İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Məhəmməd Füzuli Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixinin iftixarıdır. Ümummilli liderimiz H.Əliyev deyirdi: “Füzuli mənim tarixim, Füzuli mənim mənliyimdir… Onun humanizm və ümumbəşəri dəyərlərlə mayalanmış yaradıcılığı bütün bəşəriyyət üçün böyük mənəvi qidadır”.
“Füzuli milli kimliyini aydın dərk etmiş, dini və etnik mənsubluğu heç vaxt qarışdırmamış, etnik mənşə və soykökünün fərqində olmuş və öz milli mənsubiyyətiylə fəxr etmiş tək-tək klassik şairlərimizdəndir”.(Z.Bayramlı)
Təəssüf ki, “hər sözü bir pəhləvan olan” şairimizin ata yurdu barədə tarixi qaynaqlar yoxdur, mövcud rəvayətlərə istinad olunur. Birinci rəvayət akademik H.Araslının qeydə aldığı Ərəş variantıdır. Akademik bu rəvayət barədə yazır: “Bəzi rəvayətlərdə Füzulinin atası Süleymanın Ərəş mahalından Kərbəlaya köçdüyü və şairin oğlu Fəzlinin sonralar Ərəşə qayıdıb öz qohum- qardaşlarının yanında yaşadığı göstərilir. Fəzlinin Ərəş mahalında şöhrətləndiyini, onun əsərlərinin Ərəş dairəsində yaşayan əhali, xüsusən çələbilər içərisində şöhrət qazandığı məlumdur”.
İkinci rəvayətə görə, dahi şairimizin atası İraqa Ağcabədi rayonundakı Boyat kəndindən köçüb getmişdir. Rəvayətlərdə yerli camaat Füzulinin atasını Süleyman kişi deyə yad edir. Bunu mərhum alim Ş.Cəmşidovun araşdırması da təsdiq edir. Onun yerli sakinlərdən topladığı rəvayətin tam mətnində oxuyuruq: “Ata-babalarımızdan eşitdiyimizə görə Süleyman kişi bizim Boyat kəndindən imiş…Süleyman kişinin burada Kərpicli təpədə evi varmış. O vaxt burada Hindistandan gəlmiş bir hindli mühəndis Boyat kəndinin yanından keçən və Qarqar çayının bir qolu olan Qarasudan bir arx ayıraraq Boyatın cənub-şərqindəki düzə su çıxarmışdı. Camaat o arxın qabağında əkin əkib bağ salmışdır. Sonra arxın üstündə bir kənd əmələ gəlir ki, onu həmin hindli mühəndisin adı ilə “Hindarx” adlandırırlar. O hindli mühəndis Süleyman kişinin qızı ilə evlənir. Az keçmir ki, ölkədə qarışıqlıq qopur. Süleyman kişi ilə qonşuları arasında böyük vuruşma olur. Ortaya qanlılıq düşür. Buna görə də Süleyman kişi öz yeznəsi hindli mühəndisin bələdçiliyi ilə köçüb ölkədən çıxmış və Kərbəlaya getmişdir. Biz tərəflərdən, Qarabağdan – Ağdamdan Kərbəlayə vaxtilə köçüb gedən çox adamlar olmuşdur. Nikolay vaxtı Kərbəlaya ziyarətə gedən adamlar oradakı yerliləri – qohumları ilə görüşüb, qonaq qalarmışlar…Babalarımızın dediyinə görə, sonralar Süleyman kişi və oğlu Məhəmməd Boyata öz qohumlarını görmək üçün gələrmişlər. Onların qohumları Boyat kəndi ilə bitişik olan Beyləqanlı – Aşıqvəlilər tirəsindənmiş. Süleyman kişinin yurd yeri adlanan “Kərpicli təpə” də buradadır”. (Əlavə edək ki, Boyat kəndinə bitişik Aşıqvəlilər kəndi və Süleymanlı təpəsi indi də qalmaqdadır.)
Bunlar rəvayət olsa da, necə deyərlər, od olmasa, tüstü çıxmaz.
Filologiya elmlər doktoru S.Paşayevin dediyi kimi, hər bir rəvayət real həyat həqiqətlərinin təhkiyə formasında bədii ifadəsidir. Rəvayətlər tarixi şəxsiyyətlərlə bağlı olduğu üçün öz reallığını qoruyur. Böyük S.Vurğun da əfsanə və rəvayətlərdə “həqiqət şəfəqləri görürdü”.
