Tamaşaçıların məhəbbətini qazanan diktor... Featured

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Deyir ki:- “Əvvəllər bizə “diktor” deyirdilər. Sonradan leksikonumuza “aparıcı” sözü gəldi. Diktor başqasının verdiyi mətni oxuyurdu. Efirə çıxrkən özündən nəsə deyə bilməzdi. Mütləq o verilişin redaktoru, ssenari müəllifi nə yazırdısa, onu oxumalı idi. Əslində, onu oxumaq da böyük məharət tələb edirdi. Aparıcılıq sonradan çıxdı. Deyərdim, haradasa 2000-ci illərdən, 1990-cı illərin ortalarından çıxdı. Amma o vaxt da jurnalistlər var idi. Məsələn, “Dalğa” proqramı var idi, çox böyük səs-küy doğurmuşdu və iki dildə, rus və azərbaycan dillərində yayımlanırdı. Onun da aparıcıları var idi. Amma onlara jurnalist kimi baxırdılar. İndi bizim düşündüyümüz aparıcılar 90-cı illərin sonlarından meydana çıxmağa başladılar. Aparıcı verilişdə öz sözünü deyir, ssenari müəllifi olarsa, daha yaxşı. Veriliş canlı alınır. 1997-ci ildən başlayaraq “Ailələr talelər” verilişinin həm aparıcı, həm ssenari müəllifi oldum. Yəni diktorlar arasında ilk aparıcı, diktor və ssenari müəllifi olanlardan biri idim.”

 

Əziz dostlar, bu gün sizə televiziya aparıcısı, diktor, ssenari müəllifi, Azərbaycan Respublikasının əməkdar artisti Nailə İslamzadədən söhbət açmaq istəyirəm. 

Axı noyabrın 2-si növbəti ad günü idi. 

1961-ci ildə Balakəndə doğulub boya-başa şatan Nailə xanım əmək fəaliyyətinə 1982-ci ildə Azərbaycan Dövlət Televiziyasında başlayıb. 2006-cı ilə qədər orada diktor, aparıcı, jurnalist kimi fəaliyyət göstərib. Dövlət bayramlarına, rəsmi tədbirlərə həsr olunmuş çoxsaylı canlı proqramların, televiziyada çoxsəpkili verilişlərin və "Xəbərlər" proqramının əsas aparıcılarından biri idi. Onun müəllifi və aparıcısı olduğu "Ailələr, talelər" proqramı Azərbaycan televiziya məkanında tok-şou janrında yaranmış ilk veriliş olub. Bu veriliş Azərbaycan ailəsinin mənəvi, sosial və huquqi problemlərinin həlli yolunda ictimai fikrə istiqamətverici təsir göstərərək maarifləndirici, öyrədici rol oynayıb. Və Nailə xanıma böyük tamaşaçı rəğbətini qazandırıb. Bununla yanaşı, o, bir il ərzində Türkiyənin TRT AVAZ kanalının dəvəti ilə hər həftə türk dilində yayımlanan "İş'te kadın" proqramının müəllifi və aparıcısı olub...

 

“Mən özümü hər bir sahədə uğurlu adam sayıram. İstər karyerada, istərsə də şəxsi həyatda. Həmişə özümü inkişaf elətdirməyə çalışmışam və bütün sahələrdə çox fədakar olmuşam. Doğrudur, bu yolda şans da köməyimə gəlib, amma çalışmaq, işgüzar olmaq daha önəmlidir deyə, düşünürəm.”- söyləyir.

 

2007-2016-cı illərdə Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Multimedia Mərkəzinin rəisi vəzifəsində çalışaraq, nazirliyin mühum layihələrinə həsr olunmuş filmlərin ssenarilərini hazırlayıb.

2014-cü ildən isə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyinin ideyası və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin maddi-texniki dəstəyi əsasında yaranmış,  məramı milli-mənəvi və dini dəyərlərimizin təbliği, erməni saxtakarlıqlarının üzə çıxması, xalqımızlın həyatında tarixən mövcud olan tolerantlığın, mədəni və linqvistik müxtəlifliyin qorunub saxlanılması olan “Kulturaplus” internet televiziyasına rəhbərlik edərək, Azəbaycan tarixi və mədəniyyəti, ölkəmizin dahi şəxsləri haqqında tammetrajlı publisistik və sənədli filmlərin hazırlanmasına rəhbərlik edib.

