Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.
Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”
Bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.
Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:
1.
“ Mən kiməm?” sualı “mən kim deyiləm?” sualının o biri üzündən başqa bir şey deyildir.
2.
“Mənə ağlayan gözləriniz olaydı,
Məni sevən ürəyiniz.
Mən elə sizəm, siz.”
3.
Dostoyevski: “Gözəllik dünyanı xilas edəcək.”
Bəs niyə etmir?!
4.
O.Mandelştam:
“Yuxusuzluq. Homer. Bir də tarım yelkənlər.
Yarıyacan ancaq saydım - sonu yox gəmi.
Elladanın göylərində durnalar kimi Süzüb,
süzüb hara üzür onlar bu səhər?!”
Tərcümədə son təcrübələrdən.
5.
Mənim həyatım?! Boş şeydir – bir neçə (bəlkə də bir çox) adama yaxşılıqlar eləmək və bunun “ağır” nəticəsini görmək üçün həyata keçirdiyim müəyyən zaman və məkan işğalıdır.
6.
Dünyaya gələndən sonra gəldiyin yerdə nə vardısa, nə olmuşdusa, hamısı yaddan çıxır.
7.
Əli Kərim: “Nə xoşbəxt imişəm bir zaman, Allah...”
Misra bütün əlacsızların himni kimi.
“Ədəbiyyat və incəsənət”
(12.11.2024)