Lütfi Zadə, Qara Qarayev və Rüstəm İbrahimbəyov günləri, Facebook-un yaranışı, hidrohen bombasının da itməsi Featured

 

 

4-5 fevralın təqvimi Varisin təqdimatında

 

4 fevral

Ümumdünya xərçənglə mübarizə günü

World Cancer Day 2008-ci ildən qeyd edilir, məqsəd xərçəng xəstəliklərinin azaldılmasına nail olmaqdır. 

2019-cu ildə “Mən varam və mən olacağam” adlı kampaniyaya start verildi, bu, xərçəng xəstələrinə əlavə güc verməyə, onları mübariz olmağa bir cağırış idi. ÜST-ün məlumatına görə, xərçəngin 100-dən çox növü var, hər il milyonlarla insan bu xəstəlik səbəbindən həyatlarını itirirlər. Yeni xərçəngə tutulma hallarının 60 faizi Afrika, Asiya, Mərkəzi və Cənubi Amerika ölkələrinin payına düşür. Xərçəngdən ölüm hallarının 70 faizi də bu regionlarda baş verir.

Bütün dünyada kişilər əsasan xərçəngin bu 5 növündən ölürlər: ağciyər xərçəngi, mədə xərçəngi, qaraciyər xərçəngi, düz bağırsaq xərçəngi və həzm sistemi xərçəngi. Qadınları öldürən əsas xərçəng növlər isə bunlardır: döş xərçəngi, ağciyər xərçəngi, mədə xərçəngi, düz bağırsaq xərçəngi və qadınlıq yolu xərçəngi.

Xərçənglə mübarizə günündə insanlara əsas o təlqin edilir ki, xərçəng tam müalicəsiz xəstəlik deyil, tütündən istifadəni dayandırmaqla, alkoqoldan istifadəni azaltmaqla, sağlam qidalanmaqla, çox hərəkətli olmaqla xərçəngdən ölüm hallarını 30 faiz azaltmaq olar.

Allah bütün xəstələrə şəfa versin.

 

Rissyün günü –baharın başlanğıcı

Budur, artıq gündoğanda – Yaponiyada Rissyün günü bayram edilir, bu, baharın gəlişi deməkdir. Yapon inanclarına və elmi ehtimallarına görə, fevralın 4-də artıq bahar atributları özünü göstərməyə başlayır, qış çıxıb getmək üçün qapı kəndarına gəlir.

Çox keçməz ki, biz də görərik axır çərşənbə gəldi, ardınca Novruz gəldi. Bu bir göz qırpımında bitən gödək həyatda hər şey elə sürətlə baş verir ki.

 

Milli ev şorbası günü

Vakuum günüdür bu gün həm də. Alimlər vakuum barədə bilgiləri ilk dəfə 4 fevral günündə açıqlayıblar. Şri-Lankanın müstəqilliyi günüdür, “Seylon çayı” deyibən bəh-bəhlə içdiyimiz çayın vətəninə təbriklər! Anqolada bu gün silahlı üsyan günüdür, 1961-ci ildə anqolalı vətənpərvərlər Luanda həbsxanasına basqın edib öz siyası liderlərini azad ediblər. Latviyada çox maraqlı bayramdır, sıyıq günü. Bu ölkədə sıyıq çox sevilir, hətta süd istehsalçıları sıyıq konservaları da istehsal edirlər. 

ABŞ bu gün bayramları yanaşı düzüb, özü də müxtəlif təyinatlı bayramları. Poçtalyon günüdür, bu gün hər kəs poçtalyonlardan minnətdarlıq kəlmələrini əsirgəməməlidir. Milli Qırmızı libas günüdür. Amerikalı xanımlar bu gün yeni tikdirdikləri, yaxud aldıqları qırmızı libas geyinəcəklər. Deyilənə görə, bunu etmək, insanlara uğur gətirir. Təbii ki, söhbət ABŞ-dan gedirsə, mütləq mətbəx bayramları ilə qarşılaşmaq labüdlüyü var. Bu gün gündəmdə iki belə bayram dayanır. Milli ev şorbası günü, bir də Milli içinə tərəvəz doldurulmuş göbələk günü.

