“Ədəbiyyat və incəsənət” portalı ADPU-nun pedaqogika üzrə fəlsəfə doktoru Aynur Qafarlının “Sözün mahir xanımı” məqaləsini təqdim edir.
Ədəbiyyat insanın özüdür. Onun duyğu və düşüncələrini ifadə edən söz varlığının zənginliyindən xəbər verən mənəvi bir dünyadır. Elə bir dünya ki, bu dünyada hər nə varsa qeyri-adi görünür, baxanda isə dünyanın özündə olan bütün qeyri-adiliklərdən seçilir.
Əlbəttə, onlar üçün Vətən, millət anlayışı başqalarına nisbətən daha qabarıq şəkildə anlaşılır. Həmin varlıqlar onlara görə varlıqlar içərisində varlıqların varlığı olur. Sevgiləri sözün düzülüşündə səflənərək ətrafdakıları heyrətləndirir, onları vəcdə gətirir. Böyük Ə.Xəqani, N.Gəncəvi, M.Gəncəvi, İ.Nəsimi, M.Füzuli, Ş.İ.Xətai, M.P.Vaqif, X.Natəvan, M.Ə.Sabir və b. öz sözləri ilə həmişəlik xalqımızın yaddaş tarixinə düşərək özlərinə ölməzlik qazanmışlar. Vətənimizi, millətimizi dünyada tanıtmaqla bərabər, həm də sözümüzün və dilimizin keşiyində durmuş, onu yad dillərin qatqısından qorumuşlar (Ə.Xəqani, N.Gəncəvi və M.Gəncəvi burada istisnadır, çünki onlar fars dilində yazmışlar). Onlardan sonra ədəbiyyatımızın keşiyində duranlar öz sələflərinin yolu ilə getmiş, yazmış olduqları əsərlərdə Vətəni və milləti yüksək sevgi və istəklə tərənnüm etmişlər. Sözümüzü və dilimizi sevgilərinə qataraq onu daha da lakonik və şirin etməyi bacarmışlar. Çağdaş poeziyamızda da bu ənənə özünü göstərməkdədir. Onlardan biri də poeziyamızda öz yolu, öz dəsti-xətti olan, bənzərsizliyi ilə seçilən sözün mahir şair xanımı Mahirə Nağıqızı Hüseynovadır.
Mahirə Nağıqızının poeziya dünyasından danışmamışdan öncə onu da bildirməyi özümə borc bildim ki, o, fədakar ana, təcrübəli pedaqoq, sanballı alim və yüksək keyfiyyətlərə malik insandır. Bu baxımdan da onu mən belə adlandırardım: insan-şair, insan-pedaqoq, insan-vətəndaş, insan-ana və ya qadın, insan-alim, insan-dost... Bunların başında isə birinci növbədə, Azərbaycan qadınına məxsus zəriflik, incəlik, gözəllik, saflıq və duruluq durur. Bütün sadaladıqlarım şairin poeziyasına da hoparaq oxucusunu duyğulandırır. Bu mənada Mahirə Nağıqızı bütün əzəməti ilə poeziyasındakı ideyaların tərənnümçüsü rolunda çıxış edə bilir.
Şairin poeziyasını diqqətlə nəzərdən keçirəndə şahidi oluruq ki, onun yaradıcılığı mövzuca rəngarəngdir. Vətən və ana sevgisi isə onun yaradıcılığının ana xəttini təşkil edir. Fikrimizi istedadlı şairin yaradıcılığına müraciət etməklə əsaslandıraq:
Bitər sərhədlərin bu Yer üzündə,
Qəlbimdə sərhədin nədən bitmədi?
Gəmisən, üzürsən eşq dənizində,
Sənə məhəbbətim, Vətən, bitmədi.
“Onun daş nağılı” kitabında verilən “Vətən” şeirindən gətirdiyim bu nümunədə müəllifin Vətənə olan sevgisinin sonsuzluğu elə-belə söz xatirinə deyilmir. Bu sevgi sonsuzluğun sevgi bələyinə çevrilərək onu üşüməyə qoymur. Həmçinin bu şeirdə Vətən mövzusuna yeni yanaşma duyulur, yəni şair Vətənə ana-bala münasibəti ilə yanaşır. Başqa bir bənddə biz bunu daha aşkar surətdə görə bilirik:
Ana harayını eşidir hamı,
Qadınlar, qızlar da bir ərə dönər.
