İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Bu günlərdə qədim Qəbələ şəhərində oldum. Şəhərlə ətraflı tanış olub, görkəmli yazıçımız İ.Qutqaşınlının abidəsini və ev-muzeyini ziyarət etdim.
Dostlarla söhbət zamanı söz A.Dümanın “Qəbələ xurması” adlandırdığı şabalıddan düşdü. Düz deyiblər ki, söz vaxtına çəkər. Hazırda şabalıd mövsümüsür. Dostlardan şabalıdla bağlı maraqlı söhbətlər, rəvayət və əfsanələr eşitdim. Belə əfsanələrdən biri də görkəmli yazıçımız İ.Qutqaşınlı ilə əlaqələndirilir. Üstəlik, İsmayıl bəyin ölümü və ölüm səbəbi barədə dostlarımın nənə-babalarından eşitdikləri rəvayətləri də dinlədim.
Maraqlı olacağını güman edərək həmin rəvayətləri oxucularımızın da nəzərinə çatdırmaq istərdim. Əvvəlcə, şabalıdla bağlı rəvayət barədə.
Deməli, belə söyləyirlər ki, İ.Qutqaşınlı şabalıdı çox sevirmiş. Ən çox da Qəbələ şabalıdını. Həcc ziyarətinə gedən general geri qayıdarkən bir müddət İstanbulda qalır. Şəhər onun çox xoşuna gəlir. Bir gün şəhəri gəzərkən küçədə şabalıd satıldığını görür. Maraqlanıb qiymətini soruşur. Satıcı ona deyir ki, sənlik deyil, bahalı şeydir, çəkil kənara.
İsmayıl bəy pərt olsa da, üzə vurmur. Qəbələyə xəbər yollayır ki, təcili ona şabalıd göndərsinlər. Buradakı dostları çaparla ona iki xaral təmizlənmiş seçmə Qəbələ şabalıdı göndərirlər.
İ.Qutqaşınlı qəsdən bazarda həmin lövğa tacirin yanında yer alır. Bazara hay düşür, camaat şabalıd almaq üçün sıraya düzülür. Lakin İsmayıl bəy heç kimdən pul almır. Hamını şabalıda qonaq edir.
Beləcə, lovğa tacir dərsini alır.
Söylənilən rəvayətlərdən biri də İsmayıl bəyin ölümü və ölüm səbəbi ilə əlaqədardır. Maraqlı orasıdır ki, onlar söylədiklərinə heç bir rəsmi mənbə göstərmir və bunları ulu babalarının və nənələrinin dilindən eşitdiklərini bildirirdilər.
Amma söylədikləri tədqiqatlarda göstərilənlərlə tamamilə üst-üstə düşür. Bu isə mövcud ehtimalı daha da qüvvətləndirir.
Söylədiklərindən belə məlum olurdu ki, böyük ədibimizin ölümü xüsusi olaraq planlaşdırılmışdır. Çünki o, öz xalqını və Vətənini sevən, onun azadlığını arzulayan" paqonlu maarifçilər"dən idi. Ona görə də istefaya çıxdıqdan sonra, 1847-ci ildən Şamaxıda "Bəy kommissiyası"nda işləməsinə baxmayaraq, xalqın maariflənməsində və oyanmasında aktiv fəalliyyətə başlamışdır. Sözsüz ki, bu da çar hökumətinin maraqlarına cavab vermirdi. Ona görə də Qutqaşınlını tezliklə aradan götürmək üçün planlar cızılır, fürsət axtarılırdı. Belə ehtimal olunur ki, 1854-cü ildə ona ünvanlanmış, Anadolu ordusunun baş komandanı Mustafa Zərif Paşadan Azərbaycan və Dağıstanda üsyanlar təşkil etməyə çağıran məktub erməni polkovniki M.T. Loris-Məlikovun casuslarının əlinə keçib. Onlar da məktubu təcili çar idarəsinə yetirmişlər. Nəticədə İ.Qutqaşınlı 1855-ci ildən nəzarət altında alınmışdır. Onun 1861-ci ildə Ağdaş mahalında karvansarada yemək yeyərkən çar Rusiyasınin əli ilə ermənilər tərəfindən suyuna zəhər qatılmaqla həyatına son qoyulmuşdur. Eləcə, həyat yoldaşı Tutu xanım Bikə də onunla birgə zəhərlənərək öldürülmüşdür.
“Ədəbiyyat və incəsənət”
(12.11.2024)