“Görəsən, bir azca səni unudub. Birtəhər başımı qatarammı heç?” – RAMİZ RÖVŞƏNİN DOĞUM GÜNÜNƏ Featured

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Sənin kölgən düşür burda hər şeyə;

Bu evə-eşiyə, yorğan-döşəyə,

Körpəm mışıl-mışıl yatan beşiyə          

Sənin kölgən düşür gecəbəgündüz.

Kölgən düşür qadınımın üzünə,

Gizlədir üzünün eyiblərini...

 

...Ağac kölgəsinə, daş kölgəsinə,

Maşın kölgəsinə, quş kölgəsinə          

ilişir, dolaşır, qarışır kölgən.

Bütün kölgələri çəkib canına         

Təzədən canıma daraşır kölgən.   

 

Görəsən, bir azca səni unudub          

birtəhər başımı qatarammı heç?

Görəsən, kölgənin ucundan tutub        

gəlsəm, gəlsəm sənə çatarammı heç? 

 

Bəlkə ən dözümlü kölgədi kölgən,        

qırılan, cırılan, sökülən deyil.

Tanrı kölgəsidi, bəlkə də, kölgən,          

ölüncə üstümdən çəkilən deyil.

Gecələr kölgənlə üstümü örtüb        

yuxlaya biləydim bu dünyada kaş.

Kölgənə üzümü-gözümü sürtüb

ağlaya biləydim bu dünyada kaş.   

 

Ağlaya bilmirəm... yağır yağış-qar,

Çöldə kölgən qalır yağış-qar altda.

Keçir kölgən üstən ağır maşınlar,

Kölgən tapdalanır ayaqlar altda. 

 

Kölgən dirsəklənib daşa-torpağa

dikəlmək istəyir,qalxmaq istəyir.

Dayanıb mənimlə qabaq-qabağa      

gözümün içinə baxmaq istəyir.   

Tez-tez bu şəhərdə aldanır gözüm,        

sən donda görükür gözümə qızlar.

Bəlkə parça-parça doğrayıb-kəsib        

kölgəndən don tikib özünə qızlar.   

 

Kölgənə nə qədər əllər uzanır,      

o küncə-bu küncə qısılır kölgən.

Aylar ötüb keçir, illər uzanır,      

günbəgün gödəlir, qısalır kölgən.

Kölgən qısaldıqca uzaqlaşırsan,

Bəlkə də hardasa çılpaqlaşırsan...   

 

Beləcə sən məndən, mən səndən uzaq    

ölüncə yaşarıq tək-tək dünyada.

Hələ bircə qarış kölgən qalıbsa,

mən qərib deyiləm, demək, dünyada.   

 

Bir gün sən hardasa dil-dil ötəndə        

son sözüm kölgənə yazılar sənin

Kaş ki, vaxt bitəndə əcəl yetəndə        

qəbrimi kölgəndə qazalar sənin.

 

Ötən gün çağdaş Azərbaycan poeziyasının ən sevilən simalarından biri olan, Azərbaycan şeirinin canlı əfsanəsi, xalq şairi Ramiz Rövşənin doğum günü idi. “Ədəbiyyat və incəsənət” portalı olaraq şairi doğum günü münasibəti ilə təbrik edir, ona möhkəm cansağlığı və yaradıcılığında yeni-yeni uğurlar arzu edirik.  

 

Ramiz Məmmədəli oğlu Rövşən 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub. Əslən isə Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir.  Şair ilk təhsilini Suraxanı rayonundakı 208 N-li şəhər orta məktəbində alıb.  Daha sonra təhsilini 1964–1969-cu illərdə Azərbaycan Dövlət Universitetinin  Filologiya fakültəsində, 1976–1978-cu illərdə Moskva Ali Ssenari Kurslarında davam etdirib. 1971-ci ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında,  "Mozalan" satirik kinojurnal studiyasında redaktor, 1974–1975-ci illərdə kinostudiyanın ssenari emalatxanasında ssenarist, 1979–1987-ci illərdə ssenari redaksiya heyətinin üzvü,  1987–1992-ci illərəd kinostudiyanın baş redaktoru,  1992–2020-ci illərdə Azərbaycan Tərcümə Mərkəzinin baş redaktoru vəzifələrində  çalışıb.  "Bir yağışlı nəğmə", "Göy üzü daş saxlamaz", "Kəpənək qanadları", "Hamı oğul böyütmüşdü", "Sevgi açarı", "Nəfəs - kitablar kitabı", “Sevgi məktubu" kimi şeir kitablarının müəllifidir. Ramiz Rövşənin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri tərcümə edilərək bir sıra keçmiş SSRİ respublikalarında, eləcə də ABŞ-da, Almaniyada, Böyük Britaniyada, Fransada, Polşada, Bolqarıstanda, Türkiyədə və İranda çap olunub. Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin və Dünya Poeziya Hərəkatı (WPM) Koordinasiya Şurasının üzvüdür. 2013-cü ildə "Türk Dünyası Bilim, Kültür ve Sanat Ödülü"nə layiq görülüb.

 

“Ədəbiyyat və incəsənət”

(16.12.2024)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.