“Füzuli və onun yeri” - BƏKİR ÇOBANZADƏ Featured

“Füzuli Şərqin yetişdirdiyi

ən səmimi, ən həssas şairidir”

Mister Gibb

 

Dörd yüz il... Az zaman deyildir. Dörd yüz ildə irmaqlar yataq­larını dəyişdirir, dağlar aşınır, insaniyyət tarixində bir deyil, bir kaç böyük dövrlər gəlir keçir, yüzlərcə hökumətlər, dövlətlər və binlərcə dövlət adamları doğub-ölür. Bununla bərabər, dörd yüz il çox uzun zaman da deyildir. Elmin, fənnin böyük-böyük kəşfləri, icadları sayə­sində dörd yüz, dörd bin, hətta qırx bin sənəlik bir zamandan az-çox məlumatımız vardır.

Füzulidən çox əvvəl gəlmiş-keçmiş türk şairləri, alim və həkim­ləri, filosofları vardır. Füzuliyə gəlincəyə qədər türklər bin ildən ziyadə bir ömrə malik ədəbiyyat və olduqca böyük, şöhrətli, qüd­rətli dövlətlər doğurmuşlar. Bunlardan Orxon, Turfan kitabələrinə, “Kutadqu bilik”, “Divanü-lüğatit-türk”, ümumiyyətlə, uyğur, cığatay namlarilə anılan dövrlərə işarət edərsək, nə demək istədiyimizi anlamış olur.

Bütün bunlara qarşı Füzulinin ayrı bir əhəmiyyəti vardır. Füzuli dörd yüz il əvvəl ədəbiyyatımızın dumanlı-buludlu üfüqlərində doğ­muş, ölməmişdir və bəlkə, daha bir çox əsrlər ölməyəcəkdir. O bizim bu gün də könlümüzdə, xatirəmizdə, məktəb və səhnələrimizdədir. Ona bir müasirimiz, yaşdaşımız dersək, yanılmış olmayız. O, dörd yüz il yaşayan bir insandır. Yuxarıda saydığımız dövrlərin qəhrəman­ları artıq həp tarixi simalar olduğu halda, Füzuli bu günə qədər canlı bir simadır. Digər tərəfdən, azacıq əlinə qələm tutan, bir kaç yazılı nümunə görən türk gəncləri, ixtiyarları arasında bilərək-bilməyə­rək Füzulini oxumayan, eşitməyən, dinləməyən həman yox kibidir.

Füzuli münəvvər təbəqə ilə xalqı ən böyük və ən incəlmiş şairlərimizlə yüzlərcə illərdən bəri, bəlkə də, əlinə heç bir zaman kitab almamış köylülərimizi “Leyli və Məcnun” ilə ağladan, “Şikayətnamə”si ilə güldürən və digər qəzəllərilə coşduran yeganə bir şairi­mizdir.

Məşhur alman müştəşriqi, professor Martin Hartman “Türküs­tanda kitab sənəti” nam əsərində: “Füzuli Daşkənddə, Qazanda, vəlhasil, Asiyanın hər tərəfində təqdirlə oxunur”, – deyir. Demək ki, o – Füzuli bizim türk, hətta Şərq ölkəsinin hər tərəfində qarşımıza çıxır, hər yerində vətəndaşımız, köydaşımızdır.

Füzuli bütün Şərq ədəbiyyatında, bütün Şərq ellərində məlum olduğu, təqdir etdiyi kibi, Avropada da böyük rəğbət və məhəbbətə məzhər olmuşdur.

