Bir daha qarabağlı Seyid Həmzə Nigari barədə Featured

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ bölməsi

 

 

Sufi təriqətləri orta əsrlərdən başlayaraq, bütün İslam dünyasını əhatə etmişdi. 

Azərbaycanda sufi təriqətləri və onların rəhbərləri arasında 70-dən artıq sufi olmuşdur. Xəlvətiliyin qurucusu Seyyid Yəhya Bakuvini, bütün Qafqazın əsas sufi təriqətlərinin banisi və Şeyx Şamilin ulu mürşidi olan İsmayıl Kürdəmirini, hürufilik və onların ideoloqlarından Nəimi və Nəsimini və digərlərini göstərmək olar.

 

Bu gün isə Nəqşibəndi təriqətinin böyük şeyxlərindən olan Seyid Həmzə Nigari haqqında danışacağıq.

Şeyxi Mir Həmzə Nigari 19-cu əsrdə Azərbaycanda və Anadolu torpaqlarında böyük təsirə malik olan və bu gün də təsirini davam etdirən mühüm şəxsiyyətlərdəndir.

Seyid Həmzənin XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Qarabağ xanlığının Bərgüşad mahalının (indiki Laçın rayonu) Cicimli kəndində seyid ailəsində doğulduğu qeyd edilir. 

Həmzə Nigari təhsilini Şəkinin Dəhnə kəndində tamamladıqdan sonra Kürdəmirə gəlmiş və Şeyx İsmayılın müridi olmuşdur.

Kürdəmirdə şeyxin yanında mənəvi tərbiyəsinə başlayan Həmzə Nigari şeyxinin ardıyca Anadoluya gəlmişdi. 

Bir müddət sonra mürşidi İsmayıl Şirvanidən xilafətnamə alıb Azərbaycana dönmüş, Bərgüşad və Bərdə ətrafında irşad fəaliyyətinə başlamışdı.

Həmzə Nigari və Ağdaşlı Əhməd əfəndi Şuşada Qarabağ xanının imarətində bir məclisdə olarkən qərar qəbul edilir ki, Osmanlı və Çar Rusiyası arasında müharibə başlayarsa, öz tərəfdarları ilə birlikdə dərhal Osmanlı ordusuna dəstək olacaqlar. 

Beləliklə, Rusiya ilə Osmanlı dövləti arasında başlayan Krım müharibəsi zamanı (1853-cü il) Osmanlı ordusunda cihada qatılmaq üçün müridləri ilə birlikdə gizlicə Qarsa gəlib, Qafqaz süvari alayının komandanı olaraq Osmanlı ordusunun tərkibində ruslara qarşı savaşmışdır. 

Müharibədən sonra Ərzuruma, daha sonra Amasyaya yerləşir. Burada nəqşibəndi təkyəsi quraraq insanları ətrafına toplayıb onları irşad edir.

Bu dönəm Amasyada Seyid Nigarinin nüfuzu, şöhrəti, artmağa başlayır. Bu da bir çoxlarını ciddi narahat etməyə başlayır. 

Burada qeyd etmək lazımdır ki, Azərbaycanda yayılmış sufi təriqətlərindən fərqli olaraq, Osmanlı dini mühitində ərəb üləmaları tərəfindən ixrac olunmuş sxolastik dini baxışın təsiri daha çox hiss olunmağa başlayırdı. Bu da yerli üləmalarda Nigarinin artan nüfuzundan narahatlıq yaradırdı.

Bəzi insanlar Seyid Həmzənin öz ətrafına tərəfdar yığıb siyasi güc formalaşdırmaqda və guya Osmanlı dövlətinə qarşı üsyan qaldırmağa hazırlaşdığı barədə şayiələr yayırdı.

Bu dedi-qodulara görə dövlət orqanları tərəfindən İstanbula çağırılan Seyid Həmzə Harput şəhərinə sürgün edilir.

Ömrünün sonuna kimi Harputda yaşayan Seyid Həmzə elə burada da vəfat edir. Vəsiyyətinə uyğun olaraq Seyid Həmzəni Amasyada torpağa tapşırırlar. 

1894-cü ildə Azərbaycandan gələn yardımların hesabına onun məzarının yerində Seyid Həmzənin əmisi oğlu Mir Həsən tərəfindən türbə və sonralar “Şirvanlı” adlanacaq məscid tikilir.

