İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Oktyabr ayının 28-i görkəmli iştimai-siyasi xadim, XX əsr ədəbiyyatımızın tanınmış simalarından biri Mirzə İbrahimovun doğum gününü növbəti dəfə qeyd etdik.
O, 1911-ci ilin qeyd olunan həmin günündə Cənibi Azərbaycanda, indiki İranın Sərab şəhəri yaxınlığındakı Eyvəq kəndində anadan olmuşdur.
Görkəmli yazıcı və ictimai xadim M.İbrahimov Azərbaycan SSR Elmlər Akademiyasının akademiki, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR xalq yazıçısı, "Stalin" mükafatı laureatı, Mirzə Fətəli Axundov adına Azərbaycan SSR Dövlət mükafatı laureatı, Beynəlxalq Nehru mükafatı laureatı, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri, Azərbaycan SSR maarif komissarı və naziri, Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin sədri, birinci katibi, 1937–1991-ci illərdə SSRİ Ali Sovetinin deputatı (fasilələrlə), bir neçə şağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.
Xüsusi qeyd etmək istərdim ki, o həm də Azərbaycan dilinin dövlət dili olması haqqında qəbul edilmiş qanunun (1956) əsas təşəbbüsçüsü idi. Xalq şairi N.Xəzri haqlı olaraq yazırdı ki, “Mirzə müəllim Şah İsmayıl Xətaidən sonra dilimizi dövlət dili səviyyəsində görür, bunun üçün imperiya siyasəti dövründə bacardığı işi görməyə çalışırdı. Bu özü əsl qəhrəmanlıq idi!”
Bu böyük insanı dərin hörmət və ehtiramla yad edərək “Akademik Mirzə İbrahimov (Mirzə Əjdər oğlu İbrahimov). Biblioqrafiya” (Bakı-2022.) kitabından seçmələri olduğu kimi “Görkəmli şəxsiyyətlər M.İbrahimov haqqında”, “M.İbrahimov görkəmli şəxsiyyətlər və qələm dostları haqqında” və “M.İbrahimovun yaradıcılığından sətirlər” yarımbaşlıqları ilə hörmətli oxucularımızın diqqətinə təqdim etməkdəyik.
Zənn edirik ki, bu məlumatlar xalqımızın “Böyük dayaq”larından olan M.İbrahimovun həyat və fəaliyyəti, o cümlədən yaradıcılığı barədə daha dolğun təsəvvür yaradacaqdır.
Bu gün sizlərə Mirzə İbrahimovun yaradıcılığından sətirlər təqdim edəcəyik.
üBədii ədəbiyyatın və ümumiyyətlə incəsənətin əsas vəzifəsi xalqın həyatını, mübarizəsini, ideal və arzularını əks etməkdir. Sənətkar xalqa yaxın olsa, həyatı yaxşı bilsə, cəmiyyətin mənəvi aləmini və mübarizəsinin tarixi əhəmiyyətini dərindən duyub dərk etsə, yazdıqları da mənalı və keyfiyyətli olar.
üÇox zaman ədəbiyyatı təbabətlə müqayisə edirlər. Bu müqayisədə böyük bir həqiqət var. Əsl həkim insanları sağlam və gümrah görmək istər, bundan ləzzət alar. Mütərəqqi bədii ədəbiyyatın idealı da cəmiyyətin, xalqın, bəşəriyyətin səadətidir.
üGün gələcək Azərbaycan xalqının da üfüqündə günəş doğacaq.
üAzərbaycan dili Azərbaycan xalqının mənəvi dövləti və milli iftixarıdır. Hər xalqın ana dili onun milli varlığının, mənəvi aləminin ifadəsidir. Azərbaycan dili kəskin, qüdrətli, ahəngdar, mənalı və gözəl dildi. Dil insan ağlının qüdrətli silahıdır, insan həyatının böyük neməti və tükənməz mədəniyyət xəzinəsidir.
üHəyat, insanlarla arasıkəsilməz ünsiyyət yazıçı üçün ilham mənbəyidir, yeni fikirlərin və duyğuların heç bir zaman qurtarıb tükənməyən xəzinəsi həyatdır.
üEstetik gözəllik həyatdakı gözəlliyin, insanın gözəllik duyğusunun yüksək ifadəsidir, ən ali formasıdır. Bədiilik və gözəllik sənətin əsas keyfiyyətidir. Hər bir əsərin qiyməti və xalqın mənəvi həyatına göstərdiyi təsir də bununla ölçülür.
üQabaqcıl sənətin və ədəbiyyatın vəzifəsi insanlara kömək göstərməkdir ki, həyatın, varlığın gözəlliklərini və sirlərini dərk edib daha şüurlu və gözəl həyat qura bilsinlər.
üƏdəbi tənqid elmdir və onun meyarı, onun ölçüləri son dərəcə məntiqi və elmi mahiyyət daşımalıdır.
üVətəndaşlıq qeyrəti və insaniyyət duyğuları olmadan heç bir şəxs, heç bir sahədə öz istedad və bacarığını bütün vüsətilə meydana çıxara bilməz. Bu xüsusən bədii ədəbiyyat və incəsənət aləmində çalışanlara aiddir, çünki ideyasız, bitərəf bədii yaradıcılıq olmayıb, yoxdur və olmayacaq. Hər bir gözəl sənət əsəri insana məhəbbətdən yaranıb və insaniyyətin müdafiəçisi olaraq yaşayır, yayılır, təsir göstərir.
ü…Mən həmişə bu əqidədə olmuşam ki, maddi və mənəvi sərvətlər imkanlarının ən vacib şərtlərindən biri xalqın əsrlər uzunu toplanmış təcrübəsinə, zamanın sınaqlarından çıxmış böyük ənənələrə əsaslanmaqdır, onlardan qidalanmaqdır. Azərbaycan ədəbiyyatı və incəsənətinin tarixi dərinliklərinə kök atmış bu cür ənənələri Xaqani, Nizami, Əcəmi Naxçıvani kimi dühaların yaratdığı qranit bünövrə üstündə ucalmışdır.
“Ədəbiyyat və incəsənət”
(30.10.2024)