Varis, “Ədəbiyyat və incəsənət”
Gənclərimiz kitabdan qaçırlar, bədii ədəbiyyatdan uzaq düşüblər. Mən bu yazımda bir daha ədəbiyyatın gücü barədə söz açmaq istəyirəm.
Antverpen Belçikanın əsas şəhərlərindən biridir və mən sizə buradakı Nello və Patraş abidəsi barədə danışmaq istərdim. Düzdür, Brüsseldə olsam da Antverpendə olmamışam, abidəni də təəssüf ki görməmişəm. Amma haqqında sizə bəhs edə biləcəyəm.
Bu abidə 1872-ci ildə ingilis yazıçısı Maria Louise de la Rame tərəfindən yazılmış "Flandriya köpəyi" romanında təsvir olunan hadisələrə həsr edilmişdir.
Romanda hadisələr XIX əsrdə Belçika Flandriyasında baş verir. Yetim oğlan Nello Antverpen yaxınlığındakı bir kənddə babası ilə yaşayır. Baba xəstədir və oğlan ona kömək etmək üçün əlindən gələni edir, ev işləri ilə məşğul olur və Antverpendə süd satır. Bir gün Nello küçədən döyülüb əldən düşmüş bir it tapır və onu evə gətirib sağaldır, o vaxtdan bəri Nello və Patraş - oğlan iti belə adlandırır - ayrılmaz dost olurlar.
Oğlan rəssam olmaq istəyir, amma təhsil alması üçün vəsaiti əsla yoxdur, ən böyük arzusu da məşhur flamand rəssamı Rubensin rəsmlərini görməkdir.
Yeni il ərəfəsində baba ölür. Ev kirayəsini ödəmək üçün Nellonun vəsaiti olmadığından o, küçəyə atılır. Nə yeməyə çörəkləri, nə yaşamağa evləri olan Nello və Patraş Milad ərəfəsində dizəcən qarlı bir gündə Antverpenə yola düşürlər.
Çovğundur. Milad gecəsinə sayılı dəqiqələr qalır. Dostlar tamamilə zəifləyiblər, donurlar. Və təsadüfən qapını açıq taparaq Antverpen Katedral kilsəsinə girirlər.
Nəhayət, Nello burada Rubensin çoxdan görməyi arzuladığı rəsmini görür, lakin sevinmək üçün heç bir taqəti olmadan dostu Patraşın yanında daş döşəməyə uzanıb qalır. Ertəsi gün səhər oğlanı və iti Rubens triptixinin qarşısında donmuş vəziyyətdə tapırlar.
Yaponlar bu hekayədən o qədər təsirləniblər ki, onu məktəb tədris proqramına daxil ediblər. Zavallı dostlara ilk təvazökar abidə Yaponiyada, Toyota Şirkətinin vəsaiti hesabına quraşdırılıb, 2016-cı ilin sonunda isə heykəltəraş Batist Vermeulenin şəkildə gördüyünüz və haqqında söhbət açdığım Antvependəki abidəsi açılıb.
Roman dəfələrlə lentə alınıb və 2010-cu ildə kitabın holland dilinə tərcüməsinin 25-ci ildönümü münasibətilə Belçikada 20 min nüsxə tirajla 40 avro dəyərində gümüş sikkə də buraxılıb.
İndi siz deyin, bədii ədəbiyyatın heçmi gücü yoxdur?
“Ədəbiyyat və incəsənət”
(30.10.2024)