Avropa müştəşriqləri Füzulini bir çox cəhətlərdən türk və Şərq ədəbiyyatının yeganəsi saymışlardır. “Osmanlı şeirinin tarixi”ni altı cildlik böyük və müəzzəm bir əsərdə izah və təhlil etmiş olan və hökm təqdirində pək ziyadə müşkülpəsənd görünən mister Gibb əsərinin Füzuliyə təxsis etdiyi qismində onun türk və Şərq ədəbiyyatındakı müstəsna mövqeyindən bir kaç kərə yüksək təqdir və səmimi sita­yişlə bəhs ediyor. Məsələn, “Osmanlı şeirinin tarixi” nam əsərinin üçüncü cild ikinci səhifəsində Füzuli haqqında: “Şərqin Şərq olalıdan bəri yetişdirdiyi şairləri içərisində ən səmimisi və ən həssası Füzuli­dir”, – dediyi kibi, eyni əsərin eyni cildinin 86–88-ci səhifələrində Füzulinin “Leyli və Məcnun”u haqqında: “Bu, yəni “Leyli və Məc­nun” şimdiyə qədər yazılan məsnəvilərin ən yüksəyi və ən gözəli­dir”, – sözlərini qeyd etməklə bərabər, yenə Gibb 70-ci səhifədə: “Bütün türk ədəbiyyatında Füzulidən daha böyük bir isim bulmaq mümkün deyildir”, – deyərək təqdirini son dərəcəyə vardırıyor və Füzulini başlanğıcından zamanımıza qədər türk ədəbiyyatında yetişən şairlərin sultanı, yəni sultanüş-şüərası mərtəbəsinə çıxarıyor.

“Türk ədəbiyyatında eşq” namilə yazdığı əsərində Edmon Fazi: “Füzuli Asiya məktəbi-ədəbisinin ən böyüklərinin şairidir. Ondan sonra keçən dörd əsr içində bütün şairlər onu tərənnüm etdilər. Fəqət yenə o həpsinin üstündə məsləyin yeganəsi qaldı”, – sözlərini yazıyor.

“Osmanlı şeir sənəti”nin müəllifi və Avropa türkşünaslarının babası Hammer Bürqştaldan professor Krımskiyə qədər eyni fikir­lərin az-çox dəyişmiş təbirlərlə Avropa şərqiyyatçılarında bulunduğunu görüyoruz.

Avropa üləmasının yuxarıda zikr etdiyimiz fikirlərindən də aşkar olduğu kibi, Füzuli Azərbaycan – Osmanlı türklüyünün və fars-ərəb mədəniyyət dairələrinin on dördüncü, on beşinci, on altıncı əsr­lərin təsadüf və çarpışma nöqtəsi olan Bağdadda böyümüş və çalış­mış olmaqla bərabər, yalnız bir-iki qövmün, hətta yalnız türklüyün şairi saymaq lazım gəlməz. Onun yeri bütün Yaxın Şərqin yetişdir­diyi ölməz böyüklər arasındadır.

İştə bunun üçün professor Krımski “Türk ədəbiyyatı tarixi” nam əsərində: “Füzuli həm fars, həm Azərbaycan və Osmanlı ədəbiyyat­ları tarixinə girər”, – dediyi zaman yanılıyor. Şərqin on yeddinci əsrə qədər ərəbi, farsı, türkü birləşdirən iqtisadi, ruhi, ictimai bir əsası, təməli var idi ki, o təməl də ümumi ruhda yetişən filosoflar, ədiblər, şairlər bütün Şərqin malıdırlar və bunların fəaliyyəti ayrı bir Şərq tarixi, bir Şərq ədəbiyyatı meydana gətirmişdir. Ərəb, fars, türk ruhunu kəndi şəxsiyyətində ən iyi məzc edən bu xəlitələrdən bugünkü cənub türkcələrində (Osmanlı və Azərbaycan) olduğu kibi, sepah, üçayaqlı bir lisan deyil, yekparə bir əsər meydana gətirən Füzuli olmuşdur.

O, ərəb eşqi, fars ruhu və türk qılıcilə qurulan əsrlərin ağır və acıqlı uruşları altında yıxılan Bağdadın ruhunu qavramış, onu bizə duyurmuşdur. Qrek, Bizans, fars, türk, ərəb ruhlarının mənsəbi, bir vaxtlar dünya iqtisadi yollarının kilidi olan Bağdad xarabalarını oxumuş, duymuş və tərcümə etmişdir. Bu cəhətdən o, böyük cahan faciəsini bizə tərənnüm etmişdir.

