“Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə keçirdiyi “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.
Hazırda təqdimatda 2 nömrəli Texniki Humanitar Liseyidir.
Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı
DİREKTOR :
Turanə Məcidli Aslan qızı 08.09.1990 tarixində Bakı şəhərində anadan olmuşdur. 2009-2013-cü illərdə Bakı Dövlət Universitetinin kimya fakültəsinin bakalavr, 2013-2015-ci illərdə Bakı Dövlət Universitetinin Kimya fakultəsinin magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2015-ci ildə MİQ müsabiqəsində uğur qazanaraq Səbail rayonu 329 nömrəli tam orta məktəbdə kimya müəllimi fəaliyyətinə başlamışdır.
2020-ci ildə “Landau School ” beynəlxalq məktəbində bir illik ixtisasartırma təlimində iştirak etmiş, ingilis dilində kimya və təbiət fənlərini tədris etmişdir. 2021-2022-ci tədris ilində “Bakı Modern Beynəlxalq məktəbi”ndə Science (Təbiət) müəllimi kimi ingilis dilində tədris aparmışdır.
2022-ci ildə Elm və Təhsil Nazirliyi və ADPU-in birgə layihəsi olan “Məktəb Liderliyi” proqramında iştirak etmişdir. 2022-ci il 5 oktyabr tarixində Bakı şəhər üzrə Təhsil idarəsinin “direktor müavinlərinin işə qəbulu” müsabiqəsində uğur qazanaraq, 106 nömrəli tam orta məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunmuşdur.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən 2023-cü il 27 yanvar tarixində 2 nömrəli Texniki Humanitar liseyə direktor vəzifəsinə təyin olunmuşdur.
2023-cü ildə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsində "Bilgə Qarabağ" layihəsi ilə qalib olmuşdur. 2024-cü ildə Project Management Institute Southern Italy institutu ilə online birgə əməkdaşlıq çərçivəsində Project Management Skills for Life təlimində tutor müəllim kimi sertifikat qazanmışdır.
2024/2025-ci tədris ilindən etibarən Azərbaycan Respublikasının Təhsil İnstitutunun "Təhsilin Təşkili və Planlaşdırılması” ixtisası üzrə doktorantura təhsili alır. Müxtəlif yerli və beynəlxalq təlim və layihələrdə iştirak etmişdir.
ŞAGİRD :
Mən, Kouli Melani Nevil qızı 2 nömrəli Texniki Humanitar liseyin 9B sinfində təhsil alıram. 2016-cı ildən bəri rəsm ilə məşğul oluram. 2019-cu ildə Özbəkistan Respublikasında keçirilən "Joys of Tashkent" Biennalesində sertifikata layiq görülmüşəm və Qazaxıstan Respublikasında keçirilən "Kazakhstan through the eyes of the children of the world" beynəlxalq sərgisinin 2-ci yer qalibi diplomu ilə mükafatlandırılmışam. 2021-ci ildə Azərbaycan Respublikasında keçirilən "Nizami Gəncəvi yaradıcılığında iqtisadi motivlər" rəsm müsabiqəsinin 2-ci yer qalibi və Rusiya Federasiyasında keçirilən "Nature of the world" Beynəlxalq müsabiqəsinin sertifikatlarına layiq olmuşam. 2022-ci ildə Azərbaycanda keçirilən "Qarşıla bizi, Şuşa!" müsabiqəsinin 2-ci yer qalibi diplomu ilə mükafatlandırılmışam, Mərakeş Krallığında keçirilən "Morocco through the eyes of young Azerbaijani artists" sertifikatını və Türkiyə Respublikasında keçirilən "Karabağ Azerbaycan`dır" rəsm sərgisinin təşəkkürnaməsini əldə etmişəm. 2023-cü ildə Azərbaycan Respublikasında keçirilən "Hərb tariximizin şah əsəri - Böyük Zəfər" layihəsinin 1-ci yer qalibi diplomu ilə, "Uğurlarımızla 2024-ə" 1-ci yer kuboku ilə, "Milli iradəmizin zəfər çaldığı gün!" rəsm müsabiqəsinin 2-ci yer qalibi sertifikatı ilə, "Ulu Öndəri düşünərkən” rəsm müsabiqəsinin 3-cü yer qalibi sertifikatı ilə və "İdman həftəsi" rəsm müsabiqəsinin 3-cü yer qalibi diplomu ilə mükafatlandırılmışam. 2024-cü ildə "50 milyonun zəfəri" müsabiqəsində qalib sertifikatına layiq görülmüşəm.
