“Əbədi mühərrik insanın özüdür” - HƏR GÜN KAMAL ABDULLADAN 7 QRANULA Featured

 

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

 

Bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

 

1.

Servantes “Don Kixot”un ikinci hissəsini birinci hissədən xeyli sonra yazmışdı. Müasirləri deyirdilər ki, romanın ikinci hissəsi birinci hissədən zəif alınıb. Bu ona görə belə olub ki, ikinci hissəni yazanda Servantes artıq bilirdi ki, o dahidir.

2.

İnsan həm kütləyə aiddir, həm də xalqa. Kütlə onun canı, xalq onun ruhudur.

3.

Təyyarə göydə uçarkən sürəti hiss olunmur. O, yalnız yer üstündə hərəkət edən zaman sürəti duyulur. Təkərlər yerdən ayrıldımı, sürət itir.

4.

Əbədi mühərriki insanlar heç cür icad edə bilməzdilər. Çünki onu Allah artıq icad eləmişdi. Əbədi mühərrik insanın özü idi. Öldükcə doğulurdu və həyatı əbədi bir hərəkətlə davam edirdi.

5.

“Payız sevgisi gəldi gizlicə,

Gizlicə getdi gəldiyi kimi.

Mən elə bildim, bitməz o gecə,

Hər şey olmayır bildiyin kimi.”

6.

Əgər biz İblisə yalnız İblis kimi yox, həm də alçaldılmış və cənnətdən qovulmuş bir mələk kimi baxa bilsəydik...

7.

“Şahin kimi uçdu, getdi, itdi uzaqda,

 Bir həsrətli yuxu imiş bu Oğuz yolu.

Boz ayğırlı Beyrək oldu nöqtə uzaqda,

Kafir qızı hasar üstə, gözləri dolu...”

 

“Ədəbiyyat və incəsənət”

(01.11.2024)

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.