Bundan başqa, Füzuli kəndi zamanındakı Bağdadı da duymuş­dur. Füzulinin yaşadığı Bağdad o vaxtdakı İran və Türkiyənin qanlı sərhədi idi. Füzuli dövrü şiə-sünni davalarının, islam dünyasında İran və Türkiyə faiqiyyəti, hegemoniyası mücadilələrinin ən ziyadə şiddət qazanmış bir zamanı idi. İqtisadi həyatın gevşəkliyi, siyasi idarələrin keşməkeşi, nəhayət, ruhi həyatın qəvi ümdələrə istinad edəməməsi böylə dövrlərin açıq və ana cizgilərindən sayılır.

İslam tarixində Əli – Müaviyə, abbasi – əməvi, islam – moğol, fars – ərəb, türk – fars və ərəb mücadilələri və doğurduqları böhranlar ayrı dürlü olaraq qeyd olunmalıdır. Bu dövrlərin bütün cahan və insan­lıq tarixi nöqteyi-nəzərindən böyük iqtisadi və ictimai mənası vardır.

Biz burada yalnız şunu qeyd edəcəyiz: böylə dövrlərdə çox dəfə Şərqdə mistik-mütəsəvvif şairlər yetişmişdir. Məşhur ərəb, fars və Əhməd Yasəvi, Yunus İmrə, Aşıq Paşa... kibi türk sufi şairləri böylə dövrlərdə yetişmişdir. Böylə dövrlərin aşağıdan-yuxarıya, bir kənar­dan digərinə qədər bütün Şərqi sardığına bir əlamət də şudur ki, yalnız şairlər deyil, xalq da mistik-sufi ruhunda bulunmuşdur. Əsasən, böyük sufi şairləri xalq ruhunun tərcümanı olmuş və yaxud olmağa çalışmışlardır.

Lakin Füzuli sufi-mistik deyildir. Gerçək sufilər kibi, o da şərab­dan, eşqdən bəhs edər... Gərçi Füzulidə həqiqi sufi parçalar da vardır. Çünki o, İranın, ərə­bin klassik sufi şairlərindən nümunələr görmüş, dərs almış, təsir qap­mış ola bilir.

...Füzuli kəndi hisslərini, həyəcan və ümidlərini, mühitinin və xalqının səfalət zillətlərini o vaxtda mövcud olan ən qüvvətli sözlər, ən səmimi şəkillərlə anlatmışdır. Füzuliyə “mübaliğəçi”, “safdil” deyə biliriz, lakin bu gün də, yarın da “yalançı”, “masalaçı” deyəməyiz. “Ən gözəli – ən yalanı” (“əhsənühü-əkzəbühü”) düsturilə yaşayan Şərq ədəbiyyatında o, ən gözəli, ən doğrusu olan şeirlər, əsərlər meydana gətirmiş birinci şairimizdir.

Füzuliyə “fərdiyyətçi aşiq” demişdik. Bununla bərabər, o, ümumi və ictimai həyata qarşı da laqeyd deyildir. O, zamandakı siyasi, fəlsəfi, ictimai cərəyanları yaxından təqib etmişdir. O həm Şah İsmayıla, həm də onun qanlı düşməni Sultan Süleymana mədhiyyələr yazmasını bilir və hər ikisinin də damarlarını oxşayacaq şeylər bulur. O həm sünni ruhunda nə’tlər, həm də şiə şəklində mərsiyələr yazar.

Biz onun tərcümeyi-halından sünni [və] şiə məzhəbləri arasında bir-iki kərə intiqallar, çevirmələr yapdığını öyrəniyoruz. Vəlhasif, Füzulinin bir sifəti və olduqca mənfi sifəti də iyi bir Şərq məsləhət­çisi, taktiki olmasıdır. O, “bərayi-məsləhət” qələmini gah Təbrizə, gah İstanbula, gah şaha, gah sultana təqdim edərək kəndisinə lazım gələn rahatlıq və salamatı təminə çalışıyor.

O da şeirindən, istedadından hər Şərq şairinin tiranlara vermək məcburiyyətində olduğu vergini ödəmişdir. Lakin Füzuliyə digər saray şairləri kibi dalqavuq və qəsidəçi demək olmaz. Onun həyatını təsvir edən qızıl cizgi hər zaman saraydan və onun ədəbiyyat və cəmiyyət üçün zəhərli ruhundan uzaq qalmasıdır.