Oğullar seçəcək dost-düşmənini,
Hər biri uğrunda səngərə dönər.
Göründüyü kimi, şeirdən gətirilmiş bu bənddə müəllif güclü bir yenilik etmişdir. Buna metonomiya-addəyişmə və ya yerdəyişmə də demək olar. Bu yerdəyişmə nədir? Bilirik ki, müharibələr zamanı səngər igidləri-ərləri qorumaq üçün istifadə edilən sığınacaq bir yerdir. Ancaq bu nümunədə müəllifin ərə və səngərə baxışı başqadır. Ana harayını eşidənlər görür ki, burada qadın ər-igid yerində, əsl oğul-ər isə səngər yerindədir. Müəllifin yaratdığı, özü də bir ana-şair kimi yaratdığı qadın-ər və ər-səngər obrazı bu mövzuda yazılan əsərlər içərisində obraz olaraq bir yenilikdir. Mahirə Nağıqızının “Onun daş nağılı” kitabındakı başqa bir şeirindən gətirəcəyimiz nümunə ilə fikrimizi davam etdirək:
Atamla yanaşı daş qaldırırdı,
Deyərdi, bu daşlar ocaq daşıdı.
Bezmədi, qəlbində nə gücü vardı,
Anam sinəsində ocaq daşıdı.
Belə ki, Azərbaycan-Türk düşüncəsinə görə Vətən, torpaq, eləcə də dil ana adı ilə tanınan varlıqlardır. “Ana Vətən”, “ana torpaq”, “ana dili” birləşmələri dediklərimizi təsdiqləyir. Yurd, ocaq, çıraq varlıqları isə birbaşa ata-baba adı ilə bağlıdır. Baba yurdu, ata ocağı, ata çırağı anlamları dediklərimizin gerçək olduğundan xəbər verir. “Onun daş nağılı” şeirində isə ana obrazı ata obrazı ilə bərabərləşir. Ana başa düşür ki, ocaq nə deməkdir. Ocağın istisinə istilik qatan ocaq daşının qeyri daşlardan fərqi nədir? Ömrü boyu sinəsində ocaq daşımaq da soyuğun istiliklə əvəzlənməsinə işarədir.
“Gedək uzaqlara” adlı şeirində də Mahirə Nağıqızı qadın olmağın müqəddəsliyini önə çəkərək bu müqəddəsliyi yaşamağın qadın üçün ən yüksək ad və şərəf olduğunu özünəməxsus şəkildə qələmə alır. Şeirin son bəndində bu müqəddəslik real şəkildə öz əksini tapır:
...Yenidən başlayaq həyatımıza,
Yenidən yazılsın ömür varağı.
Yenidən yanında müqəddəsləşim,
Yenidən öyrənim qadın olmağı.
Zənnimcə, qadına və qadınlığa bu cür münasibət təkcə şairin özünə məxsus deyil. Bu bütünlüklə qadın və qadınlığa aid olan məsələdir. Müəllifin özü isə qadın və qadınlığın rəmzinə çevrilən qadın şair obrazıdır. Müəllifin digər yazılarında da həmişə döyünən, döyünməkdən usanmayan bir ürəyin kövrəkliklə baş-başa vermiş hayqırtısı duyulur.
Şəhidlərə həsr olunan “Şəhid nəğməsi” şeirində biz bu döyüntünü lap çılpaqlığı ilə hiss edirik. Həmin şeirində də müəllif öz üslubuna sadiq qalaraq Vətən torpaqlarının bütövlüyü yolunda özlərini şəhid etmiş müqəddəs insanların şəhidliyini öz baxış bucağına uyğun olaraq verir. Şəhidləri sadəcə olaraq Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlar kimi yox, həm də onların hər birini Vətən torpağının bir parçası olaraq qələmə alır. Şairə görə onların hər biri bir ünvandır:
Boy vermiş məzarın qəbir daşları,
Bir ömrün daşlaşan arzu-kamıdır.
Onların sağlığı döyüşən əsgər,
Məzarı – Vətənin istehkamıdır.
Şəhidlər, şəhidlər! Öz canınızla,
Bizə yol açdınız, dövran verdiniz.
Millətə diz çöküb baş əymək üçün,
Şərəfli, müqəddəs ünvan verdiniz!