Rəvayətlər birmənalı olaraq Füzulinin atasının adının Süleyman olduğuna və Azərbaycandan köçdüyünə işarə edir. Lakin konkret olaraq ölkənin hansı bölgəsindən (Ağcabədidəki Bayat kəndindən, yoxsa Ərəşdəki (Şamaxıdakı) Bayat kəndindən) köçüb getməsi hələ də tam dəqiq müəyyənləşdirilməmişdir. Biz bunu elə vacib də saymırıq. Ya o Bayatdan, ya da bu Bayatdan, nə fərq edər ki. Sonda hər iki yaşayış məntəqəsi Azərbaycan deyilmi?!
Hər iki rəvayətdə, o cümlədən tədqiqatçıların qeydlərində yekdilliklə Süleyman kişinin İraqa köç etdiyi göstərilir. Prof. Ş.Cəmşidov “M.Füzulinin ata yurdu haqqında rəvayət” başlıqlı məqaləsində şairin atası Süleyman kişinin Azərbaycandan İraqa köçməsinin səbəbinə də aydınlıq gətirir. Dolayısı ilə o, ümuminin “Füzulinin atası Süleyman kişi Azərbaycandakı feodal çəkişmələri səbəbindən ailəsi ilə birlikdə İraqa köçmək məcuriyyətində qalmışdır” fikrini təsdiq edir.
Bizcə, Süleyman kişinin başqa yerə yox, məhz İraqa (Kərbəlaya) getməsi təsadüf sayılmamalıdır. Əvvələn,ikinci rəvayətdə də deyildiyi kimi “Biz tərəflərdən, Qarabağdan – Ağdamdan Kərbəlaya vaxtilə köçüb gedən çox adamlar olmuşdur” və “Nikolay vaxtı Kərbəlaya ziyarətə gedən adamlar oradakı yerliləri – qohumları ilə görüşüb, qonaq qalarmışlar” cümlələri bu bölgənin adamları (o cümlədən digər azərbaycanlılar) üçün Kərbəlanın yad yer olmadığını, ora müntəzəm gediş-gəliş olduğunu göstərir. Həm də XI əsrdə İraqın səlcuqlar, daha sonralar isə monqollar və Teymurilər tərəfindən işğalından sonra Bağdadda və onun ətraflarında türklərin sayı getdikcə artırdı. Onların arasında bayat əşirətindən olanlar da az deyildi. Tədqiqatçı və şair, “Kərkük” qəzetinin baş redaktoru Ş.Kuzəçi yazır ki, “Bayat əşirətinin İraqa etdiyi köç dalğalarının Monqol istilası və Səlcuqlu dönəmlərində gerçəkləşdiyi fərqli qaynaqlarda yer almaqdadır”. Bu durum sonralar da davam etmişdir. Xalq yazıcısı, AYB-nin sədri hörmətli Anar müəllim “Əsrim, əslim, nəslim” kitabının “Məmmədxanlılar” fəslində yazır ki, “Bayat boyu–Dədə Qorqudun, Füzulinin boyudur. Bayat adlı kəndlər Qarabağda, Quzey və Güney Azərbaycanın başqa yerlərində də var. Ümumiyyətlə, bayatlar Cənubi Qafqazdan Doğu Anadoluya, İraqa qədər böyük bir sahədə məskunlaşıblar”.
Şairin mənsub olduğu ailə XV əsrin axırlarında Azərbaycandan İraqa köçmüş minlərlə ailələrdən biri idi. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq, zənn edirik ki, Süleyman kişi İraqa – öz həmyerlilərinin və öz boyundan, əşirətindən olanların yanına getməyi daha münasib bilmişdir. Və bu, təbii haldır.
Məlum olduğu kimi M.Füzuli ərəb, fars və Azərbaycan dillərində yazıb yaratmışdır. O, farsca “Divan”ın dibaçəsində qeyd edir ki, “Bəzən ərəbcə şeir yazdım və ərəb fəsihlərini müxtəlif mənzumələrimlə şadlandırdım. Bu, mənim üçün asan idi. Çünki mənim elmi bəhslər (fənlər, yaxud mübahisə) dilim ərəbcə idi. Bəzən türkcə şeir meydanında at çapdım və türk zəriflərinə türkcə şerin gözəlliklərilə zövq verdim. Bu da məni о qədər təşvişə salmadı, çünki türkcə şeir mənim əslimin səliqəsinə uyğundur. Bəzən fars dili sapına inci düzdüm və о budaqdan könül meyvəsi dərdim”.
Amma üç dildə yazıb-yaradan, "bütün türk şairlərinin babası" həmişə ana dilinə - Azərbaycan dilinə üstünlük vermiş, F.Köçərlinin sözləri ilə söyləsək, “türk dilinə rövnəq vermiş və onu xarü xaşakdan təmizləyib, bir göyçək və səfalı çəmənə bənzətmişdir. Akademik A.Axundovun da dediyi kimi, o,“üçdilli nəhəng "türkzəban" türk ləfzilə şeir yazmağın bütün çətinliklərini asan etmək qüdrətinə malik olmuş, bu qüdrət ona ana dilinə dəruni sevgisindən və dəruni hörmətindən gəlmişdir".
