Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.
Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”
Bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.
Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:
1.
Eniş olmasa, zirvə də olmaz.
2.
“İlkin qardaşlığı duman içində
Qaralan yol kimi xatırlayaq biz.
Elə sarılaq ki, bir-birimizə
Bir ürək, bir beyin, bir adam olaq. …
Uzaqdan Allah da baxıb kövrələ,
Cənnətdə mələklər “Amin!” deyələr…”
3.
Əsl söz yazıya daxil edilmək üçün tapılan söz deyil. Əsl söz sonsuz lüğətin içində axtarılan və tapılmayan sözdür.
4.
Allah özü günahımızdan keçsin. Yəni, cəzamızı versin.
5.
Eynşteyn: “Nisbilik nəzəriyyəsinə görə qatar Cenevrə vağzalına yaxınlaşmır, Cenevrə vağzalı qatara yaxınlaşır.” Dahi alim bunu nisbilik nəzəriyyəsindən bayılan, amma onu anlamayan qadınlar üçün demişdi.
6.
İngilis dilində “sən” əvəzliyi yoxdur deyənlər bəlkə də yanılırlar. Bəlkə də bu dildə “siz” əvəzliyi yoxdur.
7.
K.Şennonun informasiya kanalında “küylər” adlandırdığı maneələr, əslində, “təmiz” mətnin içinə daraşan üslubi məqamlardır.
“Ədəbiyyat və incəsənət”
(20.11.2024)