“Unudulmaz dərs” – MİRZƏ İBRAHİMOVUN DOĞUM GÜNÜNƏ Featured

Coşqun Xəliloğlu (Coşqun Xəlil oğlu İbrahimli), Azərbaycan Yazıçılar Birliyinin üzvü, neftçi-mühəndis – “Ədəbiyyat və incəsənət” üçün

 

Salam, hörmətli redaksiya

28 oktyabr Xalq yazıçısı Mirzə İbrahimovun anadan olduğu gündür. Bununla əlaqədar Sizə yazımı göndərirəm.

Baxmağınızı və məsləhət olarsa, dərc etməyinizi xahiş edirəm.

Əvvəlcədən təşəkkür edirəm.

 

Azərbaycan Neft və Kimya İnstitutunun, indi Azərbaycan Dövlət Neft Sənaye Universiteti adlanan qocaman ali təhsil müəssisəsinin məzunu olduğum üçün fəxr edirəm. Sovet dönəmində bu elm və təhsil məbədi nəinki keçmiş Sovetlər İttifaqında, hətta bütün dünyada özünün yetirmələri ilə məşhur idi.

 

İnstitut rəhbərliyi tələbələrin təhsil və bilik səviyyələıinin yüksəldilməsi qayğısına qalmaqla yanaşı vaxtaşırı respublikamızın tanınmış elm, ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri ilə gələcəyin mütəxəssislərinin görüşlərini təşkil edirdi.

1981-ci ildə, anadan olmasının 70 illiyi ərəfəsində xalqımızın böyük yazıçısı, görkəmli dövlət və ictimai xadim, Xalq yazıçısı, akademik Mirzə İbrahimovun institutun iclas zalında tələbələrlə keçirilən görüşünün adi bir iştirakçısı olduğum üçün özümü xoşbəxt sayıram. Böyük və möhtəşəm  iclas zalı ağzına kimi dolmuşdu. Xalq yazıçısı görüşə tanınmış və istedadlı şair Tofiq Bayramla gəlmişdi.

Yığıncağı Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan Neft və Kimya İnstitutunun rektoru akademik İsmayıl İbrahimov açdı. O, hörmətli qonağı salamlayaraq zəngin və keşməkeşli ömür yolu keçmiş mütəfəkkir yazıçının həyat və yaradıcılığı haqqında görüş iştirakçılarına qısa məlumat verdi.

Hələ o zaman dünyaşöhrətli alim, neft elminə özünün nəhəng elmi tapıntıları ilə böyük töhfələr vermiş akademik  Azad Mirzəcanzadə M. İbrahimovun əsərlərinin bədii məziyyətlərindən, dramaturq və nasir kimi  məhsuldar fəaliyyətindən peşəkar tənqidçi kimi danışdı. A.Mirzəcanzadə özünün şəxsi arxivində saxladığı, yazıçının müxtəlif teatr səhnələrində oynanılmış əsərlərinin tamaşası zamanı çəkilmiş nadir foto-şəkilləri iştirakçılara göstərərək müdrik qələm sahibini və görüş iştirakçılarını heyrətləndirdi. Qüdrətli söz ustadı da öz növbəsində Azad müəllimə minnətlarlıq edərək fəxrlə bildirdi ki, onun əsərlərinin  belə diqqətli, yüksək intellektə malik tamaşaçısı və oxucusu vardır. Qüdrətli söz adamı Mirzə İbrahimov Azad müəllimi ədəbiyyatımızın  ən yaxşı tənqidçilərindən biri kimi kəşf etdiyini qeyd etdi.

Şair Tofiq Bayram çıxış edərək Mirzə İbrahimovun Azərbaycan ədəbiyyatındakı böyük xidmətlərindən ürək dolusu danışdı. O, öz timsalında xalq yazıçısının ədəbiyyata yenicə qədəm qoyan gənc nəslə qayğı və diqqətini önə çəkərək onu  balalarını məğrur qanadları altına alan dağ qartalına bənzətdi. Böyük məhəbbətlə ustadına həsr etdiyi, oxucuların alqışlarlarla qarşıladığı gözəl bir şeirini özünəməxsus intonasiya və sevgi ilə oxudu.

Sonra söz canlı klassikə verildi. Mirzə müəllim tribunanın önünə gəldi. İlahi, insan necə də sadə olarmış... Uzun müddət keçməsinə baxmayaraq hələ də onun nurlu siması gözlərim önündə, mehriban, şirin səsi qulaqlarımdadır.

Onun uşaqlıq illəri olduqca çətin və ağır şəraidə keçmişdir. Valideynlərinin hər ikisini çox erkən itirmiş Mirzə İbrahimov hər çətinliyə dözmüş, heç zaman ruhdan düşməmiş, yorulmadan çalışmış, min bir əziyyətlə oxumuş, işləmiş, həyatın hər üzünü görmüşdü. Yollarına gah yaxşılar çıxmış, gah da bədniyyətlərlə rastlaşmışdır. Buna baxmayaraq, həmişə qəlbi xeyirxahlıqla döyünmüş, hər zaman insanlara gərəkli olmağa çalışmışdır. Böyük istedad sahibi və hədsiz dərəcədə zəhmətkeş olan bu insan müxtəlif dövlət vəzifələrində çalışmasına və işinin həmişə çox və gərgin olmasına baxmayaraq heç zaman qələmindən ayrılmamış, xalq üçün böyük ilhamla yazıb yaratmışdır. O, Azərbaycan dilinin dövlət dili kimi qorunub saxlanmasında, inkişaf etməsində misilsiz xidmətlər göstərmişdir.

M.İbrahimov üzünü gənclərə tutaraq bizi yaxşı oxumağa, doğma Azərbaycanımızın adını uca tutmağa, dilimizi sevməyə, xeyirxah əməl sahibləri olmağa, bədii ədəbiyyatı həmişə mütaliə etməyə, seçdiyimiz peşənin əsl mütəxəssisləri olmağa çağırdı.

İllər keçdi. Ali məktəbdə doğma müəllimlərimizdən aldığımız biliklər bizə həyat yollarında yardımçı oldu.

Mənə elə gəlir ki, əsərlərini həmişə sevə-sevə oxuduğumuz böyük şəxsiyyət, istedadlı yazıçı Mirzə İbrahimovla görüşdən əlimdə heç bir foto-şəkil, hansısa bir sənəd olmasa da həmin görüş həyatımın ən yaxşı, ən yaddaqalan dərslərindəndir.

 

“Ədəbiyyat və incəsənət”

(28.10.2024)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.