“Məşhurlarla üzbəüz” rubrikasında bu dəfə “Ədəbiyyat və incəsənət” sizlərə Azərbaycanın əməkdar artisti, Opera və Balet teatrının və Milli Konservatoriyanın solisti Gülüstan Əliyevanın fikirlərini təqdim edəcək. Fikirləri ondan Aysel Kərim alıb.
Gülüstan Əliyeva 8 aprel 1967-ci ildə Yevlaxda doğulub. Kiçik yaşlarından musiqi ilə məşğuldur. Yevlaxda orta məktəbdə oxuyanda atası onu və bacılarını musiqiyə cəlb etmişdir, Pionerlər evində musiqi ilə məğul olmağa başlamış, musiqi məktəbində bunu davam etdirmişdir. 1982-ci ildə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə keçirilən Gənc İstedadların Respublika Müsabiqəsində iştirak etmiş və üç turun üçündən də əla qiymət alaraq müsabiqənin qalibi olmuşdur.
Elə həmin ildə Bakı Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə qəbul olmuşdur. Burada Xalq artisti İslam Rzayevin sinfində muğamın sirlərini öyrənmişdir. 1985-ci ildə məktəbi fərqlənmə ilə bitirərək həmin il Üzeyir Hacıbəyli adına Dövlət Konservatoriyasının tarixində ilk dəfə açılan muğam sinfinin ilk tələbəsi olaraq, 1990-cı ildə həmən sinfin ilk məzunu olmuşdur. Müəllimi Xalq artisti, professor Arif Babayevdir. Hələ tələbəlik illərində (1986) Gürcüstanda keçirilən beynəlxalq tələbə gənclər festivalının iştirakçısı və qalibi də olmuşdur.
1992-ci ildə Beylaqan royonu Günəşli qəsəbə inməktəbdə musiqi müəllimi kimi fəaliyyətə başlamışdır. 1993-cü ildə ailə həyatı quraraq yaşadığı Cəbrayıl rayonu işğal olunduqdan sonra məcburi köçkün kimi Bakiya qəlmişdir. 1994-cü ildə Sabunçu rayonunun 170 saylı orta məktəbdə müəllim kimi işləmişdir. 1994–1995 illərdə eyni zamanda Muğam Teatrında işləmişdir. 1995-ci ildən isə Opera müğənnisi kimi Opera və Balet Teatrında işə başlamışdır və bu günə qədər Opera və Balet Teatrında yüksək dərəcəli solist kimi çalışır.
2003-cü ildən Azərbaycan Milli Konservatoriyanın muğam kafedrasının müəllimi, 2015-ci ildən baş müəllimi, 2017-ci ildən kafedranın dosenti, 2022-ci ildən isə sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Dissertasiyası "Azərbaycan Bəstəkarların opera yaradıcılıqında qadın obrazlarının musiqili drammaturji həlli" adlanır.
Gülüstan Əliyeva konsert fəaliyyəti ilə olduqca ciddi və səmərəli məşğul olur. Müxtəlif televiziya kanallarında xalq və bətəkar mahnılarını, muğamları böyük ustalığla ifa edir. Müğənni həmçinin dövlət konsertlərində, tədbirlərdə də müvəffəqiyyətlə çıxış edərək ona göstərilən etimadı daim doğruldur.
Azərbaycan Milli musiqisini və muğam sənətini dünyanın bir sıra ölkələrində — Türkiyə, İran, Moldova, Rusiya, Avstriya, İsveç və s. ləyaqətlə təmsil edib. 1997-ci ildə Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi Neft Konsorsiumu çərçivəsində keçirilən tədbirdə iştirak edib.
2005-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. 1 may 2017-ci ildə, 9 may 2018-ci ildəvə 10 may 2019-cu ildəPrezident Mükafatına layiq görülüb.
2021-ci ildə Xarı Bülbül Best Awards mükafatına layıq görülüb.
Səsi – sopranodur.
Hansı janrdaki əsərlər onun ruhuna fərahlıq gətirir? İfaçı olmaq onun üçün nədir?
-Bilirsiniz yaradıcılıqla məşğul olan insanlar bir ömür öyrənirlər, dinləyirlər və yaradıcılıqlarında əxz edirlər. Mənim üçün pis janr, pis mahnı, hansısa sevmədiyim mövzu yoxdur. İnsanın ruhu nəyi dinləmək istəyirsə zamanın tələbinə uyğun olaraq ona müraciət edir. O zaman da sənətkar nəyi hiss edirsə onu oxuyur, onu yaşayır. Çünki hər insan yaşadığı mühitin məhsuludur. Yaşadığı mühitə cavab verməlidir. Mən düşünürəm ki, hər bir müğənni, xanəndə, vokalçı kim olursa olsun öz həyatını, qəlbinin səsini, sevgisini oxuyur, hislərini tamaşaçıya çatdırır və onunla bölüşür. Bunun qarşılığında da sevilir, alqış, sevgi qazanır. Çünki kim olursan ol yaşadığın dövrün müasirisən. O insanların düşüncə tərzi də, fikirləri də sənlə eyni olur, səsləşir. Bir fərq odur ki, sən onu öz səsinlə, musiqiylə çatdıra bilirsən. Amma başqa sahə adamlarında bu belə deyil. Sən onlara qəlbində oxuduqları, qəlbini dinləndirən, dindirən o səsləri müğənni olaraq, xanəndə olaraq çatdırırsan. Əlbətdəki bu çox gözəldir. Hər insan dünyaya gələndə bir missiyası olur yəqin ki, mənim də missiyam budu. İnsanlara sevinc, sevgi, gözəl, qəmgin, xoşbəxt hisslər bəxş edə bilirəmsə mən özümü bütün bunlarla xoşbəxt sayıram.
“Ədəbiyyat və incəsənət”
(04.12.2024)