O daima kəndisini saray və sultana qarşı müariz və saray şairlərinə qarşı məğrur və müstəhzi tutmuşdur... Şikayətnamə” Füzulinin digər əsərləri kibi, zamanımıza qədər bizi güldürməkdə və ağlatmaqdadır.

...Füzuli şeirlərinin pək çoxunu yalnız təsadüfi olaraq türkcə yaz­mış deyildir. O, farsca daha gözəl yazıldığının və farsca daha ziyadə ədəbi modada bulunduğunun fərqindədir. Lakin o da Aşıq Paşa, Əlişir Nəvai, Yunus İmrə... kibi digər bir çox qüvvətli türk şairləri kibi [...] türkcə kibi işlənməmiş bir dil ilə gözəl şeir yazmaq [mümkün] oldu­ğunu iləri sürmüşdür...

Burada bir məsələ daha qalıyor. Əcəba, Füzuli türkcənin hankı şivəsilə yazmışdır? Füzulidə dilcə rast gəldiyimiz başlıca xarakteristik cəhətlər bəzi sözlər olub, cümlə tərtibində müəyyən şivəyə işarət edəcək xüsusiyyətlər pək azdır. Bu sözlərdən bəziləri şunlardır: mən, dutsaq, tapşırmaq, eyləmən, yaxşı, yaman, özgə, ağ (“aq”), tək (“kibi”), sayru (“xəstə”)... Bu sözlərdən bəziləri bu gün azəri türk şivəsində yerləşməklə bərabər, əski Osmanlı və bugünkü digər şivələrdə də bulunur.

...Burada izahı üzün sürəcək digər bəzi lisani əla­mətlərə dayanaraq, bu sətirləri yazan Füzulini lisanının türkcə qismi etibarilə Azərbaycan şivəsinə daha ziyadə yaxın buluyor. Şivə xüsu­sunda, daha doğrusu, uzun-qısa bir kaç dövr keçirmişə bənzəyir. Yenə eyni surətlə sözü uzatmamaq fikrilə professor Knmskinin Füzulinin kürd olması haqqında iləri sürdüyü iddianı münaqişədən vaz keçiriz. Əsasən, Krımski “Türk ədəbiyyatı tarixi” nam əsərində ibtidadan zamanımıza qədər, Osmanlı sədri-əzəmlərinin üstəsinə nəzirə yapa­raq yetişən türk ədib, həkim və şairlərinin yüzdə doxsanını rum, kürd, arnavud, ərəb çıxarmışdır. Təbii, heç birisində, Füzulidə olduğu kibi, heç bir dəlil və söhbət əlavə etməmək şərtilə, hər halda, Krımskini böylə cürətkar iddialara sövq edən cəhəti bu gün elmdən tış qılmaq lazım gəlir.

Xülasə, Füzuli “Bəngu Badə”si, “Saqinamə”si, “Leyla və Məcnun”u, “Şikayətnamə”si, qəzəlləri və başqa farsca, türkcə şeirləri ilə, yuxarıda da dediyimiz kibi, hər zaman ədəbiyyatımızda tər və təzə qalmış duyğular və şəkillərin mövcidi, təqlid olunamayan ustadı olmuşdur və bir çox əsrlər də böylə qalacaqdır.

...Qərbdə, Avropada da ruhun dediyimiz dərin təbəqələrinə enmək qüdrət və şərəfi, şəksiz, Gete, Şiller... kibi pək az qələm sahib­lərinə müyəssər olmuşdur. İştə bunun üçün Füzuli Avropada bütün türk, ümum Şərq şairləri içərisində bir çox xüsusiyyət və məziyyət­ləri ilə ən çox təqdirlərə məzhər olmuş bir şairdir... İstiqbal Füzuli kibi səmimi şairlərindir.

(Mənbə: Məhəmməd Füzuli. Elmi-tədqiqi məqalələr.

Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1958, səh.364–374)

 

“Ədəbiyyat və incəsənət”

(11.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.