2019-cu ildən “İctimai” televiziyada “Ötən günlər” verilişinin aparıcısıdır...

 

Deyir ki:- “Demirəm ki, səhvlərim olmayıb, olub. Təbii ki, çox olub. İnsan yaşayırsa, düşünürsə, hərəkət edirsə, mütləq səhvləri olmalıdır. Amma deyim ki, özümə bağışlaya biməyəcəyim addımım və səhvim olmayıb. Yanlışlarım da olub. Fəqət, o yanlışları o vaxt doğru hesab edirdim. Məsəl üçün, o vaxt o aktual idi və onda mən elə düşünürdüm. Elə düşünməyim lazım idi. İllər keçəndən sonra insan düşünür ki, bəlkə o vaxt gərək belə etməyəydim. O səhvlər, yanlışlar bizi öyrədir. Önəmli olan odur ki, yanlışı edəndə, yıxılanda ağıllı durmağı bacarasan və bir də o səhv etməyəsən.”

 

Ömür-gün yoldaşı onu efirdən görüb, bəyənib. Bir müddətdən sonra onlar ailə qurublar...

 

"Bir vaxtlar şaiyə yayılmışdı ki, Akif İslamzadənin həyat yoldaşıyam. Soyadlarımızın eyni olması buna səbəb olmuşdu. Həm də ki, Akif müəllimin xanımının adı da Nailə idi. Mənim də, onların da bir oğul övladı olduğu üçün, bu kimi uyğunluqlarımız adamları çaşdırırdı. Hətta bu vaxta qədər də deyənlər var ki, Akif İslamzadə ilə ailəliyəm".- söyləyir...

 

Çox ağrılar yaşayıb. Televiziyada işləyəndə atası rəhmətə gedib. Bir müddət sonra iki qardaşı xərçəng xəstəliyindən vəfat edib. Üçüncü qardaşı isə yol qəzasında dünyasını dəyişib...

 

Deyir ki:- “Hər bir insanın həyatında ağır günləri olur. Mənim də həyatımda ağır günlər olub. İnsanın doğmalarını itirməsi, həyatında ən ağır hadisədir. Ölüm haqdır və bu bizim ixtiyarımızda deyil. Doğulmağımız bizdən asılı olmadığı kimi, ölümümüz də bizdən asılı deyil. Düzdü, ölümün vaxtını sağlam qida, sağlam həyat ilə müəyyən  qədər yubatmaq olar, amma hər şey Allahın əlindədir. Mənə elə gəlir ki, insanın həyatında ən ağır hadisə doğmalarını itirməsidir. O da çoxları kimi mənim də başıma gəlib.”

 

Bu günkü televiziyalarımızda aparıcıların buraxdıqları nöqsanlar onu çox narahat edir. Bunun səbəbini peşəkarlığın zəif olmasında görür...

 

“Bəyəndiyim aparıcılar var. Ad deməyəcəm. Əsasən özəl kanallarda sərbəstlik daha çoxdur deyə, gənclər az diqqət edirlər. Bir neçə səhər proqramları, günorta yayımlanan verilişlər var ki, orada özlərini həddindən artıq sərbəst aparırlar. Efirə hazırlaşmaq lazımdır, xüsusən də canlı yayımlara. Gələn qonaqla istədiyini söhbəti, lağ-lağı etmək olmaz. İnsanlar niyə oturub kiminsə lağ-lağısına qulaq asmalıdır? Nəyə görə? Bu ixtiyarı onlara kim verir? Televiziya rəhbərləri verir? Verməməlidirlər. Ona görə hazırlaşıb gəlmək lazımdır ki, boş-boşuna danışmasınlar. Psixologiya, mədəniyyət, ədəbiyyatdan o qədər gözəl mövzular var ki… Onlar haqqında danışılsın. Gərək elə mütləq lağ-lağı danışılsın? Bizim yaxşı gənclərimiz var, amma daha çox üzərlərində çalışmalıdırlar. Aparıcı ləhcə ilə danışmamalıdır. Nitqi örnək olmalıdır.”- söyləyir...

 

Düşünürəm ki, az da olsa Nailə xanım haqqında sizə məlumat verə bildim. 

 

“Ədəbiyyat və incəsənət”

(04.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.