“Mətn sonsuz lüğətin içində “həbs”dədir” - HƏR GÜN KAMAL ABDULLADAN 7 QRANULA Featured

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

 

Bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

 

1.

Mətn hər bir halda iddialıdır, çünki onun oxunmaq və bəyənilmək kimi gizli niyyəti var.

2.

Sonsuz lüğət! Mətnin gizləndiyi yer, yəni, mətnin əndərunu. Mətn sonsuz lüğətin içində “həbs”dədir.

3.

- Yenə o bağ olaydı...

- Bu nisgilin ölçüsü yox, çəkisi yox...

- Yenə o bağ olaydı...

- Nə üçün o bağ, başqası deyil?

- Yenə o bağ olaydı...

- Zamanı geri qaytarmaq qədər imkansız!

- Yenə o bağ olaydı...

- Ola bilməz! Qətiyyən mümkün deyil!

- Yenə o bağ olaydı...

- Yenə o bağ olacaq...

4.

Sufilik, əslində, müsəlmanlığın sərhədlərini vurub aşmaq, xristianlığa aparan körpüyə yaxınlaşmaqdır.

İsa deyir: “Mən və Ata vəhdət dəyik.”

Daha sonra Mənsur Həllac və Nəsimi deyirlər: “Ənəlhəq!”

5.

Xoşbəxtlik insanın ətrafı ilə daxili arasında yaranan harmoniyadır.

6.

Qədim teatrda söz tamaşaçını daha dəqiq qəbuletmə mövqeyinə həmişə uğurla gətirə bilmirdi. Buna görə də oyunçuya niqab taxmaq ehtiyacı yaranırdı. Tamaşaçının xəbisi xəbis kimi, yaxşını yaxşı kimi tanımasında uyğun niqablar sözə bu cür kömək edirdi. Yavaş-yavaş niqaba ehtiyac qalmadı. Mətn dərinləşdi. Niqabın funksiyası sözə keçdi.

7.

“ Səndən uzaqlarda günəş çıxacaq,

Səndən uzaqlarda yağış yağacaq,

 Səndən uzaqlarda Qadın doğacaq

Ağrılı-əzablı yenə də səni.”

 

“Ədəbiyyat və incəsənət”

(09.12.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.