“Kağızdan evcik qurub, qızıl saray bilmişik” - HƏR GÜN KAMAL ABDULLADAN 7 QRANULA Featured

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

 

Bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

1.

Ədəbiyyatın şah damarı: Yaşanmamış həyatın ilğımı!

2.

Çox zaman nağıl o olur ki, bir qız əcaib məxluqa ərə gedir və o əcaib məxluq günlərin bir günü gözəl prinsə çevrilir. Həyatda isə bəzən bunun əksi baş verir. Qız prinsə ərə gedir, o isə, sən demə, əcaib məxluq imiş.

3.

“ Unudaram mən savabı, günahı

Yavaş-yavaş unudaram düzü mən.

Unudaram qaş-gözümü, vallahi,

bir başqasın elə billəm, özüməm.”

4.

“Kağızdan evcik qurub, qızıl saray bilmişik.

Nahaqdan incitmişik qüssəli ürəkləri.

 Bu dünyaya bəlkə də bir az vaxtsız gəlmişik.

Kim deyərdi solacaq, soldu nar çiçəkləri.”

5.

Biz variantlarda yaşayırıq. İnvariantları isə bütlərə çevirmişik.

6.

Niqab olan yerdə artıq müəllif var, qurma var və üslub var..

7.

Mirzə Cəlil əgər dil xiridarları, dil zərgərləri üçündürsə, Əbdürrəhim bəy hamı üçündür.

 

“Ədəbiyyat və incəsənət”

(06.12.2024)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.