Şeirin bütün bəndlərində şəhidlərin və şəhidliyin ucalığı göz önünə gətirilir, əbədiyaşarlığı poeziyanın dili ilə qışqırıqsız, bağırtısız, sakit, ancaq yanğı və sevgi ilə qələmə alınır. Müəllif bu əsərində 44 günlük Vətən savaşının millətimizə gətirdiyi başucalığı ünvanını obrazlı olaraq şəhidlərin igidliyi ilə bağlı olduğunu mətnaltı oxucuya çatdırır.
Bildiyimiz kimi, dövləti dövlət edən onun atributlarıdır. O atributların ən uca sayılanı isə bayraqdır. Harada dövlətin bayrağı dalğalanırsa, deməli, orada Vətən var, Vətən torpaqlarının azadlığı mövcuddur. Məncə, dünyada elə bir xalq olmaz ki, bayrağını sevməsin. Şairlər isə ona şeir həsr etməsin. Azərbaycan xalqı da burada xüsusi olaraq fərqlənir. Tarixdən məlumdur ki, Azərbaycanın söz ustaları üçrəngli müqəddəs bayrağımıza şeirlər yazmışlar. İlk olaraq bu sırada biz Əhməd Cavadın, Cəfər Cabbarlının adlarını xüsusi olaraq vurğulamalıyıq.
Bununla yanaşı, onu da deməliyik ki, çağdaş poeziyamızda da bir sıra söz adamları bayrağımıza böyük sevgilərlə şeirlər yazmışlar. Onlardan biri də xüsusi dəst-xətti ilə seçilən şair Mahirə Nağıqızıdır. Şairin “Al bayrağım” şeiri öz poetik çəkisi ilə seçilən sənət nümunəsidir. Aşağıda şeirdən verəcəyimiz nümunə ilə fikrimizi əsaslandırmağa çalışaq:
On illərdir içimiz rənglərini göyərdir,
Yaşamaq haqqımızın əbədi rəmzisən bir...
Ruhumuz-qəlbimizdə asılan dirəyindir,
O dirəkdə uca dur, qal, dalğalan, bayrağım!
İllərdir ki, içimizin bayrağımızın rənglərini göyərtməsi, məncə, hələ Sovetlər birliyi dönəmində Azərbaycan şeirində göy, yaşıl rənglərinin adının çəkilməsinin yasaq edilməsinə sətiraltı bir baxışdır. Bu da əsl söz adamına məxsus olan gedişdir desək, yəqin ki yanılmarıq. Müəllifin başqa mövzuda yazdığı şeirlərdə də bu cür maraqlı epizodların tez-tez şahidi oluruq; şairin dünya poeziyasında əzəli və əbədi mövzulardan biri olan sevgi mövzusunda yazmış olduğu şeirlərindən birinə müraciət edək:
Sevgimizin yaşı varmı?
İçində möhnət qocalır.
Qəm yağışı yağır, kəsmir,
Verdiyin möhlət qocalır.
“Qocalır” adlı gəraylıdan gətirdiyimiz bu nümunə özünün orjinallığı ilə seçilən bir nümunədir. Möhnətin və möhlətin qocalması isə Mahirə Nağıqızının poetik çəkisinə şirinlik qatan, işıq salan uğurlu tapıntıdır.
Ümumiyyətlə, Mahirə Nağıqızının demək olar ki, bütün şeirlərində bu cür dolu, sanballı misralara rast gəlmək mümkündür. Bütün bunlar onun şairlik istedadının dərin, güclü və mükəmməl olduğundan xəbər verir.
...Bircə anda gəldi-keçdi bu ömür
Bilmədim ki, nəyi-necə yaşadım
Düzəlməyir, düzəlmədi günümüz
Mən bu ömrü elə-belə yaşadım
Bu misralar yaşadağı ömürdən narahat olan şair qəlbinin çırpıntılarının bəddi təzahürüdür. Onu tanıdığım qədər və yaxşı tanıyanların dili ilə əminliklə deyə bilərəm ki, Siz bu ömrü ülə-belə yaşamadınız. Sizə can sağlığı, Tanrı verən şərəfli ömür payınıza isə bərəkət diləyirəm. Çağdaş poeziyamızın qadın şairlərinə nümunə olan Mahirə Nağıqızına elmi və bədii yaradıcılığında bol-bol uğurlar arzu edirəm.
“Ədəbiyyat və incəsənət”
(31.10.2024)