Qürbətdə bir yazar öldü… - VARİS YAZIR Featured

İstirahət günlərində aldığımız bir xəbər hamımızı sarsıtdı. Tanınmış jurnalist, şair, tərcüməçi Zülfüqar Rüfətoğlu yaşadığı Londonda, müalicə aldığı xəstəxanada dünyasını dəyişdi. Bu xəbəri Zülfüqar Rüfətoğlunun Azərbaycan Dövlət Kukla Teatrının direktoru işləyən qardaşı Rəşad Əhmədzadədən aldıq.

 

Zülfüqar Rüfətoğlu uzun müddətdir qaraciyər xərçəngindən əziyyət çəkirdi. Olsun ki, bu ad kimlərəsə tanış gəlmədi. 

Əhmədzadə Zülfüqar Rüfət oğlu Azərbaycanın ən istedadlı qələm adamlarından idi.

O, 1958-ci ildə Bakıda, tanınmış yazar, satirik Rüfət Əhmədzadənin ailəsində anadan olmuşdu. Çox məşhur bir yazarlar ailəsiydi ailələri. Şair, publisist, tərcüməçi və ictimai-siyasi xadim, XX əsrin əvvəllərində böyük maarifçi Zülfüqar Əhmədzadə isə Zülfüqar Rüfətoğlunun babası idi. 

Azərbaycan ədəbiyyatına, maarifçiliyinə, mədəniyyətinə xidmət edən böyük bir pleada! 

Öncə “Kommunist”, sonra “Xalq qəzeti” və “Azərbaycan” qəzetlərində işləmişdi, “Səhər" qəzetinin təsisçilərindən biri olmuşdu. Bu o “Səhər” qəzetidir ki, 20 yanvar həqiqətlərindən yazmaq cəsarətinə ilk dəfə məhz o sahib olub. 

Zülfüqar Rüfətoğlu həm də o dövrdə publisistika, jurnalistika sahəsində ilk qələm təcrübəsi sərgiləyən gənclərə - o cümlədən mənə ustad olmuşdu, bizi məmnuniyyətlə dərc edirdi. 

Zülfüqar Rüfətoğlunun qələmi o qədər sehirkar idi, adamı dərhal məftun eləyirdi. 

Heç unutmaram, bir dəfə Bakıda keçirilən it sərgisi haqqında reportaj yazmışdı, yazı o qədər canlı, həm də tərbiyəvi, didaktik idi ki, onu oxuyan hər kəs sərgi barədə müfəssəl məlumat almaqla yanaşı, bər-bəzək və qayğı içində xumarlanan tox itlərlə cır-cındır içində, əziyyətlərə qatlaşan ac insanları ürək ağrısı ilə müqayisə etməyə məhkum idi.  

Həyatının növbəti dönəmində o, "BBC Azərbaycan" xidmətində fəaliyyət göstərmişdi.

Baş rolda mərhum Hacıbaba Bağırov çəkilmiş “Şirbalanın məhəbbəti" filminin ssenari müəllifi, “Mavigözlü ögey ana" kitabının müəllifiydi. 

Sonra da qürbət həyatı başlamışdı. Dumanlı Albionda daim yağışlı, dumanlı-çiskinli havalarda Abşeron günəşinin həsrətini çəkirdi, yadların əhatəsində doğmaları üçün, ələlxüsus, anası üçün darıxırdı. 

İki-üç il öncə onun bu şeirini oxuyanda az qalmışdım ki, hönkürüb ağlayım.


Çıxdım siqaret almağa,

Qərib London gecəsinə

Bu qaranlıq lap oxşadı,

Şərifzadə küçəsinə

 

Qərib London gecəsində

“Şərifzadə küçəsində”…

Qəfil anam düşdü yada,

Qəfildən də xatırladım

Daha yoxdu bu dünyada.

 

Daha vətən qürbətləşib,

Daha qürbət vətənləşib,

Hansısa şəhəri sevmək

İnnən belə çətinləşib…

 

Nə Liverpul, nə də Kentdə

Nə Yasamal, Çəmbərəkənddə,

Bu xaraba məmləkətdə,

Bu avara planetdə,

Daha anam yoxdu mənim…

 

Siqareti tüstülətdim,

Tanış qaranlıqda itdim…

 

Mən əminəm ki, onu vaxtsız öldürən xəstəlik olmadı, onu vaxtsız qürbətdə yaşamaq öldürdü. 

Allah sənə rəhmət eləsin, unudulmaz insan! 

 

“Ədəbiyyat və incəsənət”

(11.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.