 

Yalta konfransı

2006-cı ilin 4 fevralında Turin metropoliteni açılıb. Facebook sözü, onun göy rəngli loqosu az qala beşikdəki uşağa da doğmadır. Bu gün facebook-un ad günüdür. 2004-cü ilin 4 fevralında Harvard Universitetinin tələbəsi Mark Sukerberq bu sosial şəbəkəni rəsmən yaradıbdır. 1998-ci ildə Brüsseldə qloballaşma əleyhinə olan insanlar Bill Qeytsin sifətinə tort çırpıblar. 1976-cı ildə zəlzələ Qvatemalada 23 min insanın ölümünə səbəb olub. 1974-cü ildə iki illik təlimdən sonra ABŞ-da Nim Çimski adlı şimpanze ilk sözü yaza bilib. 1971-ci ildə Britaniyanın Rolls Roys avtomobil konserni bankrotluğunu elan edib. 1945-ci ilin 4 fevralı tarixi bir gündür, Yaltadakı Livadiya sarayında Ruzvelt, Çörçill və Stalin Almaniyanın qeydsiz-şərtsiz təslim olması razılığına gəliblər. 1943-cü ildə Sürixdə Bertold Brextin “Sezuanlı xeyirxah insan” tamaşasının premyerası olub. 1708-ci ildə İohann Sebastyan Baxın 71-ci kantantası onun ilk çap olunan əsəri kimi tarixə düşüb. 1169-cu ildə zəlzələ Siçiliyada 15 min insanın ölümünə səbəb olub. 634-cü ildə Əmir ibn əl Asın başçılığı altında müsəlman ordusu Datxin altında bizanslılar üzərində tarixi qələbə qazanıb.

 

Bu gün dünyaya gəlmiş məşhurlar az deyil

1988-ci ilin 4 fevralnda Sumqayıtda Məsumə Məmmədova dünyaya gəlib. Heç vaxt “nə olsun” deməyə tələsməyin. Söhbət dövrümüzün ən populyar müğənnilərindən biri olan Damladan gedir. 1961-ci ilin bu günündə Azərbaycan Respublikası 1-ci vitse-prezidenti katibliyinin rəisi, Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov, 1945-ci ildə Azərbaycan musiqisinin canlı klassiki, korifey sənətkar, hazırda Rusiyadakı səfirimiz Polad Bülbüloğlu, 1939-cu ildə xalq artistimiz Tarıyel Qasımov, 1921-ci ildə “Ən böyük azərbaycanlılar” siyahısında ön yerlərdən birini tutan dahi şəxsiyyət, süni intellekt sahəsi üzrə dünyanın ən ünlü alimi, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadə, 1910-cu ildə iki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş əfsanəvi hərbçimiz Həzi Aslanov, 1906-cı ildə  amerikalı astronom, Plutonu kəşf etmiş Tombo, 1881-ci ildə fransız rəssamı, “mexaniki incəsənət” təmayülünün görkəmli nümayəndəsi Fernan Leje, 1881-ci ildə rus kinematoqrafiyasının banilərindən biri, kinorejissor Yakov Protozanov, 1875-ci ildə aerodinamikanın atası, alman fiziki Lüdviq Prandtl, 1746-cı ildə tarixin ən məşhur polyaklarından olan, antirus üsyanının rəhbəri Tadeuş Kostyuşko dünyaya gəliblər.

