MƏŞHURLARLA ÜZBƏÜZ – Gülüstan Əliyeva sənət yolu barədə Featured

“Məşhurlarla üzbəüz” rubrikasında bu dəfə “Ədəbiyyat və incəsənət” sizlərə  Azərbaycanın əməkdar artisti, Opera və Balet teatrının və Milli Konservatoriyanın solisti Gülüstan Əliyevanın fikirlərini təqdim edəcək. Fikirləri ondan Aysel Kərim alıb.

 

Gülüstan Əliyeva 8 aprel 1967-ci ildə Yevlaxda doğulub. Kiçik yaşlarından musiqi ilə məşğuldur. Yevlaxda orta məktəbdə oxuyanda atası onu və bacılarını musiqiyə cəlb etmişdir, Pionerlər evində musiqi ilə məğul olmağa başlamış, musiqi məktəbində bunu davam etdirmişdir. 1982-ci ildə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə keçirilən Gənc İstedadların Respublika Müsabiqəsində iştirak etmiş və üç turun üçündən də əla qiymət alaraq müsabiqənin qalibi olmuşdur.

Elə həmin ildə Bakı Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə qəbul olmuşdur. Burada Xalq artisti İslam Rzayevin sinfində muğamın sirlərini öyrənmişdir. 1985-ci ildə məktəbi fərqlənmə ilə bitirərək həmin il Üzeyir Hacıbəyli adına Dövlət Konservatoriyasının tarixində ilk dəfə açılan muğam sinfinin ilk tələbəsi olaraq, 1990-cı ildə həmən sinfin ilk məzunu olmuşdur. Müəllimi Xalq artisti, professor Arif Babayevdir. Hələ tələbəlik illərində (1986) Gürcüstanda keçirilən beynəlxalq tələbə gənclər festivalının iştirakçısı və qalibi də olmuşdur.

1992-ci ildə Beylaqan royonu Günəşli qəsəbə inməktəbdə musiqi müəllimi kimi fəaliyyətə başlamışdır. 1993-cü ildə ailə həyatı quraraq yaşadığı Cəbrayıl rayonu  işğal olunduqdan sonra məcburi köçkün kimi Bakiya qəlmişdir. 1994-cü ildə Sabunçu rayonunun 170 saylı orta məktəbdə müəllim kimi işləmişdir. 1994–1995 illərdə eyni zamanda Muğam Teatrında işləmişdir. 1995-ci ildən isə Opera müğənnisi kimi Opera və Balet Teatrında işə başlamışdır və bu günə qədər Opera və Balet Teatrında yüksək dərəcəli solist kimi çalışır.

2003-cü ildən Azərbaycan Milli Konservatoriyanın muğam kafedrasının müəllimi, 2015-ci ildən baş müəllimi, 2017-ci ildən kafedranın dosenti, 2022-ci ildən isə sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Dissertasiyası "Azərbaycan Bəstəkarların opera yaradıcılıqında qadın obrazlarının musiqili drammaturji həlli" adlanır.

Gülüstan Əliyeva konsert fəaliyyəti ilə olduqca ciddi və səmərəli məşğul olur. Müxtəlif televiziya kanallarında xalq və bətəkar mahnılarını, muğamları böyük ustalığla ifa edir. Müğənni həmçinin dövlət konsertlərində, tədbirlərdə də müvəffəqiyyətlə çıxış edərək ona göstərilən etimadı daim doğruldur. 

Azərbaycan Milli musiqisini və muğam sənətini dünyanın bir sıra ölkələrində — Türkiyə, İran, Moldova, Rusiya, Avstriya, İsveç və s. ləyaqətlə təmsil edib. 1997-ci ildə Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi Neft Konsorsiumu çərçivəsində keçirilən tədbirdə iştirak edib.

2005-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. 1 may 2017-ci ildə, 9 may 2018-ci ildəvə 10 may 2019-cu ildəPrezident Mükafatına layiq görülüb.

2021-ci ildə Xarı Bülbül Best Awards mükafatına layıq görülüb. 

Səsi – sopranodur.


Xanəndə olmaq Gülüstan xanımın öz arzusu idi, yoxsa valideyn istəyi? Bu sənətdə kimlərdən dəstək görüb?

 

Mən uşaqlıqdan oxuyurdum. Uşaq vaxtı daxilində olanlar istər-istəməz kortəbii sürətdə özünü biruzə verir, özünü göstərir. Valideyn də övladının hansı yönə yönləndirmək lazımdı, hansı istedadı var onu uşaqlıqdan hiss etməyə başlayır. Böyüdükcə ona dəstək olmağa çalışır. Mənim atam da uşaq yaşlarımdan  məni və mənlə bərabər bacılarımı musiqiyə yönləndirdi. Ümumiyyətlə, o istəyirdi ki, biz çox savadlı, intelektli olaq. Dil bilək və dünyagörüşümüz böyük olsun. Ən azından cəmiyyət üçün yararlı insanlar olaq.

Biz rayonda yaşayırdıq. Atamın və anamın çox gözəl səsi var idi.  Atam məni musiqi məktəbinə, pianer evinə, konsertlərə aparırdı. Belə-belə mən də artıq oxuya-oxuya böyüyürdüm. Bir gün rayonumuzda gənc istedadlar müsabiqəsinin keçiriləcəyi xəbəri gəldi. Məni də müsabiqəyə dəvət etdilər. Ölkəmizin dəyərli sənətkarları münsif  idilər.  Məni dinlədilər və Bakıda Bülbül adına Musiqi Məktəbinə qəbul oldum. Peşə məni seçdi, mən peşəni seçmədim. Heç bilmədən ki mən kim olacam, mənim gələcəyim hara gedib çıxacaq. Nə vaxtsa məşhur bir adam olacağam. Heç bunları bilmədən addım-addım bax bu sənətdə addımlamağa başladım. Dövlətimizə çox minnətdaram. Xüsusən isə ulu öndər Heydər Əliyevə.

O ki qaldı kimlərdən dərs almağıma, dəstək görməyimə, bizim dəyərli sənətkarlarımızdan - başda maestro Niyazi olmaqla, mənim müəllimim profesor Arif Babayev, Canəli Əkbərov, Əlibala Məmmədov, dəyərli, unudulmaz sənətkarlarımız Şövkət Ələkbərova, Saraxanım Qədimova, Tükəzban İsmayilova  İslam Rzayev - bax bu insanlarından dəstək görmüşəm.

Nə qədərki ömrüm var onları hörmətlə anacağam. Bu sənət yolunda bizə etimad göstərdilər. Mən bu gün Gülüstan Əliyeva olmağımda onlara borcluyam. Məhz onlar bizi bölgələrdən gətirdilər şəhərdə Azərbaycan musiqisinə, incəsənətinə xidmət edən dəyərli insanlara çevirdilər.

 

“Ədəbiyyat və incəsənət”

(06.12.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.