Bu gün Qadın zorakılığına qarşı mübarizə günüdür – GƏNCLƏR KİTABXANASININ TƏQVİM GÜNÜNƏ TÖHFƏSİ Featured

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Qadın şiddəti! Zərif cinsə qarşı zorakılıq! Feminizm! – Günümüzdə bu sözlər tez-tez işlənir və onları eşitməyə, bir növ, adətkar olmuşuq. Dünyanın az qala hər bir guşəsində - sivilizasiyanın mərkəzində də, cəhalətin tüğyan etdiyi üçüncü sort ölkələrdə də qadınlar zorakılığa məruz qalmaqdadırlar.

 

Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1999-cu il 17 dekabr tarixli qərarına əsasən, hər il noyabr ayının 25-i bütün dünyada “Qadın zorakılığına qarşı beynəlxalq mübarizə günü” elan edilmişdir.

Biz Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasını bütün əlamətdar hadisələrə və təqvim günlərinə reaksiya verən bir qurum kimi tanıyırıq. Bu dəfə də “Kitabxana 25 noyabr - Qadın zorakılığına qarşı beynəlxalq mübarizəgününə nə kimi töhfə verib?” sualıyla kitabxanaya müraciət etdik.

Öyrəndik ki, bu günlə əlaqədar olaraq kitabxanada məlumat bülleteni hazırlanıb. Materialda bu günün təsis edilməsi tarixi, məqsədi, ölkəmizdə qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılmasına, gender bərabərliyinin təminatına, qadın siyasətinin həyata keçirilməsinə, Azərbaycanda qadınların rolunun artırılmasına dair qəbul edilən rəsmi sənədlərin tam mətni təqdim edilir.

Məlumat bülletenində ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsinə qaldırılmasının Ümummili Lider Heydər Əliyevin adı ilə bağlı olması tarixi faktı, bu gün qadın hüquqlarının müdafiəsinin, onlar üçün yaradılan imkanların genişləndirilməsinin  dövlət siyasətinin əsas prioritet istiqamətlərdən biri olması haqda məlumat verilir, cəmiyyətimizdə qadınların rolu, şərəfli missiyası mövzusunda görkəmli şəxslərin söylədikləri dəyərli fikirlər də yer alır.

Kitabxananın rəsmi saytında yerləşdirilən materialda https://ryl.az/funds/melumat-b%C3%BClleteni “Milli ideologiya və Azərbaycanda qadına münasibətin fəlsəfi problemləri”, “Azərbaycan Respublikasının ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafında qadınların rolu (1970-2015-ci illər)”, “Qadın hüquqlarının müdafiəsi: beynəlxalq və milli aspektlər”, “Qadın haqları tarix və Qurani Kərim işığında”, “Azərbaycanda qadın hüquqları və azadlıqları”, “Qadın hüquqları üzrə bələdçi”, “The international migration of women”, “Woman's rights in Islam” kimi Azərbaycan və ingilis dilində  30-dan çox kitabın biblioqrafik təsviri və qısa annotasiyası ilə yanaşı dövrü mətbuat nümunələri sərgilənir.

Yeri gəlmişkən, məhz dünyada Qadın zorakılığına qarşı beynəlxalq mübarizə günü qeyd edilərkən ölkəmizin teleekranlarında qadın hüquqsuzluğu ilə mübarizəyə səslənən “ Vətəndaş A” teleserialının nümayişi lap yerinə düşür.

 

“Ədəbiyyat və incəsənət”

(25.11.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.