Bu günlərdə Azərbaycan əsgərinin rəşadəti sayəsində torpaqlarımızın, doğma Qarabağımızın yağı düşməndən azad edilməsi və şanlı bayrağımızın bu torpaqlarda dalğalanması hər birimizdə sonsuz fəxarət və sevinc hissi yaradıb. Azərbaycanın poeziya və musiqi beşiyi olan Qarabağ xalqımızın əzəli-əbədi torpağıdır. Bütün tarixboyu Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsi olub. Bu diyar dünya ədəbiyyatına, mədəniyyətinə bir sıra görkəmli şəxsiyyətlər bəxş edib. Belə şəxsiyyətlərdən biri də XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mir Həmzə Seyid Nigaridir.

Seyid Həmzə Nigari həm də böyük bir təriqət qurucusu olmuş, nəqşibəndilik təriqətinin yayılmasında əvəzsiz xidməti olan şəxslərdən idi.

Qarabağ torpağında dünyaya göz açan şair kiçik yaşlarından Azərbaycanın ayrı-ayrı bölgələrində təhsil almış, ərəb və fars dillərini mükəmməl öyrənmişdir. Qarabağı dünyanın cənnət yeri adlandıran şair şeirlərinin birində “Bir yer deyim, ismi Qarabağdır, cənnət yeri abi-şirin qaymaq” deyə, Qarabağı öyür.

XIX əsrin əvvəllərində çar Rusiyasının xalqa divan tutduğu bir zamanda onlara qarşı mübarizə aparan, öz doğma torpağından ayrı düşən şair zamanın təlatümlü vaxtlarında Osmanlı hökuməti ilə rus hökuməti arasında baş verən narazılıq səbəbindən Qarabağdan bir neçə müridi ilə gecə piyada qaçaraq Araz çayından İran sərhədini keçmişdir. Həmzə Nigari Araz çayını keçdikdən sonra Culfa, Təbriz, Xoy, Salmas, Rumiyəyə çataraq Bəyazid yolu ilə Ərzuruma gəlmiş və təhlükəsizliyə qovuşmuşdur. Rusların təqibi ilə minlərlə müridilə birlikdə təkrar Anadoluya dönən Nigari özü Amasiyaya, müridləri isə başqa-başqa şəhərlərdə yerləşmişdilər. Daha sonra müridi ilə birlikdə Krım müharibəsində iştirak edən Nigari Qars tərəfdən Anadoluya gəlir və müharibədən bir müddət sonra Ərzurumda qalaraq orada mərifət və təfsir dərsləri verməklə məşğul olur.

 

Böyük övliya şair, dövrünün maarifpərvər oğlu, əslən qarabağlı olan Mir Həmzə Seyid Nigari özünün həzrəti peyğəmbərin soyundan olduğunu və nəsil şəcərisini oxucusuna belə təqdim edir:

 

Nəsli-İsmayilsən, əsli-ərəbsən,

Ali Məhəmmədsən, alinəsəbsən,

Müntəxəbnsən, silsileyi-zəhəbsən,

Ey Seyyid Nigari, ey Qarabaği.

 

Mir Həmzə Seyid Nigari yaradıcılığında Qarabağ - bütöv Azərbaycan obrazı özünəməxsus cizgilərlə əks olunub. Yaradıcılığının “lirik məni” kimi ifadə olunan Qarabağ obrazı bəzən torpaq, vətən, yurd, təbiət anlamından çıxaraq, həsrət, ana məhəbbəti, sevgili, qəriblik, doğmalıq, nisgil, ayrılıq, vüsal və s. kimi funksiyaları özündə ifadə edir.

 

Şeirlərinin birində o, Qarabağı mücərrəd məkan olan cənnətlə müqayisə edir, çünki real aləmdə onunla müqayisə olunacaq bir yerin olmadığını deyir: “aləmi cənnət imiş dəri-diyari Qarabağ”, onu şirin qaymağa bənzədir “cənnət yeri, abi-şirin qaymaq”, onun torpağını “torpağı əbir, gülü giyahi” deyərək öyür.

 

Şairin vətəni həmişə erməni işğalçılarının diqqət mərkəzində olmuş, o torpaqlar uğrunda mübarizə aparılmış, qurbanlar getmiş, qanlar tökülmüşdür. Qətliamlar o torpağın insanlarının sanki alın yazısı olmuşdur. Yaşadığı dövrdə vəziyyətin heç də yaxşı olmadığını hiss edən Nigari şeirlərinin birində öz daxili yaşantılarını zamanın üzərinə kökləyir:

 

Eşqin kanı Qarabağdır məkanım,

Bülbüli-şeydayam, cənnət yerimdir,

Əzəl başdan Qaraqaşlı bustanım,

İndi gülüstanım qara pirimdir.

