Hər halda niyə Samanta Harvey? - BİR DAHA BUKER-in QALİBİ BARƏDƏ Featured

 

 

 

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

İngilis dilində ən yaxşı roman üçün Buker mükafatını ingilis yazıçısı Samanta Harveyin  "Orbitdə" romanına görə alması xəbərini haçan almışıq? Səhv etmirəmsə, noyabrın 13-də. Amma müzakirələr və mübahisələr əsla bitmir. 

 

Siması qadınlaşıbdır Buker mükafatının, builki qısa siyahısında olan 6 müəllifin 5-i qadın idi. Mükafatın rəsmi saytında bu altılıq belə sıralanmışdı:

1. Percival Everett (“James”)
2. Samantha Harvey (“Orbital”)
3. Rachel Kushner (“Creation Lake”)
4. Anne Michaels (“Held”)
5. Yael van der Wouden (“The Safekeep”)
6. Charlotte Wood (“Stone Yard Devotional”)

 

Münsiflər heyəti qələbəni yekdilliklə Harveyə verdi. "Bəzən bir kitabla qarşılaşırsınız və bu ecazkar hadisənin necə baş verdiyini anlaya bilmirsiniz" deyə münsiflər heyətinin sədri yazıçı və rəssam Edmund de Vaal Samanta Harveyin kitabını şərh edərkən deyib. 

 

Kitabda cəmi 136 səhifə var – "Orbitdə" romanı "Buker" tarixinin ən qısa iki romanından biri və kosmosdan bəhs edən   ilk laureat olub. Kitab Beynəlxalq Kosmik Stansiyada olan altı astronavtın həyatlarının  bir günündən bəhs edir.

"Mən onu kosmik pastoral kimi düşünürdüm – kosmosun gözəlliyi haqqında, bir növ, təbii fəlsəfi vəsf” deyə Harvey kitabının yazılması prosesi haqqında söyləyir. 

Əlbəttə, zövqlər müxtəlifdir, amma şəxsən mən bol informasiyalı, bədii ədəbiyyatdan əsla uzaq bu non-fiction məhsuluna 1-ci yer verməzdim. 

Mükafatlandırma mərasimi Londonda keçirilib. Harveyə qızıl suyuna çəkilmiş statuy və 50 min funt sterlinq pul verilib. 

Mən dedim ki, bu il mükafatın qısa siyahısına düşən altı namizədin beşi qadın idi və qalib də qadın oldu. Amma o da var ki, qadınlar son dəfə beş il əvvəl "Buker"i ala biliblər. 

Xatırladım ki, "Buker" mükafatı hər il ingilis dilində yazılan və Böyük Britaniya və İrlandiyada nəşr olunan əsərlərə verilir. Mükafatın məbləği 50 min funt sterlinqdir. Ötən il "Buker"in qalibi "Prophet Song" əsəri ilə Paul Lynch olub. O roman da ənənəvi bədii ədəbiyyat çərçivəsində deyil, utopik, fantastik bir dünya barədədir. 

Bəli, mən deyərdim ki, deyəsəm, ədəbiyyat öz klassik məzmununu itirməkdədir.

 

“Ədəbiyyat və incəsənət”

(16.11.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.