Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Bu dəfə " Bir şeirin hekayəti" rubrikasının qonağı şeirləri ilə könül oxşayan Şamil Ənvəroğludur.
Onun söylədiyi şeirin hekayəti çox təsirlidir. Bu şeir dünyada misli bərabəri olmayan varlıq - ana haqqındadır.
“Mənə oxuduğum kitabların ən gözəlinin hansı olduğunu soruşsanız deyəcəm: Anamdır” söyləyib Avraam Linkoln.
Şamil bəyin bu şeirində biz onun anasına olan sonsuz sevgisinin şahidi oluruq. Allah bütün analara can sağlığı versin, dünyasını dəyişən analara isə rəhmət etsin.
Gəlin Şamil bəyin dilindən " Bir şeirin hekayəti"- ni dinləyək.
Atamı itirəndən bir müddət sonra tale mənim analı halıma da göz qoydu.
Həyat indi də əl-ayağa düşüb məndən anamı almağa cəhd edir hər an üstümə gələrək.
Anamı deyirəm, həyatımın mənası, yaşamımın səbəbi bildiyim bir insandan danışıram sizə.
Gözləri çuxura düşən, tamam əriyib bir dəri, bir sümüyü qalan, amansız xəstəliyin aciz qurbanına çevrilən, ancaq yaşamaq istəyindən bir an da olsa, qəti vaz keçməyən təmiz ruhlu bir əsl xanımdan danışıram sizə.
Atamla eyni xəstəlik...
Evdəki eyni durum...
Gecələr eyni ağrılar...
Həyat bu qədərmi amansız ola bilərmiş?
Ölüm bu qədərmi insanla iç-içə gəzərmiş?
Və bu zibilə qalmış xəstəliyin heçmi müalicəsi yoxdur dünyada?
Anam artıq arıqlayıb bapbalaca bir yumağa dönüb. "Dağlar qızı" deyib əzizlədiyim, başını dizlərinə qoyub mürgülədiyim qadın indi əl boyda bir uşağa dönüb yatağında...
Qızım kimi sarılıb başını tumarlayıram, başını qatmaq üçün susmadan danışıram, danışıram, danışıram...
Astaca gözlərini mənə zilləyib dinləyir diqqətlə.
Bəlkə də, heç məni dinləmir, bəlkə öz ağrılarının iniltili səsini dinləyir için-için...
Bəlkə də, ən böyük arzusu bu dəhşətli ağrıları çox yaşamadan qəfil ölməkdir?
Yoxxx, anam yaşamaq istəyir!
Ürəyinin döyüntüsü yaşamağı seçir, çırpınır həyat üçün, övladları üçün!
Yastığını bir az dikəldib içimdə deyirəm:
"Canım anam, kaş bütün ağrılarını səndən alıb özüm çəkə biləydim.
Kaş ki, ömrümdəki bütün sağlam illərimi sənə verə biləydim.
Kaş ki, həyat bizim də üzümüzə gülə biləydi elə bu çətin günlərdə...
Güzgünün önündən darağı götürüb anamın saçlarını daramaq, darıxmasın deyə qonşu qızlardan danışmaq istəyirəm. Ona ən maraqlı mövzulardan biri elə bu olduğu üçün.
Həmişə öz ana mehriban qayğısı ilə deyərdi ki, qonşudakı qızlardan biri ilə evlənərsən, axı, gözümüzün önündə böyüyüb hamısı.
Ancaq daraq tapılmır və birdən yadıma düşür ki, axı, yaylığı anamın saçsız başına bağlamışam.
Saçı töküldüyü üçün artıq daraq bir lazımsız əşya kimi çoxdan unudulub hardasa.
Sonra anamın yatması üçün otaqdan çıxıram.
Yerimə təzəcə uzanan kimi gecənin ən vahiməli səsini duyuram - anamın ağrılı, iniltili səsini...
Qaçıram yanına, tez işığı yandırıb nə istədiyini soruşuram.
"Can bala, yat dincəl, yuxusuz qalma mənə görə" - deyib səsini və göz yaşını içinə axıdır ki, mən görməyim.
İnadından ağrısının səsini duymayım deyə dişlərini bir-birinə sıxaraq susur.
Yatsın deyə təkrar çıxıram otaqdan.
Və bir müddət səssizlik çökür evə.
Bu dəfə də səssizlik öldürür məni.
Birdən nəsə olar anama - deyib astaca yanına gəlirəm.
Və hər gün eyni durum təkrarlanır bizim evdə.
Allah anam başda olmaqla bütün xəstə yatanlara şəfa versin!
Amin!
Və aşağıdakı şeir də belə günlərin birində yazılıb.
Gözlərimin önündə əriyib gedir anam,
Daşa dönsün ürəyim, buna necə dayansın?
Əyilib dinləyirəm ürəyinin səsini,
Yalvarıram Tanrıya, nolar anam oyansın...
Qurumuş əllərində zaman donub elə bil,
Ha edirəm nəfəsim bu əlləri isitmir...
Yanağında ağrının buz bağlamış heykəli,
Göz yaşları ha axır, bu buzları əritmir...
Çarəsizlik... ən böyük ağrı buymuş, sən demə,
Heç nə edə bilməmək, donub yerində qalmaq...
Bəzən atası kimi saçlarını oxşamaq,
Körpə balası kimi qucağında uyutmaq...
Sonra isə gecənin ansızında oyanıb,
Nəfəs alıb verirmi? Nəbzin sayıb gözləmək...
Sonra yenə başlayan ağrıların səsinə,
İçin-için ağlayıb, ölə-ölə dinləmək...
Daş asılır gecələr vaxtın ayaqlarından,
Nə sabahlar açılır, nə ağrılar səngiyir,
Göz yaşıyla etdiyim dualarım cavabsız,
Sanki Tanrıya çatmır, bəlkə yolda ləngiyir?
Sonra quyu dibindən gələn bir səsə bənzər,
yorğun bir səs duyuram: "Can bala, yat, ağlama..."
Çəkilirəm otağın bir qaranlıq küncünə,
Anam görməsin deyə bürünürəm yorğana...
Ümidsiz durumuma şahidlik edir yataq,
Anamın hər səsinə içimdən min tel qopur.
Göz yaşımla islanan yastığım daşa dönüb,
Səhərəcən ömrümdən ümid əzir, bəxt çapır.
Gecənin bir yarısı... Sükutun vahiməsi,
Anamın səssizliyi... Ürəyim düşür yerə...
"Yoxsa..." qara fikirlə tez qaçıram yanına,
Bir əlim tez nəbzinə, bir əlim tez alnına...
Bir möcüzə baş verə, elə bir sabah gələ,
Bir baxam anam durub gəzir həyətimizdə.
Ağrıları dəfn edib, əzabları öldürüb,
Yerinə ümid əkib, cücərdək qəlbimizdə...
“Ədəbiyyat və incəsənət”
(25.10.2024)