OKEAN boyda insanlardan biri... - REKVİYEM Featured

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Bir neçə gündür ki, Sumqayıtdayam. Səhərlər dənizə gedir, axşamlar geri qayıdıram. Kompyuteri özümlə götürmədiyim üçün telefonda yazmaq səriştəsizliyinin ağrısını çəkirəm. Nə isə, bu gün sizə Zülfüqar Rüfətoğlundan söhbət açmaq istəyirəm. 

Bu yerdə ABŞ-ın Kaliforniya ştatında Sakit okeanın sahilində dayanmağım, nəğmə oxuyan dalğaların qarşısında sükutum yadıma düşdü…

 

Bu adam sadəcə istedad deyil, Okeandır, Okean adamdır…

Əvvəlcə tərcümeyi-halına baş vuraq:

Zülfüqar Rüfətoğlu 1958-ci il iyunun 22-də Bakı şəhərində anadan olub. 1965-1975-ci illərdə 172 saylı orta məktəbdə təhsil alıb. 1975-ci ildə həmin məktəbi qızıl medalla bitirib. 1975-1980-ci illərdə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunda təhsil alıb, 1980-ci ildə buranı fərqlənmə diplomi ilə bitirib. Hərbi xidmətdən sonra 1985-ci ildə "Azərbaycan qadını" jurnalında jurnalistika fəaliyyətinə başlayıb. 1986-cı ildə "Sovet kəndi" qəzetində, 1987-ci ildən isə "Kommunist" qəzetində fəaliyyət göstərib. "Kommunist" qəzetinin əlavəsi olan və 1989-cu ildən çıxan "Səhər" qəzetinin yaradıcılarından biri olub. Müxtəlif illərdə "Xalq qəzeti" və "Azərbaycan" qəzetlərində çalışıb. 1990-cı ildə "Kommunist" qəzetinin ən gənc şöbə müdiri olub. 1990-cı ildə atası Rüfət Əhmədzadənin pyesi əsasında "Şirbalanın məhəbbəti” filminin ssenarisini yazıb. 1985-1994-cü illər arasında bir çox mahnı sözləri bəstələyib. Emin Sabitoğlu, Eldar Mansurov, Cavanşir Quliyev kimi bəstəkarlarla birgə çalışıb. 1991-ci ildə "Qızıl qələm" mükafatına layiq görülüb. 1980-1994-cü illər ərzində isə "Elm və həyat" jurnalında dilçiliklə bağlı yazdığı məqalələr dərc olunub. 1993-cü ildə "Röyter" agentliyinin kurslarında dəvət olunub və burada təhsil alıb. 1994-cü ilin dekabr ayından isə BBC Azərbaycan xidmətində işləməyə başlayıb. 1996-cı ildə Qarabağ müharibəsi başlandığı tarixdən sonra Ermənistana, Şuşa və Xankəndinə səfər edən ilk azərbaycanlı jurnalistdir. Bu səfərindən sonra 10 hissədən ibarət "Atəşkəs kölgəsində" radiooçerklər silsiləsi yaranıb. 2000-2001-ci illər ərzində BBC Azərbaycan xidmətinin prodüseri kimi fəaliyyət göstərib. Daha sonra BBC Azərbaycanın əsas müxbirlərindən biri olub. Fəaliyyət göstərdiyi müddətdən burada "Çətin sual", "Sənin səsin" adlı həftəlik proqramları yaradıb. 2014-cü ildə ağır xəstələnərək komaya düşüb. Bundan sonra müstəqil jurnalist kimi fəaliyyət göstərir...

 

İlahi, tərcümeyi-halının şərhi nə uzun çəkdi? Hamısını çatdıra bildimmi? 

Hə, harada qalmışdım, okeanda. Dalğaları ilə sal qayalara çırpılan okeanda. Balinaların, köpək balıqlarının məskənində. Yəni Zülfüqar Rüfətoğlunda…

 

Bəzən biz bir-birimizi sevməkdə aciz oluruq. Düşünürük ki, əbədi yaşayacağıq. Və bu etinasızlıq bizi məhv edir. Kimdir Zülfüqar Rüfətoğlu? Əlahəzrət İstedadın ən yüksək zirvəsinə dalğaları ilə yetişə bilən OKEAN boyda insanlardan biri. Budur yaradıcılıq və qeyri adilik...

Xəbər gəlib ki, haqqa qovuşub. Yeri cənnət olsun. Bu da onun bir şeiri: 

 

Yenə Vaterloda veyillənirdim,

Hava da sərindi, yeri gəlmişkən,

Yıxılıb düşdüyüm gölməçə mənim,

Temzadan dərindi yeri gəlmişkən...

 

Özümü yetirdim qədim bir paba,

Tərslikdən yox idi bircə boş masa,

O anda nə qədər xoşbəxt olardım,

Bir alkaş getməkçün ayağa qalxsa...

 

Küncdəki masada oturan qadın,

Mənə çox baxırdı, yeri gəlmişkən,

Görüb üzümdəki çarəsizliyi

Yanına çağırdı yeri gəlmişkən...

 

Gözləri səmaydı, saçları günəş,

Səma da, günəş də mənə tanışdı,

Mən də bir girdirmə ingilis kimi,

Əvvəlcə havadan bir az danışdım.

 

Masanın altında zənbili vardı,

Söhbətçün bu idi gözümə dəyən,

Aşkarca, mənasız bir sual verdim:

“Milad bazarlığı etmisiz, deyən”...

 

Onun bu sualdan dodağı qaçdı,

Yerinə düşmüşdü, yeri gəlmişkən,

Mənə göstərməkçün çantanı açdı,

Bayram sovqatıydı, yeri gəmişkən...

 

Bir-bir sadaladı hədiyyələri,

Ərindən başlamış, qardaşınadək,

Mənisə bir alçaq paxıllıq tutdu,

Həmin siyahıda olaydım gərək.

 

Sonra da taksiyə ötürdüm onu,

“Biz onda ayrıldıq”, Bayron demişkən,

Maşın tərpənəndə çevrilib dedi:

“Adım Katerindir, yeri gəlmişkən”...

 

Bəxtimin rəngində olan o taksi,

Tərpəndi, dərhal da tindən buruldu,

Mənsə isti-isti hiss etməmişdim,

Mənfur Vaterloda necə vuruldum.

 

Gözlərim apaçıq qalmışdı mənim,

İynəsi vurulmuş bir dəli kimi,

Donmuşdum küçənin ortasında mən,

Müzəffər Nelsonun heykəli kimi..

 

Hava şaxtalaşdı, qar da oturdu,

Yeriyə bilmədim, yollar sürüşkən,

Məni bir ingilis killeri vurdu...

Adı Katerindi, yeri gəlmişkən...

 

“Ədəbiyyat və incəsənət”

(12.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.