Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Həmidə xanım Cavanşir-Məmmədquluzadə 1873-cü ildə Şuşa qəzasının Kəhrizli kəndində zəmanəsinin görkəmli maarifçi ziyalısı, tarixçi Əhməd bəyin ocağında dünyaya gəlmişdir.
Ailə məktəbində ilk təhsili alan Həmidə xanım hələ yeniyetmə illərində rus dilini səlis qavrayaraq, o dövrün kənd qızları üçün səciyyəvi olmayan yüksək intellektə, geniş dünyagörüşə malik olub. İlk həyat yoldaşı zadəgan nəslindən olan podpolkovnik İbrahim bəy Davatdarov cəbhədə həlak olandan və atasını da itirəndən sonra Həmidə xanım Cavanşir Kəhrizlidə ata mülkünü idarə etməyə başlayıb.
1905-ci ildə Tiflisdə tanış olduğu Mirzə Cəlil Məmmədquluzadəylə iki il sonra ailə həyatı qurarkən bu izdivac çoxlarına xoş getməmiş, nikah onun əsilzadə nəslinə yaraşdırılmamışdı. Lakin Həmidə xanım bütün çətinliklərə cəsarətlə sinə gərərək, Mirzə Cəlilə vəfalı və fədakar ömür-gün yoldaşı olmaqla yanaşı, həm də ustadkarın ən yaxın maarifçi silahdaşı, ziyalı həmdəmi, "Molla Nəsrəddin"in əldə etdiyi xeyirxah himayədarı olmuşdu.
Bütün varidatını, sərvətini həyat yoldaşının yaradıcılığına böyük ürəklə sərf edən Həmidə xanım Cavanşir-Məmmədquluzadə Mirzə Cəlillə 25 il əsl məhəbbət və ehtiramla ömür sürmüşdü.
Mirzə Cəlil nə qədər zərbələrə, ittihamlara tuş gəlsə, nadanlıqla döyüşsə da, ən çətin günlərdə Həmidə xanım ona mənəvi dayaq olmuş, bu böyük insanı daim nikbin ovqata kökləmiş, onun bütün ağır sınaqlardan çıxmasına kömək göstərmişdi.
Hətta qeyd edilir ki, 1918-ci ilin yayında ermənilər Ağdamdan Şuşaya gedən yolu bağlayırlar. Bunu eşidən Həmidə xanım Cavanşir Kəhrizli və Əfətlidən gətirdiyi 200 atlı ilə birlikdə Ağdama gəlir. Bu hadisəni eşidən bütün kişilər mərkəzi meydana yığışırlar. Həmidə xanım camaata müraciət edir:
-Bu gecə Ağdam-Şuşa yolu açılmalıdır. Mən də sizinlə birlikdə döyüşə gedirəm.
Həmidə xanımın atının üzəngisinə yüzlərlə əl uzanır. Çox təvəqqedən sonra Həmidə xanımı yola gətirirlər ki, o Ağdamda gözləsin, bu gecə Şuşa yolu açılacaq. Elə həmin gecə Ağdam-Şuşa yolu Qarabağ kişilərinin səyi nəticəsində ermənilərdən təmizlənir və yol açılır.
Digər bir məlumata görə,Qarabağda uşaqlar arasında yayılmış "çiçək" xəstəliyi kütləvi ölümlə nəticələnirmiş. Bu zaman Həmidə xanım öz hesabına Sankt-Peterburqdan uşaqları sağaltmaq üçün vaksin gətirdir.
Tarix Həmidə xanım Cavanşir-Məmmədquluzadəni böyük xeyriyyəçi və cəfakeş insan kimi yaddaşlara həkk edib. Tək Kəhrizli kəndinin deyil, cümlə Qarabağın ona kömək üçün pənah gətirən insanların əlindən tutan, qayğılarını həll edən bu xanım həm də o dövrün yardıma ehtiyacı olan ziyalılarının da problemlərini həll etmişdir. Ciddi xəstəliyi olan Mirzə Ələkbər Sabir məhz Həmidə xanımın məsləhəti ilə Tiflisdə müalicə üçün dəvət alır. Sabir bu hadisəni Abbas Səhhətə yazdığı məktubda belə xatırladırdı: "Mirzə Cəlil və Həmidə xanımdan çox razıyam. Mənə nə qədər ehtiram edirlər! Xülasə, nə dil ilə təşəkkür edim".
Həmidə xanımın Sabirə göstərdiyi qayğı haqqında Azərbaycan ziyalılığının baş tacı olan Üzeyir bəy Hacıbəyli xüsusi məqalə yazmışdır. Məqalə bu sözlərlə bitirdi: "Qoy ədəbiyyat tarixinə yazılsın ki, Sabir kimi şairi diri-diri təqdir edən bir kişi olmadısa da, bir nəfər arvad oldu ki, şairin iadei-səhhəti üçün, milyonçu kişilərə baxmayaraq, öz varlığından keçəcək qədər böyük bir həmiyyət göstərdi". Bu hadisə Həmidə xanım Cavanşir-Məmmədquluzadənin vətəndaş mahiyyətini, xeyirxah əməllərini əks etdirən yüzlərlə faktdan yalnız biridir.
Həmidə xanım 1912-ci ildən Kəhrizlidə öz vəsaiti ilə məktəb açır və burada dərs deyir. Mirzə Cəlilin vəfatından sonra da ölkənin ictimai-siyasi həyatında fəal mövqe tutan Həmidə xanım ömür-gün yoldaşının əsərlərini çap etdirmiş, bu böyük sənətlə bağlı kövrək xatirələrini ustalıqla qələmə almışdır.
1955-ci ildə vəfat edən Həmidə xanım Cavanşir-Məmmədquluzadə Fəxri Xiyabanda Mirzə Cəlilin məzarı yanında dəfn edilib.
2005-ci ildən etibarən Ağcabədinin Kəhrizli kəndində Həmidə Məmmədquluzadənin ev muzeyi fəaliyyət göstərir. Muzeydə 210 eksponattəqdim olunur.
“Ədəbiyyat və incəsənət”
(06.12.2024)