“Kontekst genişləndikcə tekst dərinləşir” - HƏR GÜN KAMAL ABDULLADAN 7 QRANULA Featured

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

 

Bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

 

1.

“ Uca Tanrıdan səs gəldi:

Bu oğlan mənə süs gəldi.

 Niyə qisas yerdə qalıb?!

Alın bunun qisasını!

 Uru durdu, Qisas gəldi...”

2.

Borxes: “Ədəbiyyat idarəedilən yuxudur.” Amma bu yuxu bəzi müəlliflərin öz qəhrə manlarını tez-tez yatmağa göndərdiyi yuxu de yil. Bu yuxu müəllifin özünün yatması və yazdığı mətni yuxu kimi görməsidir.

3.

“ Evimin bir tərəfi Yazdı, günəş çıxıbdı. Bu birində şaxta, qış... Qəribədi, deyilmi?!”

4.

Hər adamın bu dünyada öz sehrbazlar dərəsi var. Kimi onu görür, gedib ona çatır və bu həmişəyaşıl dərə ona öz qoynunu doğma adamına açan kimi açır. Kimi də bu dərənin yanından ötüb keçir və onu görmür. Sehrbazlar dərəsi özü istəməyəndə yolun bu biri, sağ tərəfindən ucalan Görükməz təpə kimi özünü heç kimə görükdürmür.

5.

Kontekst genişləndikcə tekst dərinləşir.

6.

Sənət sənət üçündür, ancaq sənət sənət üçün deyil.

7.

Pərdəönündənsə pərdəarxasında baş verənlər daha maraqlıdır. Kulis və kontekstin qədrini bilək.

 

“Ədəbiyyat və incəsənət”

(21.11.2024)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.