 

Şair doğulub boya-başa çatdığı vətənini dünyanın bir sıra yerləri ilə müqayisə edir, bu təsvir sadəcə müqayisə deyil, bunlar, yəni bu nisgil böyük həsrət və sıxıntı vətəndən uzaq düşən insanların acılarını özündə ifadə edir. Bu vətən ki şairin şeirlərinin əsas leytmotivini təşkil edir. Vətənindən uzaq düşən şair onu Bağdad eli ilə müqayisə edir, sanki vətəni əlçatmaz Bağdad qədər uzaqdadır.

 

Ey könül, tabi Füzuli ilə həmkar oldum,

Qarabağ qitəsini həttayi Bağdad etdim.

 

Nigari eşq, məhəbbət şairi idi. Onun yaradıcılığının əsas qayəsini məhəbbət mövzusu təşkil edir. Bu məhəbbətin nüvəsi vətən məhəbbəti üzərində qurulub. “Vətəni sevmək imandandır” kəlamı şairin lirikasının əsasını təşkil edir. Harada yaşamasından, yazıb-yaratmasından asılı olmayaraq, öləndə öz vətənində dəfn olunmasını, doğma diyarının torpağına qarışmasını istəyən şair: “Bu yaxınlarda Xudanın dərgahına yollanacağımı hiss edirəm. O zaman nəşimin vətənə göndərilməsi lütfünü sizdən gözləyirəm. Bu hərəkətiniz Allah qatında da məqbul olar” deyə qarşılıq vermişdir. Doğulduğu torpağı məhəbbətlə yad edən şair həmişə ona qovuşmaq həsrəti ilə yaşamış, o səbəbdəndir ki, öləndə Qarabağda dəfn edilməsini vəsiyyət etmişdir.

 

Şairin XIX əsrin tarixi gerçəkliklərini poetik boyalarla əks etdirən “Qarabağnamə” əsəri əsl həyat həqiqətlərini özündə yaşadan sənət abidəsidir. Bu əsərdə şair Qarabağın əsrarəngiz gözəlliklərini qələmə almış, Qarabağ təbiətinin sözlə portretini yaratmışdır. Şair vətənini cənnətlə müqayisə edir, yenə də üstünlüyü Qarabağ torpağına verir. Orada qoyub gəldiyi sevgilisinin həsrətindən yandığını da dilə gətirir.

 

Nə əcəb dövlət imiş seyri-şikarı-Qarabağ,

Nə gözəl nemət imiş söhbəti-yari-Qarabağ...

Kövsəri -təbi imiş çayi-çinari Qarabağ,

Aləmi cənnət imiş dəri-diyari Qarabağ.

İndi bildim nə imiş vəsfi-həzari Qarabağ,

Yeridir kim, çəkərəm ahi və zari Qarabağ.

Dağlayıbdır məni bir laləüzari Qarabağ,

Yandırıbdır məni bir nari-Nigarı Qarabağ.

 

Bilirik ki, şairin Nigar adlı sevgilisi olmuş, hətta onun sevgisinə “Nigarnamə” əsərini də yazmışdır. “Yandırdı məni bir nari-Nigar” deməklə, sevdiyinə bir işarə edir, qürbətdə sevgilisinin həsrətində olduğunu, bu həsrət təkcə sevgili həsrəti deyil, bu, vətənə olan məhəbbətdir ki, şair onu sevgilisinin simasında dilə gətirir. Bu haqda N.Məmmədli yazır: “Əsərdəki (“Nigarnamə”də-X.H.) bir qəzəldə şair aşiqin ilahi eşq atəşini, yanğısını ifadə edərkən Azərbaycandakı çay adlarını sadalaması çox maraqlıdır”.

 

Doğulduğu torpağın həmişə erməni və ruslar tərəfində işğala məruz qalması şairin şeirlərindəki nisgilin əsas səbəblərindən biri olmuşdur. Qarabağ məfhumu şair üçün bütöv Azərbaycan deməkdir. Bu bütövlükdə hər şey - ana, doğma diyar, doğulduğu kənd, yaşayış ərazisi, qonşuluq anlayışı, həsrət, qürbət və s. məqamları var. Qəzəllərinin birində şair hər axtardığını Qarabağ içrə tapacağını, Məcnunun Leylini torpaq içrə axtarmasına bənzədərək deyir:

 

Costocu eylərəm ol mahi Qarabağ içrə

Məcnunəm kim araram Leylini torpaq içrə.

 

Şair bəzən vətənindən ayrı düşmüş aşiqin ah-vay etməsini neyin sədası ilə müqayisə edir, onun həsrətini şamın ətrafına dolanan, onun odunda özünü fəda edən pərvanəyə bənzədir.

