“Mükəmməl əsərləri təxəyyülü olmayanlar üçün yazmaq lazımdır“ - HƏR GÜN KAMAL ABDULLADAN 7 QRANULA Featured

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

 

1.

“ Məni başqasından gizlətmək çətin,

Sənin hər yerindən görünərəm mən.

 Üzündən, gözündən görünmək asan

Səsindən, sözündən görünmək asan

Sənin kölgəndən də görünərəm mən.”

2.

Ölüm ayağında Beyrək Qazana belə bir xəbər göndərir: “Aruz oğlu Basat gəlmədən, evimi, obamı çapıb talamadan, ağca üzlü halalımı (yəni, Banu çiçəyi) əsir edib aparmadan Qazan özünü mənə yetirsin.”

Bu cümləyə heç vaxt heç kim diqqət yetirməyib. Beyrək və Basat münasibətinin “pərdəarxası” nələrdən danışa bilərmiş?!

3

Mükəmməl əsərləri təxəyyülü olmayanlar üçün yazmaq lazımdır. Təxəyyülü olanlar üçün mükəmməl olmayan əsərlər də yetər.

4.

Şərq nağıllarının əvvəli nəşəli, ortası müəmmalı, axırı isə xoşbəxtliklə doludur. Göydən üç alma hökmən düşür. Bütövlükdə qəmlidir.

5.

Azərbaycan ədəbiyyatından artıq yerləri Okkam ülgücü ilə doğrayıb atsaq, yerdə nə qalar barədə düşünmək belə qorxuludur.

6.

“ Dözən oğlu Alp Rüstəm, sənmisən?!

Dəli Dondar, sənmisən?!

Şirşəmsəddin, Qanturalı, Qarabudaq…

Bəy yigidlər yaşıl-yaşıl, budaq-budaq

Gəlib girdilər uyğuma...

7.

Nitsşe: “Səhra böyüyür.”

Bu, yer üzünü ala biləcək ən böyük təhlükədir.

 Nitsşenin səhrası yaddaşın itməsi deməkdir.

 

“Ədəbiyyat və incəsənət”

(22.11.2024)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.