Filologiya üzrə fəlsəfə doktoru, dosent S.Ağayeva “Azərbaycan” qəzetində dərc olunmuş “Azərbaycan ədəbi dili tarixində Məhəmməd Füzuli” adlı məqaləsində yazır ki, Füzuli “…dövrün qalib dilləri, ərəb, fars dillərindən qədərincə faydalanmış, ana dilini bu dillərlə canlı rəqabətə qatmış və bu yarışmada qalib çıxdığını öz bədii yaradıcılığı ilə təsdiq etmişdir”. O, ana dilində “Leyli və Məcnun”u, “Hədiqətüs-süəda”nı və digər əsərlərini yazmaqla, Ə.Caminin “Hədisi-ərbəin” əsəriniana dilimizə tərcümə etməklə “tikəndən bərgi-gül izhar” etmişdir.
Əslində dahi şairimizin “türkcə şeir mənim əslimin səliqəsinə uyğundur” ifadəsi onun doğma ana dili (həm də milliyyəti) barədə mübahisə etməyə yer qoymur. Amma maraqlı olan bilirsinizmi nədir? Görəsən, Xalq şairimiz R.Rza demişkən, vətənindən, elindən uzaq düşmüş, ta çocuqluq illərindən qürbətdə ömür sürməyə məcbur olmuş bir adam necə olmuşdur ki, ana dilində belə kamil şeirlər yazmışdır. O, azəri xalqına məxsus olan bir sıra ifadə, obraz, təşbih üçün mayanı haradan almışdır?
1959-cu ildə İraq səfərindən sonra “İraq sözü nədənsə həmişə “fəraq” sözünü mənim yadıma salır” cümləsiylə başlayan “Uzaq ellərin yaxın töhfələri” adlı essesində Xalq şairi özü bu suala belə cavab verirdi: “Mən inandım ki, Füzulinin yaşayıb yaratdığı yerlərdə onun azərbaycanca əsərlərini oxuyan, onun poeziyasına qiymət və qüvvət verən minlər, yüzminlər varmış, Fizuli dili dilindən, dərdi dərdindən, sevinci, arzusu, həsrəti onunla bir olan doğma xalqın əhatəsində yaşamışdır. O xalqın ki, neçə əsrlər boyu Kərkük, Ərbil, Mosul dolaylarında yaşayır, dili, adət və ənənələri ilə hakim ərəb xalqına heç bir bənzəyişi yoxdur, deyilənə görə, sayı yarım milyona yaxın olan bir xalqdır”.
Şah İsmayılın 1508-ci ildə Bağdada daxil olması ilə burada artıq azərbaycanlıların nüfuzu da artmışdı. Xətainin məşhur beytindən də bunu görmək mümkündür: “Getdikcə tükənir ərəbin kuhi-məskəni, Bağdad içrə hər neçə kim türkman qonar”. Deməli, İraqda Azərbaycan türklərinin məskunlaşması və "Azərbaycan-türk mühitinin" mövcud olması dahi şairin Azərbaycan dilində Şərq poetikası ənənələrinə uyğun janr nümunələri qələmə almasına və doğma ana dilində "Divan" bağlamasına şərait yaratmışdır.
Hazırda ərəblər və farslar "Təkrarsız lirik və qəlb şairi" (M.Cəlal), "türkdilli zəmin üzərində ucalmış böyük Azərbaycan şairi" (H.Araslı) M.Füzulini öz şairləri, milliyətcə ərəb və fars sayırlar. Türk dilli digər xalqlar da şairi özlərininki hesab edirlər. Dahi Füzulinin ərəb və fars hesab edilməsi çox güman ki, onun ərəb və fars dillərini mükəmməl bilməsi və bu dillərdə də milsilsiz cənət əsərləri yaratmasından, həmin xalqların tarixinə, mədəniyyətinə, ədəbiyyatına, məişətinə, adət-ənənələrinədərindən bələd olmasından qaynaqlanır. Həm də ədəbiyyatımızda ərəb və farsça yazmaq ənənəsinin olduğunu unutmayaq. Bir də hər başqa dildə yazanı öz xalqına deyil, dilində yazdığı xalqa aid eləsək, gör onda,nə qədər avropalı fransız, fars türk, türk fars, fars ərəb,türk ərəb, lap elə qırğız rus sayılmalıydı.
M.Füzuli azərbaycanlıdır, Azərbaycan türküdür!