 

Açılur xurşidi-iqbalü doğur mahi-murad,

Ney tək qılma nəva, cəng tək açma geysu...

Yanaram atəşə pərvanə kibi, ah etmə,

Olma bülbül kibiaşüftəvü qılma hay-hu.

 

Qəzəlin sonrakı beytində şair gülüzlü gözələ xitabən bu düzdə onun kimi ürəyinin qara dağlı olan birisinin də olduğunu deyir. Şairin vətən həsrəti, nisgili onu pərvanəyə döndərib. Qürbətdə qalan şair qəfəsdəki bülbül kimi fəğan edir. Başqa şeirlərində Vətən həsrətini şair “dili-şeyda”, “bülbüli-giryan”, “murgi-səhərxan”, “hicran odu”, “xri-hicran”, “əsiri dərd hicranəm, zəbunəm dərdi-firqətdən” kimi ifadələrlə dilə gətirir. Qəzəlin məqtə beytində adının Ruhi Bağdadı kimi dillərə düşdüyünü, hamının o qarabağlının kim olması ilə maraqlandığını vurğulayır. Şairin istər qəzəllərində, istərsə də başqa janrlı şeirlərində Qarabağ obrazı müxtəlif mənaları özündə ehtiva edir.

 

Lalərüxsaridən, ey dil, xəbər al aləmdə,

Varmıdır düzdə bən kibi qara dağlu?

Təb meydanə çıxub Ruhiyi-Bağdadi kibi,

Söylənir dillərə düşmüş “Kim o qaradağlu?”

 

Azərbaycan-Qarabağ mövzusu Həmzə Nigarinin “Çaynamə” poemasında daha qabarıq şəkildə özünü göstərir. O diyarda Şirvan adlı bir məmləkətin olanmasını “Əzm eylə diyari-Şirvanı” deyirsə, amma cənnət kimi bir Qarabağ adlı məkanın “Bir yerdəyəm ismidir Qarabağ” olmasını deməyi də unutmur. Poemanın başqa bölümündə şair Azərbaycana qonşu olan ölkələrin coğrafi xəritəsini şeir dili ilə belə dilə gətirir.

 

Qərbiyyəsi-Göyçə, gahi-xuban

Şərqiyyəsi Badikubi-Şirvan,

Sərhəddi-Cənubisi Ərəsdir,

Gürcidi Şimali, xoş nəfəsdir.

 

Sadaladığı bu sərhədlərin içərisində bir gözəl diyarın olduğunu “Bu dairənin içində guya bir mərkəzi -can olubdu peyda” deyir. Sonra şeirini davam etdirən şair bu gözəl diyarın əlamətlərini sadalayır: “Ol yerdə sürər səfayi- dövra” , “Torpağı əbir, gülü giyahi” olan yerin adının Qarabağ olduğunu söyləyir. Şair oradakı gözəllərin hüsnünü Şirinlə müqayisə edir və bu minvanla “Fərhadı bu dəvaya əsas et” deməklə, onu da Qarabağ gözəlləri yolunda mübarizəyə səsləyir.

 

Şairin vəsf etdiyi Qarabağ torpağı o qədər gözəldir ki, kimə oranı görmək nəsib olubsa, Mövlam göylərdə demək sənin yerini müəyyən edib. Bu diyarın gözəlliyini tərənnüm etməyə kağız, dəftər çatmaz deyən şair poemadakı bölümün sonunda Allahdan o yerlərə getməyi ona qismət etməsini arzulayır:

 

Mövla verə ömri bir zəmanı. 

İslam ilə bir də görək anı.

Ol vəqt ki, irdin ol məkanə

Ol məbnəi-feyzi-aşiqanı.

Öp xakini, fəth qıl kəlamı,

Topraginə bizdən et səlamı.

 

Həmzə Nigari şeirlərinin bəzisində torpağının düşməndən azad olmasını arzulayır, çünki şair sevgisini o diyarda tapıb, o torpağın abad olması üçün canından keçməyə belə hazırdır.

Qarabağın Laçın rayonunda anadan olmuş, qəbri Türkiyənin Amasiya bölgəsində yaşamış şair Seyid Həmzə Nigari (1805- 1885) türk ordusunu nəzərdə tutaraq yazmışdı:  

 

     Qarabağda talan var

     Məni dərdə salan var,

     Bayraqdar as bayrağını

     Gözü yolda qalan var.

 

 Dəyərli Seyid Həmzə ağa, rahat yat. Artıq Azərbaycan ordusu şanlı Bayrağımızı sənin müqəddəs yurdunda dalğalandırır.

 

“Ədəbiyyat və incəsənət”

(06.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.