 

Cavanşir Cahangirovu anırıq

2020-ci ilin 4 fevralında Azərbaycan televiziyası tarixində iz qoymuş, bir vaxtlar “Çay dəstgahı” verilişi ilə məşhurlaşmış istedadlı telejurnalist, 2000-ci illərdə Azərbaycan Radiosuna rəhbərlik etmiş Cavanşir Cahangirov dünyadan köçüb, ruhu şad olsun! 1940-cı ilin 4 fevralında qırmızı cəllad, on minlərlə sovet insanın, o cümlədən azərbaycanlının qətlinə fərman vermiş SSRİ dövlət təhlükəsizliyi və daxili işlər nazirliyi rəhbəri Nikolay Yejov,  1925-ci ildə alman arxeoloqu, qədim Vavilonun yerini tapmış Robert Koldovey, 1894-cü ildə saksafon çalğı alətini kəşf etmiş belçikalı musiqiçi Adolf Saks, 1871-ci ildə rusların tarix boyu ən çox qorxduqları 3 şəxsdən biri – Şimali Qafqaz xalqılarının milli azadlıq hərəkatının başçısı Şeyx Şamil dünyadan köçüblər. 

 

5 fevral

 

Beynəlxalq Skautlar Günü

Skaut yaşı 6 yaşdan ta ki 21 yaşa qədər hesab edilir. Bu gün 216 dünya ölkələrindən 50 milyondan çox uşaq, yeniyetmə və gənc skaut hərəkatının sıralarında birləşərək, «Hər gün bir xeyirxah iş görək” devizi altında fəaliyyət göstərirlər. Skaut sözünün tərcüməsi kəşfiyyatçı deməkdir, skaut hərəkatının banisi isə general Robert Baden-Pauell olub. Bu general istefada olarkən “Oğlanlar üçün kəşfiyyat” kitabını yazıb. Bu kitabda da o, yeniyetmə və gənclərin bir vahid ideya ətrafında birləşməsinin əsasını qoyub.

O cümlədən ölkəmizdə də fəaliyyət göstərən Skaut təşkilatı – müstəqil, qeyri-siyasi qurumdur, bu, uşaq, yeniyetmə və gənclərlə bir iş proqramıdır ki, özlüyündə bütün çətinliklərə baxmayaraq daim ayaqda qalmağı ehtiva edir. Skautların vətəni İngiltərə hesab edilir, 1907-ci ildə bu ölkədə ilk boyskaut düşərgəsi açılıb. 

Skaut qalstukunu sonradan sovetlər götürüb pioner qalstuku kimi istifadə ediblər, eləcə də “Həmişə hazır ol” şüarını. 

Skautun yaşadığı qaydalar şərçivəsi isə bunlardır: faydalı olmaq, bütün skautların dostu və qardaşı olmaq, xeyirxah, alicənab olmaq, yalan danışmamaq, təbiəti qorumaq, gülümsər olmaq, çətinlikdən qorxmamaq.

Azərbaycan skautlarının andı bilirsiniz necədir? And içirəm öz şərəfimə, məndən asılı hər bir şeyi edəcəyəm ki, Allah və Azərbaycan qarşısında olan borcumu yerinə yetirim, hər vaxt başqalarına kömək edim, skaut qanunlarına tabe olum.

Skaut gününüz mübarək, əziz uşaq, yeniyetmə və gənclər.

 

Ümumdünya Nutella günü

Bu bir uşaq bayramıdır, məşhur yerfındıqlı şokolad pastasının şərəfinədir. Bu qidanı bütün dünyada uşaqlar çox sevirlər, amma bir çox rejionda, xüsusən müharibələr və aclıqlar çəkən Afrika və Mərkəzi Asiya regionunda uşaqlar ona tamarzıdırlar. Nutella günündə xüsusən avropalı və amerikalı uşaqlar aclıq çəkən uşaqlara sovqatlar, mütləq də Nutelle göndərirlər.

 

Səhər naharına dondurma günü

Bu dadlı qidanı adətən insanlar səhərlər yeməzlər, amma bu gün insanlardan məhz səhər naharına dondurma yemək təvəqqe olunur. Bekarçılıqdan ortaya çıxan bir gündür əlbəttə. Qayğısız əcnəbi insanlar bilmirlər ki, başlarını nə ilə qatsınlar. 