ESSE
“Mənim dünyam”
Mənim dünyam... Bu necədir? Mənim dünyam parlaq, rəngarəng və çox canlıdır. Bu dünyada hər qar dənəciyi, yağış damcısı, ot və hər yarpaq canlı insan kimi nəfəs alır. Bu dünya gözəl göy qurşağı rəngləri ilə doludur. Mənə elə gəlir ki, bütün bunları mənim həyatıma rəssamlıq gətirib. Xatırladığıma görə, mən həmişə rəsm çəkmişəm və bu mənə böyük həzz verib.
Mənim üçün rəsm çəkmək meditasiya kimidir, məni sakitlik və xoşbəxtliklə doldurur. Rəng palitrasını seçmək prosesində sanki sonsuz bir okeana qərq oluram. Rəngləri sevirəm, nə qədər qəribə səslənsə də! Mən dünyanı parlaq rənglərlə doldurmağı sevirəm.
Üstəlik, rəsm prosesində məni kənar düşüncələr tamamilə tərk edir. Rəsm çəkərkən, mən elə bil nağıl dünyasına qərq oluram: daxili dialoq dayanır, adi problemlər və qayğılar unudulur. Belə işıqlı vəziyyətdə saatlar keçir. Zaman tamamilə fərq etmədən uçur.
Rəsm çəkmək mənim üçün həm də enerji mənbəyidir. Heç nəyə güc olmayanda, hər şeydən yorulanda, boyalar və rəngli karandaşlarla işləməkdən gözəl nə var?
Bundan başqa rəsm qısamüddətli və uzunmüddətli yaddaşı inkişaf etdirir. Bir vərəqdə bir obyekti təsvir etmək üçün təsvir yaradıcının başında qorunmalıdır. Bu təsvir obyektin silueti, forması, xətlərin meyl bucaqları, kəsişmələr, rəng və işıq, obyektin mənası haqqında məlumatları saxlayır. Rəsm beynin hər iki yarımkürəsini istifadə edir. Biz adətən daha rasional düşünməyə öyrəşmişik, rəsm isə beynin yaradıcılıqa cavabdeh olan sağ yarımkürəsini də inkişaf etdirir.
Rəssamlıq mənim üçün təsvirolunmaz gözəlliyi ecazkar olan bir dünyanı açdı. Mən rəsm çəkməyə başlayandan sonra, hər ağacın, kolun və qayanın incəliyini və bənzərsizliyini görməyi öyrəndim. Çoxlarına elə gəlir ki, ağac ağac kimi, körpü körpü kimidir, ağaclar hamısı bir birinə oxşayır, körpülər də eynidir, dağlarda, dərələrdə... Ancaq bu dünyanın bütün unikallığını və incəliyini yalnız yaradıcı insanlar görə bilər.
Çox şadam ki, qarşımda belə gözəl bir dünya açılıb. Bunun üçün mən rəssamlığa və bu dünyanı mənim üçün açan insanlara - valideynlərimə və artıq 8 ildir ki, bu böyük sənətin sirlərinə məni qovuşduran müəllimimə çox minnətdaram.
Hələ də rəsm çəkməyi davam edirəm və istər ölkə daxilində, istərsə də xaricdə keçirilən çoxsaylı müsabiqələrdə iştirak edirəm. Çoxlu mükafatlarım var, amma bu mənim üçün əsas deyil. Mənim üçün əsas odur ki, bu dünyanın sehrli gözəlliyini hər bir insana öz rəsmlərimlə çatdırım, onları enerji, hərarət və bənzərsiz işıqla doldurum. İstəyirəm ki, insanlar rəsm vasitəsilə həyatdan həzz almağı öyrənsinlər.
“Ədəbiyyat və incəaənət”
(04.12.2024)