adam lirik deyil ki, havada pərvaz edəcəyinə ürəyində dəli bir ümid özünü 7-ci mərtəbədən aşağı atmasın.
6.
Platon “Fedon” adlı dialoqunda Sokratın həbsxanada ikən ölümdən əvvəlki saatlarını təsvir edir. Sokratın yanına son dəfə dostları və tələbələri yığışıb. Dialoqun iştirakçısı Fedon bu adamların adını bir-bir çəkir: Apollodor, Fedonun özü, Hermogen, Epigen, Esxin, Antisfen... Platona gəldikdə, dialoqun müəllifi olan Platon özü haqda belə yazır: Platon yox idi. Platon, deyəsən, xəstələnmişdi... Bu mətndəki “deyəsən” sözü qədər məzlum və eyni zamanda hiyləgər söz tanımıram.
7.
“ Aldanma ki, şair sözü, əlbəttə, yalandır” və “İ mısl izreçennaya yest loj”. Aralarında üç əsr olan Füzuli ilə Tütçevi nə birləşdirirdi?! Cavab şüurumuzla dilimiz arasındakı münasibətdən gəlir.
“Ədəbiyyat və incəsənət”
(16.12.2024)