 

Monarx günü

Monarx günüdür həm də bu gün. Amma bu monarx o monarxdan deyil, yəni, kilsə ilə əlaqəli bir gün deyil. Söhbət nimfalid ailəsindən olan kəpənəkdən gedir, Şimalı Amerikada məskunlaşmış bu kəpənək olduqca valehedici olduğuna görə şəninə gün təsis ediblər.

Finlandiyada bayraq, Burundidə birlik, Danimarkada Şahzadə Merinin tacı, Pakistanda Kəşmirlə həmrəylik, Argentinada Linkoln və Buanes-Ayres karnavalları günüdür. İsraildə Tu bi-Şvat bayramıdır. Yəhudi təqvimi ilə şvat ayının 15-ci günündə qeyd edilən bu bayramın qeyri-rəsmi adı “Ağaclar üçün Yeni il” adlanır, insanlar bir-birini görcək gülümsəyərək “Roş xa-Şana La İlanot” söyləyirlər. 

O ki qaldı Amerikaya, onlarda bu gün Milli şokoladlı fondyu günüdür. Fondyu – çörək, kartof və əridilmiş pendirin şokoladla süfrəyə verilməsidir.

 

La Skalada “Otello”nun premyerası

2009-cu ilin 5 fevralında Somalı piratları rəsmən 3200000 dollar pul alaraq Ukraynanın “Faina” gəmisini 17 nəfər ekipajla birgə azad edərək tarixdə ilk presidentin əsasını qoyublar. 1991-ci ildə Qırğızıstanın paytaxtı 65 il bolşevik terrorçusu Frunzenin adını daşıdıqdan sonra Bişkek olub. 1958-ci ilin 5 fevralı qəribə bir olayla yadda qalıb. Jorjiya sahillərindəki təlim zamanı aviaqəzada hidrohen bombası itib. Hələ də həmin bomba tapılmayıb. 1952-ci ildə Nyu-York üçişıqlı işıqfor işlədilən ilk şəhər kimi tarixə düşüb. 1924-cü ildə BBC radiosu Qrinviç abservatoriyasından dəqiq vaxt siqnalları verməyə başlayıb. 1920-ci ildə Ukraynada ataman Maxno vərəqələr yayaraq yerli xalqı rus bolşevikləri ilə mübarizəyə səsləyib. 1916-cı ildə Sürixdə “Kabare Volter” – dadaizmin yarandığı məkan fəaliyyətə başlayıb. Dadaizmin əsas prinsipləri irrasionalizm, mövcud kanon və stereotiplərin dağıdılması olub. 1887-ci ildə Milanın La Skala teatrında Verdinin “Otello” operasının premyerası olub. 1783-cü ildə İtaliyanın Kalabriya əyalətində tarixin ən uzunmuddətli zəlzələsi qeydə alınıb – iki ay davam edən yeraltı təkanlar və sunami 180 yaşayış məskənini dağıdıb, 60 min insan həyatını itirib. 

 

Üç dahi azərbaycanlının doğulduğu gün

1985-ci ilin 5 fevralında dünya futbolunun ən parlaq ulduzu – Kriştianu Ronaldu, 1968-ci ildə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, 1878-ci ildə fransız mühəndisi, “Sitroen” kompaniyasının yaradıcısı Andre-Qustav Sitroen, 1840-cı ildə Amerika silah konstruktoru, pulemyotu kəşf etmiş Qayri Maksim, 1812-ci ildə fransız baronu, Puşkini dueldə öldürmüş Jorj Dantes dünyaya gəliblər.

Təqvimdə çox az sayda günlər var ki, həmin gün bir xalqa məxsus bir neçə dahi insan doğulur. 5 fevral da belə günlərdən biridir. 1939-cu ilin bu günündə dünyaşöhrətli azərbaycanlı yazıçı, ssenarist Rüstəm İbrahimbəyov, 1923-cü ildə tanınmış azərbaycanlı tarzən Baba Salahov, 1918-ci ilin bu günündə isə dahi azərbaycanlı bəstəkar, dünya musiqi irsində əvəzsiz yerə malik Qara Qarayev doğulublar.

Niyə də 5 fevralı dahilər günü elan etməyək ki?

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.