Yuxarıda da dediyimiz kimi o, milli kimliyini aydın dərk edən, etnik mənşə və soykökünün fərqində olan və öz milli mənsubiyyətiylə fəxr edən klassiklərimizdəndir.Vaxtı ilə türkşünas, professor K.Berrill Füzulini “bütün Azərbaycan şairlərinin ən öndə gedəni” adlandırmışdı. Məşhur ingilis şərqşünası E.C.Gibb bütün şərqşünaslardan fərqli olaraq, Füzulini Azərbaycan şairi kimi göstərmişdir. Türk siyasətçisi, tarixçisi, ədəbiyyatşünası, professoru F.Körpülüzadə də Füzulini Azərbaycan şairi kimi təqdim etmişdir.
Xalq yazıçışı Elçin xatirələrinin birində yazır: “M.Füzulinin 500 illik yubileyi ilə bağlı İraqda keçirilən “Füzuli günləri”ndə iştirak edərkən həmin vaxt İraqın prezidenti olan Səddam Hüseyn məni qəbul etdi. Orada bir sıra məsələlərdən söhbət açdıq… S.Hüseyn də etiraf etdi ki, İraqda yaşasa da, Füzuli azərbaycanlıdır, sonra bildirdi ki, əslində, o, bütün dünyanın şairidir. Bu, yüksək səviyyədə rəsmi etiraf idi.
Bizcə, "Şərq poeziyasının günəşi"nin (Gibb) Azərbaycan dilində yazması, “bu dilin böyük müdafiəçisi olması”(Y.Seyidov), “Azərbaycan ədəbiyyatını fars və ərəb girdablarından dartıb çıxarmaşı”(C.Cabbarlı),əsərlərində Azərbaycan-türk düşüncə-danışıq tərzinin özünü göstərməsi, “türkcə şeir mənim əslimin səliqəsinə uyğundur” söyləməsi onun milli mənsubiyyətinin də göstəricisidir və azərbaycanlı olduğuna daha bir sübutdur. Təsadüfi deyildir ki, böyük demokrat ədibimiz C.Məmmədquluzadə 1925-ci ildə “Füzuli” sərlövhəli məqaləsində yazmışdı:”Füzuli azərbaycanlıdır. Çünki dili Azərbaycan dilidir”.Ədəbiyyatşünas A.Sur isə belə bir mülahizə yürütmüşdür: "Füzuli lisanında məfuli-bihlər ilə bəzi siğeyi-feiliyyələrdə azərbaycanlılığın hiss olunması, əcdadının Azərbaycan türklərindən olması haqqında bir zənn veriyor". A.Surun Füzulidən nümunə gətirdiyi ifadələrin çoxunun yalnız Azərbaycanda işlədilməsi fikrini nəzərə alan akademik H.Araslı həmin mülahizəni qəbul etmişdi. Təsadüfi deyildir ki, yazıçı, ədəbiyyatşünas, filologiya elmləri doktoru M.Cəlal akademik H.Araslının redaktorluğu ilə nəşr olunmuş “Füzuli sənətkarlığı” monoqrafiyasında yazmışdı: “Füzuli şeirində dilin xalq ruhu, xalq ifadə formaları, hətta çox yerdə canlı danışıq dilinin xüsusiyyətləri saxlanılmışdır”. Qeyd edilənlərlə bağlı akademik Ə.Dəmirçizadənin “Füzulinin və ümumən XVI əsr Azərbaycan dilinin lüğət fondu, qrammatik quruluşu bugünkü Azərbaycan dilinə yaxındır” fikrini də xatırlatmaqda yarar görürük.
Ümummilli liderimiz H.Əliyev deyirdi:”Füzuli azərbaycanlıdır, azərbaycanköklüdür. Onun yaradıcılığı Azərbaycan ədəbiyyatı və mədəniyyətinin bəhrəsidir. Füzuli başqa ölkələrdə də məşhurdur. Lakin onu azərbaycanlılar qədər özününkü sayan yoxdur… Ərəblər və farslar Füzulini öz şairləri sayırlar. Türkdilli xalqlar isə hesab edirlər ki, о türkdür. Biz də deyirik ki, Füzuli türk, azərbaycanlıdır. Eyni zamanda bunu türkmən, özbək, qazax, Türkiyədə yaşayan türklər, İraq türkmənləri də deyə bilərlər. Qoy Füzuli hamıya məxsus olsun, tarixə bəşəri bir şəxsiyyət kimi düşsün. Eyni zamanda biz bu yubiley tədbirlərindən istifadə edərək dünyaya bir daha bildirməliyik ki, Füzuli azərbaycanlıdır”.
Beləliklə, da ulu öndərimiz bütün dünyaya “Füzuli azərbaycanlıdır” həqiqətini ən yüksək səviyyədə bəyan etmişdi.
“Ədəbiyyat və incəsənət”
(10.12.2024)