Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.
Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”
Bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.
Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:
1.
Füzuli: “Yəni ki, vücud dami-qəmdir, azadələrin yeri ədəmdir.”
Azadə olmaq - insanlığın və insanın ən böyük arzusu...
2.
Şairin mühitlə mübarizəsi onun özünün özü ilə mübarizəsindən başlayır. O özünə suallar verir: Günah işləmişəmmi?! Mənə ən böyük pislik edən adamı bağışlaya bilərəmmi?! İntiqam hissi ilə yaşamaq olarmı?! Budur, əsl suallar. Yoxsa, “çevir tatı, vur tatı” – mən səni sevdim, sən məni sevmədin və əksinə.
3.
İnsanın bilərəkdən, yaxud bilməyərəkdən can atdığı bir əsas hədəf var: daxilən azad olmaq! Azadəlik!..
4.
Mənim “Laokoon, Laokoon” romanım kahin Laokoona inanan Troya haqqındadır. Yəni, fantom haqqındadır.
5.
Sokratın ölümqabağı dostlarından son xahişi: “Mənim Asklepiyə bir xoruz borcum var. O borcu qaytarın.”
İndiyə qədər mübahisə edirlər ki, Asklepi Sokratın qonşusu olub, yoxsa Asklepi sağlamlıq allahıdır və Sokrat ona bir xoruz qurban gətirməli olduğu halda bunu etməyib.
6.
Y.Lotman: “Yüz faiz anlaşılan mətn yüz faiz əhəmiyyətsiz mətndir.”
Yəni, mətn mənə yüz faiz tanışdırsa, o mənim nəyimə gərəkdir kimi nihilist yanaşma.
7.
Heç kimdən və heç nədən qorxmayan adamlar təhlükəli adamlardır.
“Ədəbiyyat və incəsənət”
(07.11.2024)